Neftçalanın Mürsəlqulu kənd sakinləri əkinçiliklə məşğul ola bilməmələri ilə bağlı narazılıq edir. Sakinlər qeyd edir ki, keçmiş bələdiyyə sədri Əlibala Səlimov əkinə yararlı torpaqları uzun müddətlik icarəyə verir. Torpaqlar icarəyə verildiyi üçün kəndlilər əkinçiliklə məşğul ola bilmirlər.
Kəndlilərin sözlərinə görə, 2020-ci ilə qədər bələdiyyə sədri olmuş Əlibala Səlimov fəaliyyəti zamanı 400 hektar bələdiyyə torpağını da öz xeyrinə uzunmüddətli icarəyə verib: “Bu adam 18 il bələdiyyə sədri işləyib. Təkcə əkin üçün yararlı 150 hektar torpaq salyanlı fermerə icarəyə verilib və bundan bir manat da yerli büdcəyə köçürməyib. Əlibala Səlimov bələdiyyə sədri olduğu illərdə bütün torpaqları öz xeyrinə istifadə edib. Əməlləri ictimailəşəndən sonra məcbur qalıb iki dəfə örüş yerlərini geri qaytardı”.
Elnur Səfərov: “Məndən öncəki bələdiyyə sədri bələdiyyəyə məxsus 350 ha torpağın çox hissəsi yerli kəndlilərə, qalan hissəsi isə…”
Kəndin hazırkı bələdiyyə sədri Elnur Səfərov sakinlərin iradını təsdiqlədi: “Bələdiyyə sədri məndən öncə bələdiyyəyə məxsus 350 ha torpağın çox hissəsini yerli kəndlilərə, qalan hissəsini qonşu kəndlərin fermerlərinə icarəyə verib. İki ildir bu kəndin bələdiyyə sədriyəm. Torpaqlar mən sədr seçilməzdən çox əvvəl satılıb. Bunlardan bütün təşkilatların xəbəri var”.
Hüseyn Axundov: “Ümumi istifadədə olan torpaqlar bütövlükdə icarəyə verilməməlidir”
Hüquqşunas Hüseyn Axundov bildirdi ki, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanuna görə, ümumi istifadədə olan torpaqlar bütövlükdə icarəyə verilməməlidir. Torpaqlar xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilərkən qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməlidir: “Adambaşına düşən orta torpaq norması və torpaq ehtiyatları azlıq təşkil etdiyi hallarda bələdiyyə torpaq sahəsinin ilk növbədə öz ərazisində yaşayan vətəndaşa və sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxsə xüsusi mülkiyyətə verilməsi barədə qərar qəbul edə bilər. Həmçinin, bələdiyyə mülkiyyətində olan torpaqların istifadəsi ilə bağlı verilmiş qərarları birbaşa qəbul etmək səlahiyyətinə malik deyil”.
Günel CƏLİLOVA