Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Dövlətimizin inkişafı və tərəqqisi naminə təhsildən yayınmayaq!” adlı layihə çərçivəsində Gəncə Uşaq Evində valideyn himayəsindən məhrum olan məktəbli uşaqların psixoloji vəziyyətlərini, təhsil səviyyələrini müəyyən etmək məqsədilə yekun görüş keçirildi. Layihə rəhbəri Lamiyə İsazadə ilk öncə layihənin donoru haqqında məlumat verdi. Bu layihənin icra olunmasının məqsədlərini uşaqlara açıqladı. Təhsilin insan həyatı üçün nə qədər vacib olduğunu bir daha qeyd etdi. Yekun görüşdə indiyə qədər keçirilən görüşlərin, layihənin uşaqlara nə qədər faydalı olduğu haqqında uşaqların öz fikirlərini ifadə etmələri üçün şərait yaradıldı. Uşaqlar bu layihədən çox şey öyrəndiklərini dedilər. Onlara bu layihədə həm bilmədikləri öyrədildi, həm də psixoloji dəstək olundu. Gəncə Uşaq Evindəki uşaqlar bu layihənin bitməsini istəmirdilər. Hətta yekun görüşdə onların gözlərində bir kədər vardı. Uşaq evindəki bəzi uşaqlar layihənin donoruna da təşəkkür etdilər ki, bu cür layihəni dəstəkləyiblər. Layihə çərçivəsində keçirilən sonuncu səkkizinci görüşdə layihə rəhbəri ilə birlikdə hər zamankı kimi psixoloq və təhsil eksperti də iştirak edirdi. Lakin əvvəlki görüşlərdən fərqli olaraq sonuncu görüşdə psixoloq və eksperti də daha çox uşaqların danışması üçün, fikirlərini bildirmələri üçün onlara şərait yaratdılar. Uşaqlar bu görüşdə ürək sözlərini dedilər, layihə rəhbərinə, psixoloqa, ekspertə həsr etdikləri şeirlərini səsləndirdilər. Bütün bunlar hamısı layihə çərçivəsində keçirilən görüşlərin uğurlu olmasının nəticəsi idi. Görüşün sonunda layihə rəhbəri Lamiyə İsazadə müəllifi olduğu kitabları uşaqlara hədiyyə etdi.