Birinci Qarabağ və Vətən müharibəsi qəhrəmanlarının tanıdılması məqsədilə həyata keçirilən ”Vətənin ölməz oğulları” layihəsi cənub bölgəsi Masallıda davam edir. Layihə çərçivəsində növbəti tədbir rayon Tarix -Diyarşünaslıq Muzeyi, Masallı Dövlət Rəsm Qalereyası və “Ümidim Sənsən” Sosial İnkişafa Yardım İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutdu. Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmaqla başlanan tədbirin iştirakçıları adıçəkilən müəssisələrin əməkdaşları, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyin Masallı rayon filialının(Q MƏVŞAİB) sədri Nahid Rəhimov, şəhid ailələri, qazilər , şəhər 2 saylı tam orta məktəbin müəllim və şagirdləri idilər.
Tədbirin giriş sözündə Birinci Qarabağ və 44 günlük Vətən müharibəsinin əsgər və zabitlərinin fədakarlığından, Azərbaycan xalqının mübarizə əzmindən danışan Muzeyin direktoru, Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva əldə olunan uğurları Prezident- Xalq birliyinin təzahürü kimi göstərdi, aprel ayında mövludu olan şəhidlərimiz haqqında ətrafı danışdı, onların valideynlərinə belə mərd oğullar böyütdüyünə görə təşəkkürünü bildirdi. QMƏVŞAİB Masallı rayon filialının sədri Nahid Rəhimov isə çıxışında həm veteran, həm də şəhid qardaşı olaraq bu gün qəlbən rahatlıq tapdığını, qazandığımız qələbənin əbədi olacağına inandığını xüsusilə vurğuladı. Çıxış üçün söz alan “Ümidim sənsən” İctimai Birliyinin nümayəndəsi Fidan Abbaslı dedi ki, şəhidlərimiz gənc nəsildən ötrü təkcə qəhrəmanlıq nümunəsi deyil, həm də Vətənə sədaqət simvoldur. Qalereyanın direktor əvəzi Təhmasib Məcidov torpaq uğrunda canını fəda edən Vətən övladı ölmür, şərəfli ölümü ona əbədilik qazandırır dedi və hər kəs üçün şəhidlərin əziz xatirəsini qoruyub saxlamağı, yaşatmağı vətəndaşlıq borc hesab etdi.
Tədbirin sonunda qonaqlar muzeydə şəhidlərin xatirəsinə həsr olunmuş guşəyə baxdılar və şəhid ailələrinə “Təşəkkürnamə”lər təqdim olundu.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü