Son zamanlar dövlət tərəfindən, şəkər xəstələri də daxil olmaqla, müxtəlif xəstəlikdən əziyyət çəkənlərə pulsuz dərman verilir. Bir sıra xəstəliklər var ki, onların müalicəsində istifadə olunan dərmanlar dövlət təminatındadır. Amma çox təəssüf ki, bəzən xəstələr arasında şəkər dərmanlarını vaxtlı-vaxtında ala bilməyənlərə də təsadüf edilir.
Onlar deyirlər ki, aradabir şəkər dərmanları çatışmazlığı ilə qarşılaşırlar. Bir çox mütəxəssislərin iddialarına görə, dövlət tərəfindən şəkər dərmanları və şəhər xəstələrinin istifadə etdiyi cihazları xəstələrə vermək əvəzinə apteklərdə satışa çıxaran tibb müəssisəsi rəhbərləri də var.
“Səhiyyə Nazirliyi var, TƏBİB var, bu işə onlar baxmalıdır...”
Həkim-radioloq Aydın Əliyev şəkərli xəstələrin dərman çatışmazlığı ilə bağlı danışarkən deyib ki, dövlət tərəfindən pulsuz verilməli olan dərman və tibbi vasitələr apteklərdə satışa çıxarılır. Həkimin sözlərinə görə, şəkərli diabet xəstələrinin dərman problemi son vaxtlar daha da artıb: “Diabetli xəstələr qeydiyata alınırlar ki, dövlət tərəfindən dərmanla təmin edilsinlər. Təəssüflər olsun ki, bəzi dövlət tibb müəssisələrində bu dərman preparatları, qanda şəkəri ölçən cihazlar (qlükometr) və yaxud test striplər bəzi xəstəxanaların baş həkimi, baş tibb bacısı və o işə baxan şəxslər tərəfindən apteklərdə satışa çıxarılır. Halbuki, o preparatlar dövlət tərəfindən verilib ki, şəkərli diabet xəstələrinə pulsuz verilsin. Həmin şəxslərin də birbaşa bu dərmanların çatışmazlığında rolu var”.
“Siz də, başqa mütəxəssislər də zaman-zaman bu məsələni gündəmə gətirmisiniz. Amma nədənsə, nə bu neqativliyə qarşı bir tədbir görülür, nə də araşdırılaraq təkzib edilir. Mütəxəssislər deyir, ciddi siqnallar ötürürlər, lakin buna baxmayaraq yenə də dərman çatışmazlığı yaranır, yenə də o dərmanların apteklərdə satıldığı deyilir. Bu halda əlaqədar qurumlar niyə bu deyilənləri araşdırıb tədbir görmür” sualına A.Əliyev belə cavab verdi: “Biz həkimlər insanların sağlamlığı ilə əlaqədar profilaktik görülən tədbirlərə münasibət bildiririk. Sonra xəstəliklər zamanı onların diaqnoz məsələsinə fikrimizi bildiririk, müalicəsi ilə maraqlanırıq ki, müalicə necə getməlidir, dərman təminatı necə olmalıdır. Amma səsləndirilən məsələlərlə bağlı əlaqədar qurumlar münasibət bildirmirsə, bu, həkimlərə aid olmayan məsələdir. Bu məsələyə baxmaq artıq müvafiq idarələrin, aidiyyatı strukturların işidir. O qurumlar niyə baxmırlar, niyə reaksiya vermirlər? Belə bir fikir söyləmək olar, belə çıxır ki, bunlar onlar qanunlarımızı saymırlar. Bu işlə aidiyyatı qurumlar məşğul olmalıdırlar. Səhiyyə Nazirliyi var, TƏBİB var, bu işə onlar baxmalıdır. Bu qurumlar da baxmırlarsa, onda hər bir vətəndaşın ixtiyarı var ki, məhkəmələrə, müəyyən strukturlara, mətbuata müraciət etsinlər. Biz həkimlər yaranmış situasiyada öz fikirlərimizi bildiririksə həmin problemlərin içində yaşayan insanların özləri də fikirlərini bildirilməlidir. Bu məsələlərlə bağlı niyə tədbir görülmür? Yəqin cəzasızlıqdan çəkinmirlər...”.
Leyla QARAXANLI