“2021-ci ildə icbari tibbi sığorta çərçivəsində dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmət sayı 22 milyondan çox olub. Bu dövrdə Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində göstərilən cərrahi xidmət sayı isə 27 305-ə yüksəlib. Beləliklə, icbari tibbi sığortanın tətbiq olunduğu ərazilərdə əhalinin 42 %-i tibbi xidmətlərdən yararlanıb. Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlər vətəndaşların ən çox müraciət edilən, habelə əlillik və ölüm risqi olan xəstəliklər üzrə müayinə və müalicə olunmalarını təmin edib”. Bunu mayın 2-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2021-ci ilin yekunları və 2022-ci ilin ilk 3 ayı üzrə fəaliyyətlə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
Əldə olunan nəticələr haqqında məlumat verən Agentliyin İdarə Heyətinin sədri bildirib ki, 1 aprel 2021-ci il tarixindən etibarən icbari tibbi sığortanın bütün ölkədə tətbiqi nəticəsində səhiyyə sahəsindəki ən əhəmiyyətli islahatlardan biri həyata keçmiş olub.
“Bir çox cərrahi əməliyyatlar İTS-in müqavilə bağladığı şəraiti və imkanları çox olan özəl tibb müəssisələrində həyata keçirilib”
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hesabatını şərh edən Sağlamlığa Xidmət İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva “Bakı-Xəbər”ə bildirdi ki, icbari tibbi sığorta tətbiq ediləndən indiyə qədər vətəndaşlar ondan bəhrələnirlər: “İcbari Tibbi Sığorta (İTS) tətbiq olunduğu gündən bəri vətəndaşları maraqlandıran əsas suallardan biri özəl tibb müəssisələrində sığortanın üstünlüklərindən yararlanmaq idi. Düzdür, ilkin müayinə və müalicə tələb edən bir çox tibbi xidmətlər dövlət səhiyyə sisteminin tibb müəssisələrində təmin edilə bilsə də, bir çox cərrahi əməliyyatlar İTS-in müqavilə bağladığı, şəraiti və imkanları çox olan özəl tibb müəssisələrində həyata keçirilib. Xidmətlər zərfinə daha 700 adda yeni tibbi xidmətin daxil edilməsi üçün layihə hazırlanıb və bu da yenə də özəl tibb müəssisələri ilə əməkdaşlıq çərçivəsində bir çox həyati vacib cərrahi əməliyyatların ödənişsiz şəkildə, sığorta çərçivəsində həyata keçirilməsini nəzərdə tutur. Rayonlarda əhalinin əksəriyyəti tibb xidmət üçün dövlət xəstəxanalarına müraciət edir. Hazırda hər rayonda müasir tibb müəssisələri, ASM-lər yaradılıb. Hər cür tibbi avadanlıqlar quraşdırılıb. Bir neçə il bundan öncəyə qədər uşaq ölümlərinin sayına görə Azərbaycan region ölkələri arasında ilk sıralarda idi”.
P.Vəliyevanın sözlərinə görə, əsas səbəblərdən biri isə erkən doğumlar, lazımi tibbi təchizatın olmaması idi, indi isə bu problem həll edilib, xəstəxanalar küvəzlərlə təchiz edilib.
İradə SARIYEVA