“Övladların təlim-tərbiyəsi vəzifəsini yerinə yetirməyən 75 valideyn cərimələnib. Keçən il uşaq əməyinin istismarının qarşısının alınması üzrə reydlər davam etdirilərək ailə mühitindən, pedaqoji və ictimai təhsil vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 450 uşaq aşkarlanıb”. Bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında əksini tapıb.
Sənəddə qeyd edilib ki, nəticədə övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 75 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.
“Valideynlərin uşaqların tərbiyəsinə laqeyd yanaşmaları sonralar həmin uşağın cəmiyyət üçün təhlükəli olması ilə nəticələnir”
Övladların təlim-tərbiyəsi vəzifəsini yerinə yetirməyən valideynlərin cərimələnməsi ilə bağlı fikir bildirən “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin sədri Fatimə Hacıbəyli qeyd etdi ki, bu gün uşaq problemlərinin həlli bizim üçün prioritet olmalıdır: “Bu gün hara getsək, küçələrdə dilənən, nəzarətsiz qalan uşaqları görürük. Azərbaycanda yetkinlik yaşına çatmayan uşaqların təlim-tərbiyə vəzifələrini lazımınca yerinə yetirməyən valideynlərə və onları əvəz edən şəxslərə qarşı cəzaların daha da sərtləşdirilməsinə bu gün çox ehtiyac var. Övladlarını nəzarətsiz buraxan və onların əməyindən sui-istifadə edən, uşaqları təhsildən yayındıran valideynlər cinayət məsuliyyəti daşımalıdır. Bu çox lazımlıdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bəzi valideynlər uşaqlarını dilənçiliyə və başqa işlərə sövq edərək, onların əməyini istismar edir, hüquqlarını pozurlar. Hətta bəzi hallarda valideynlər uşaqların məsuliyyət daşımadığından istifadə edib, onları cinayətə sövq edirlər: “Bəzən görürük ki, kiçikyaşlı uşaqlar kiminsə avtomobilini zədələyir, yaxud da digər xoşagəlməz addımlar atır. Amma bu cür "uşaqyana” hərəkətlərə görə valideyn məsuliyyət daşıyıb cərimə olunarsa, uşaqların tərbiyə və təhsilində valideynlərin rolu artar. Çox təəssüf ki, son zamanlar valideynlərin uşaqların tərbiyəsinə laqeyd yanaşmaları sonralar həmin uşağın cəmiyyət üçün təhlükəli olması ilə nəticələnir. Hər bir valideyn dərk etməlidir ki, onların vəzifəsi cəmiyyətə ləyaqətli, tərbiyəli övlad yetişdirməkdir. Hamının övladını akademik, millət vəkili tərbiyə edə bilməz. Ailə kiçik dövlətdir. Hər kəs də öz “dövlət”inin təhlükəsizliyini təmin etməyi bacarmalıdır. Bu onların borcudur”.
Günel CƏLİLOVA