Azərbaycanda tibb işçilərinə güzəştli ipoteka krediti veriləcək. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev qurumun ötən il üzrə fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən deyib.
Onun sözlərinə görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ verilən şəxslərin siyahısına dövlət tibb müəssisələrində çalışan tibb işçilərinin əlavə edilməsi ilə bağlı təklif hazırlayıb: “Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na təklif olunan dəyişikliklər tibb işçilərinin mənzilə olan tələbatının ödənilməsi və onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi daşıyır”.
Z.Əliyev bildirib ki, təklifdə güzəştli ipoteka kreditindən istifadə etmək hüququ əldə etmək üçün gənc ailənin üzvü olaraq ən az 3 il dövlət tibb müəssisələrində tibbi fəaliyyətlə məşğul olmaq tələbi var. Eyni zamanda gənc ailənin üzvü olmayan tibb işçilərinin güzəştli ipoteka kreditindən yararlanması üçün ən az 15 il dövlət tibb müəssislərində tibbi fəaliyyətlə məşğul olmaq tələbi irəli sürülüb: “Təklif artıq aidiyyəti dövlət orqanlarına və qurumlarına təqdim olunub. Sənəd qəbul olunduğu təqdirdə dövlət orqanlarının (qurumlarının) nəzdindəki tibb müəssisələrində çalışan həkimlər, orta və kiçik tibb işçiləri (tibb müəssisəsinin rəhbəri istisna olmaqla) güzəştli ipoteka kreditindən yararlanmaq imkanı əldə edəcəklər”.
Tibb işçilərinə güzəştli ipoteka kreditlərinin verilməsi ilə bağlı təklifə ekspertlərin münasibəti necədir?
İqtisadçı Günay Hüseynova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkəmizdə tibb işçiləri əhalinin əhəmiyyətli hissəsini təşkil edirlər: “Bilirsiniz ki, planlı iqtisadiyyatdan, bazar münasibətlərinə keçəndən sonra ölkəmizdə növbəyə dayanıb, dövlətdən mənzil əldə etmək də çətinləşdi. Biz tibb işçilərinin pandemiya və 44 günlük müharibə zamanı hansı fədakarlıqlar göstərdiklərinin şahidi olduq. Buna görə də, tibb işçiləri diqqət və qayğını həm də mənəvi cəhətdən haqq edirlər. Ailə, mənzil problemi olan tibb işçisi bizim də sağlamlığımızın keşiyində lazımi səviyyədə dura bilməyəcək. Pandemiyanın davam etdiyi dönəmdə səhiyyə işçilərinin sosial təminatının daha da yaxşılaşdırılması üçün həkim və bütövlükdə tibb işçilərinə güzəştli ipoteka kreditlərinə müraciət hüququnun verilməsinin məqsədəuyğunluğu dəfələrlə vurğulanıb. Ancaq indiki şərtlər buna imkan vermir. Mövcud qaydalara əsasən, ən azı üç il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxslər belə hüquqdan faydalana bilsələr də, həkimlər üçün bu imkan nəzərdə tutulmayıb. Əksər post-sovet ölkələrində də həkimlərin sosial proqramlarda iştirak hüququnun yaradıldığını nəzərə alsaq, Azərbaycanda da oxşar imkanın təklif olunması məqsədəuyğundur. Digər tərəfdən, Azərbaycanda icbari tibbi sığortanın tətbiqini də nəzərə alsaq, həkimlərin və bütövlükdə tibb işçilərinin əməkhaqlarında artımların olacağı gözlənilir. Bu isə onlara güzəştli ipoteka kreditlərinə müraciət hüququ verilərsə, aşağı faizli və uzun müddətli kreditlə mənzil problemlərini həll etmək imkanı yaradacaq. İrəli sürülən təkliflərin qəbul edilməsi tibb işçilərinin mənzil problemini əhəmiyyətli dərəcədə həll etmiş olacaq. Çox məqsədəuyğun və yerində verilmiş təklifdir”.
Məhəmmədəli QƏRİBLİ