Sumqayıt şəhəri, 9-cu mikrorayonda “Şərq bazarı” kimi tanınan ərazidə obyektləri sökülən 66 sahibkar onlara göstərilən laqeyd münasibətdən şikayətçidirlər. 2017-ci ilin may ayında “Şərq bazarı”nda 66 sahibkara məxsus ticarət obyektləri sökülüb.
Həmin ilin sentyabr ayında elə orada tikiləcək ticarət mərkəzində onların hər birinə yer veriləcəyi vəd edilib. Lakin ötən müddətdə ərazidə, belə demək mümkünsə, daş üstə daş qoyulmayıb. Sahibkarlar dükanların sökülməsindən 2 il keçdiyini, amma hələ də onların xeyrinə bir irəliləyiş olmadığını söyləyirlər. Sahibkarlar şəhər rəhbərliyinə müraciət edib. Hər dəfə onlara problemin tezliklə həll ediləcəyi deyilsə də, heç bir nəticəsi olmayıb.
Qeyd edək ki, söküntüdən sonra onlara 19 may 2017-ci il tarixli 554 saylı sərəncama əsasən, yeni obyektin tikilib veriləcəyinə dair zəmanət məktubu verilib.
Sahibkarlar qeyd edir ki, mağazalar 5 ildir sökülüb və söküntüdən sonra onların taleyi ilə maraqlanan olmayıb: "Dəfələrlə müəyyən qurumlara müraciət etmişik. Ancaq boş vədlər alırıq. Buna bir son qoyulmalıdır. İşsiz, çörəksiz qalmışıq, biz, tamamilə, müflisləşmişik. Problemin həll olunması üçün dəfələrlə aidiyyatı qurumlara şikayət məktubu yazmışıq, teleqram göndərmişik. Şikayətimizə baxan, bizi dinləyən yoxdur”.
“Lakin tikinti işlərinin aparılması üçün sahibkarlar və bazar rəhbərliyi öz aralarında razılığa gəlməlidir”
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirildi ki, qeyd olunan ərazidəki "Şərq bazarı"nın sahibi ilə 66 sahibkar arasında torpaqla bağlı mübahisəli məsələ var.: “Ərazidə tikinti işlərinin aparılması üçün sahibkarlar arasında ümumi razılıq olmalıdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti layihə əsasında tikinti işlərinin aparılmasına razılıq verib, heç bir etirazı yoxdur. Lakin tikinti işlərinin aparılması üçün sahibkarlar və bazar rəhbərliyi öz aralarında razılığa gəlməlidir”.
Günel CƏLİLOVA