Azərbaycanda əhalinin sıx məskunlaşdığı ərazilərdə qazlaşdırma mütəmadi şəkildə aparılsa da, hələ də bir sıra kəndlər mavi yanacaqla təmin edilməmiş qalır. Bəzi bölgələrdə qaz çəkilsə də, texniki qaydalar tam şəkildə icra edilməyib.
Texniki qaydalara tam şəkildə riayət edilməməsi isə təhlükəsizlik baxımından uyğun deyil. Belə bir problem Goranboyun Qazançı kəndində yaşanır. Ötən ilin sonunda qaz verilməsi üçün borular çəkilsə də, nə evlərə sayğac qoyulub, nə də mənzilə borular quraşdırılıb. Sakinlər bildirir ki, həmin işlərin görülməsi üçün onlardan əlavə pul istənilib. Qeyd edək ki, küçədən qaz xətləri keçir, lakin evlərə borular çəkilmədiyindən vətəndaşlar qazdan istifadə edə bilmir. Sakinlər iddia edirlər ki, həmin işlərin görülməsi üçün onlardan əlavə pul istənilib. Kəndlilər isə bununla razılaşmayıb. Nəticədə qış fəslində insanlar evlərini isitmək üçün həyətlərindəki meyvə ağaclarını doğrayıb yandırmalı olublar.
Qeyd edək ki,Goranboy rayonunun Qazançı kəndinin 400-dən artıq sakini var.
“AzəriQaz” İstehsalat Birliyi: “SOCAR regionların qazlaşmasında küçə xətlərini çəkir, bu prosses başa çatandan sonra…”
Məsələ ilə bağlı “AzəriQaz” İstehsalat Birliyindən bildirildi ki, SOCAR regionların qazlaşmasında küçə xətlərini çəkir. Bu proses başa çatandan sonra vətəndaşlar ya regional idarəyə, ya da ASAN kommunala müraciət etməlidir.
Aytəkin Kamranqızı: “Ucqar kəndlərin qazla təmin edilməməsi kənd turizminin inkişafına mane olur”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, ucqar kəndlərin mavi yanacaqla təmin edilməsi zamanla tam şəkildə həll olunacaq. Ancaq bu prosesin gecikməsi kənd turizminin inkişafına mane olur: “Kənd turizmində infrastrukturu qurmaq üçün istiliyin olması vacibdir. Təsəvvür edin ki, kəndə turist gəlir, amma evlərdə istilik sisteminin olmadığını görür. O turist həmin kənddə qalarmı? Azərbayanın hər bir kəndinin gözəl təbiəti var, amma qaz olmadığı üçün infrastrukturu müasirləşə bilmir. Bu da kəndin iqtisadi inkişafına ciddi ziyan vurur”.
Günel CƏLİLOVA