Sumqayıt çayında ekoloji fəlakət yaşanır. Mətbuatda yayılmış məlumata əsasən, adıçəkilən çay bir neçə gündür ki, toyuq cəsədləri ilə çirkləndirilir. Vaxtlı-vaxtında təmizlənməyən ərazidə çirkabla yanaşı, atılan leşlərdən gələn pis qoxu ətrafı bürüyüb. Xəzər dənizinə tökülən Sumqayıt çayına atılan ölü toyuqlar ətrafda sahibsiz itlərin də artmasına səbəb olub.
Sakinlər qeyd edir ki, quş fermaları ölmüş toyuqları sarı rəngdə olan kisələrin içərisinə qoyub çaya atırlar. Üfünət iyindən yaxınlıqdan keçmək mümkün deyil: “Bu ərazidə elə bir qoxu var ki, demək mümkün deyil. Artıq havalar isinir, vəziyyət daha da pisləşəcək”.
“Çayboyu kəndlərdən çaya məişət tullantıları, ölmüş toyuq atılır və həmin tullantılar da su ilə axıb Xəzər dənizinə tökülür”
Ekoloq Flora Hacıyeva qeyd etdi ki, çaya ölmüş quş ətinin atılması həmin ərazidə ekoloji durumun ağır vəziyyətdə olmasında xəbər verir: “Çayboyu kəndlərdən çaya məişət tullantıları, ölmüş toyuq atılır və həmin tullantılar da su ilə axıb Xəzər dənizinə tökülür. Bu halın qarşısı alınmalıdır. Hesab edirəm ki, bu halın qarşısının alınması üçün əhali ilə maarifləndirmə işləri aparılmalıdır. Yoxsa bunun qarşısını inzibati yolla, başqa üsullarla, qadağa ilə almaq mümkün deyil, bu yalnız maarifçilik işi ilə mümkündür. Belə məsələdə vətəndaşlarımız diqqətli və həssas olmalı, bilməlidirlər ki, məişət tullantılarını çaya atmaq, xüsusilə də ölmüş heyvanın çaya atılması ekoloji çirklənmə yaradır. Nəzərə almaq lazımdır ki, çayın keçdiyi ərazidə insanlar yaşayışını təmin edir. Hazırda ekoloji vəziyyətə mənfi təsir göstərən bu kimi halların qarşısının alınması üçün maarifləndirmə işləri aparmaq və mühafizəni gücləndirmək lazımdır. Ən azından, orada xüsusi lövhələr quraşdırılmalıdır”.
Ekspert onu da əlavə etdi ki, qiymətli sərvət olan su mənbələrimizin qorunub mühafizə edilməsi təmin edilməlidir.
Günel CƏLİLOVA