44 günlük İkinci Qarabağ müharibəsində Vətən və millət yolunda canından keçən qəhrəman oğullardan biri də Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı şəhid Əliqismət Mükafat oğlu Yaqubludur. Lerik rayonunun Kələxan kəndində dünyaya göz açan bu Vətən sevdalısı şərəfli ömrünün 30 ilinə qədəm qoyur. İndi cismən aramızda olmasa da, Vətən səmasının əbədi parlaq günəşinə çevrilib milyonların ürəyində yaşayır. Dağlar diyarında isə böyük də, kiçik də həmişə, hər yerdə onun adını iftixarla, qürurla çəkir, uyuduğu torpağı özlərinə müqəddəs and yeri bilirlər. Dağlar diyarında onun xatirəsini yaşadan yadigarlar çoxdur.
Lerikin igid oğlu Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Şuşa istiqamətində gedən şiddətli döyüşlərdə erməni dığalarına qan qusdurub qəhrəmanlıq salnaməsini yazaraq xalqımıza şanlı qələbə sevinci yaşadan oğullardan olur. Təəssüf ki, 05 noyabr 2020-ci ildə Daşaltı kəndində gedən ağır müharibədə düşmən gülləsinə tuş gəlir. Vətən sevdalısı ölümündən sonra Şuşanın, Xocavəndin və Kəlbəcərin azadlığına görə, "Vətən uğrunda" medallarına və "Azərbaycan Bayrağı" ordeninə layiq görülür.
Lerik camaatı tərəfindən şəhid Əliqismət Yaqubluya böyük ehtiram əlaməti olaraq doğum günü xatirəsi anıldı. Belə ki, Rayon İcra Hakimiyyətinin başçısının müavini Arzu Vəlimmədova, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov, Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin əməkdaşları həmçinin idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri şəhidimizin məzarını ziyarət etdilər, önünə gül-çiçək dəstələri düzdülər.
Çıxış edənlər Əliqismətin Vətənə, xalqına olan məhəbbətdən qürurla söz açdılar. O da bildirildi ki, dağlar diyarının qartal balası bütöv bir millətin ürəyinə elə bir qəhrəmanlıq toxumu səpib ki, o, gələcək nəsillər üçün də örnək olacaqdır.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü