İstehsal və məişət tullantılarının, yəni zibillərin yığılması, daşınması və məhv edilməsi böyük bir problemə çevrilib. İdarə olunmayan – məhvi mümkün olmayan tullantılar yeraltı və yürüstü suların çirklənməsinə, ətraf mühitin zəhərlənməsinə, ev həşəratlarının, siçovul, siçan, tarakanların artmasına səbəb olur. Bu da, öz növbəsində, yoluxucu xəstəliklərin yayılması və çoxalması deməkdir.
Bu gün bir sıra ərazilərdə, o cümlədən bölgələrdə də zibillərin daşınması sahəsində problem var. Məsələn, Abşeron rayonu, Xırdalan şəhəri, Rafiq Dünyamalıyev küçəsində qeyd edilən problem yaşanır. Bildirək ki, Rafiq Dünyamalıyev Birinci Qarabağ müharibəsi şəhididir. Yəni küçə şəhid adı daşıyır. Birinci Qarbağ müharibəsi şəhidi Rafiq Dünyamalıyevin adına olan küçədə zibil qutuları olmadığına görə hərkəs əlinə keçəni elə yolun kənarına atır.
Küçə sakinləri bildirir ki, tullantıların sonuncu dəfə nə zaman yığıldığını heç xatırlamırlar. Ərazini üfunət bürüyüb. Pis qoxuya yığışan küçə itləri sakinlər üçün təhlükəyə çevrilib.
Abşeron RİH: “Məişət tullantıları mütəmadi olaraq daşınır”
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirildi ki, problem texnikaların sayının az olması səbəbindən qaynaqlanır: “Məişət tullantıları mütəmadi olaraq daşınır”.
Aytəkin Kamranqızı: “Məişət tullantılarının daşınmasına nəzarət edən şöbələr də vəziyyətdən sui-istifadə edirlər”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, məişət tullantılarının qalaqlanması, vaxtında daşınmaması halları ilə tez-tez qarşılaşırıq: “Ümumiyyətlə, istər mərkəz ərazilərdə, istər bölgələrdə, istərsə də kənar qəsəbələrdə bu, həll edilməyən problem olaraq qalır. Məişət tullantılarının daşınmasına nəzarət edən şöbələr də vəziyyətdən sui-istifadə edirlər. Nəticədə əziyyət çəkən yenə əhali olur. Bəzi ərazilərdə məişət tullantılarının yandırılmasının şahidi oluruq. Zibillərin çox olduğu və çox yandırıldığı ərazilərdə insanlar ruhi və nevroloji xəstəliklər, davranış pozuntularından əziyyət çəkir”.
Günel CƏLİLOVA