Mərkəzi Bank tərəfindən “Sədərək” Ticarət Mərkəzinə cərimə protokolu tərtib olunub. Buna səbəb “Sədərək” rəhbərliyinin qanunsuz fəaliyyəti olub. Ticarət Mərkəzinin rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir. Şirkətə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb.
Müddəanın tələblərinə əsasən, şirkət rəhbərliyi avans yolu ilə ölkə xaricinə çıxardığı valyuta qarşılığında hər hansı xidmət almayıb və həmin valyutanı ölkəyə geri qaytarmayıb.
Protokola Qaradağ Rayon Məhkəməsində baxılacaq. İddia təsdiqini taparsa, şirkəti ölkədən çıxardığı valyutanın 30 faizi məbləğinda cərimə cəzası gözləyir. Qeyd edək ki, "Sədərək" Ticarət Mərkəzi Qafqazın ən böyük bazarı hesab olunur və böyük dövriyyəyə malikdir. Firmanın rəhbəri tanınmış iş adamı Yunis Qədimbəylidir. Son vaxtlar bu ticarət mərkəzi ilə bağlı mediada çoxsaylı şikayətlər dərc edilir. Xüsusilə də bazara girən avtomobillərin hər birindən 50 qəpik pulun alınması və bununla bağlı hər-hansı çekin verilməməsi əsaslı şübhələrə yol açıb.
Məhkəmə predmeti olan məsələ ilə bağlı ekspertlər nə düşünür?
Beynəlxalq idarəetmə üzrə ekspert, iqtisadçı Asif Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, baş verən hadisə, daha doğrusu aşkarlanan nöqsan iqtisadi predmetə aid qanun pozuntusu olduğu üçün bunu iqtisadi profilli məhkəmələr araşdırır: “Dediyiniz məsələdə Mərkəzi Bank tərəfindən təsdiqlənmiş, fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Resbuplikasına gətirilməsi və çıxarılması üzrə qaydaların pozulmasından bəhs edilir. Bu əməl eyni zamanda “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının qanunun pozulmasına gətirib çıxarır. Yəqin ki, məhkəmə predmetinə səbəb olan bu məsələyə aidiyyəti məhkəmədə baxılacaq və müvafiq qərar veriləcək. Bu əməldə hər hansı normativlərin və qanunvericilik hallarının pozuntusu aşkar edilərsə, ticarət mərkəzinə ciddi sanksiyalar və ya məhdudlaşdırmalar tətbiq oluna bilər. Eyni zamanda, məhkəmənin qərarı ilə hər hansı icra prosesləri həyata keçirilə bilər. Bu sahədə olan qanunvericikiyin tələbinə görə, ölkədən çıxarılan valyuta ehtiyatlarının məhkəmə yolu ilə geriyə qaytarılması, eyni zamanda cərimələr tətbiq edilə bilir. Praktikada belə hallara çox rast gəlinir”.
Məhəmmədəli QƏRİBLİ