Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Dövlətimizin inkişafı və tərəqqisi naminə təhsildən yayınmayaq!” adlı layihə çərçivəsində Gəncə Uşaq Evində valideyn himayəsindən məhrum olan məktəbli uşaqların psixoloji vəziyyətlərini, təhsil səviyyələrini müəyyən etmək məqsədilə yeddinci görüş keçirildi. Layihə çərçivəsində keçirilən hər görüşdə olduğu kimi ilk çıxışı layihə rəhbəri Lamiyə İsazadə etdi. Uşaqlara layihənin donoru haqqında və layihənin məqsədi haqqında ətraflı məlumat verdi. Sonra bu layihənin, indiyə qədər keçirilən görüşlərin uşaqlara nə qədər faydalı olduğu haqqında uşaqların fikrini öyrənməyə çalışdı. Uşaqlar layihənin davamlı olmasını, bu görüşlərin heç bitməməsini istəyirlər. Lakin layihə 3 aylıq dövrü əhatə etdiyi üçün uşaqlarla geriyə sadəcə 1 görüş qalır. Uşaqlarla keçirilən yeddinci görüşdə hər zamankı kimi psixoloq və təhsil eksperti də iştirak edirlər. Budəfəki görüşdə psixoloq uşaqlarla ailə dəyərləri haqqında söhbət apardı. Bu mövzunu uşaqlar özləri seçmişdilər. Çünki ailə qayğısı, valideyn sevgisi həmin valideyn himayəsindən məhrum olan uşaqlar üçün çox maraqlı mövzudur. Həqiqi ailənin nə olduğunu uşaqlar bilmək istəyirlər. Psixoloq isə bu mövzuda onların bütün suallarını cavablandırdı. Sonra təhsil eksperti uşaqlarla dünyanın 7 möcüzəsi, yad planetlilər haqqında söhbət apardı. Uşaqlarla görüşdə istər təhsil mövzusu, istərsə də digər mövzular uşaqların istəyinə görə seçilir. Onlara hansı mövzu maraqlıdırsa təhsil eksperti və psixoloq məhz həmin mövzu ətrafında söhbətlər aparır, uşaqlarla sorğu-sual edirlər.