Qlobal iqlim dəyişikliyinin təsiri ilə Azərbaycanda içməli su qıtlığı yaşanmaqdadır. Ölkədə həm suvarma, həm də içməli su ilə təminat baxımından problemlər yaranıb. Xüsusilə son illərdə müşahidə olunan quraqlıq məhdud olan su ehtiyatlarının daha da azalmasına səbəb olub. Ölkə rəhbərliyi səviyyəsində bu məsələlərə ciddi diqqət yetirilir.
Buna baxmayaraq, bəzi bölgələrdə hələ də suvarma problem yaşanır. Belə ki, Şəmkirin Yeni yol və Konüllü kəndlərinin sakinləri iddia edir ki artezian quyusu qazmaq üçün kəndlilərdən pul istənilir. Qeyd edək ki, 10 ay əvvəl Prezident İlham Əliyev “Şəmkir və Tovuz rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama görə, Şəmkir və Tovuz rayonlarının 17 yaşayış məntəqəsində (ümumilikdə 105 min 153 nəfər əhalini əhatə edir) bu məqsədlə 20 ədəd subartezian quyusu layihələndirilməli və qazılmalıdır. Buna baxmayaraq, sakinlərdən artezian quyusu qazılması üçün əlavə pul tələb olunur.
Yeni yol kəndinin sakini Polad Vəliyevin sözlərinə görə, artezian quyusunu kəndlilərdən pul toplamaqla qazırlar: “Şəmkirin 54 kəndi var, ən kasıbı Yeni yol və Konüllü kəndləridir. Quyuları qazmağa başlayanda bizim kəndləri ən axıra saxladılar. Gəlib kəndlilərdən quyu qazmaq üçün pul dilənirlər. Layihəyə görə, Şəmkirin payına 10 quyu düşür, hər quyuya görə də 70 min manat ayrılıb. O quyu mənim pulumla qazılacaqsa, bəs o 70 min manat kimin cibindədi? Gəlib baxa bilərsiniz, kəndin əkin sahələrinin yanında yarımçıq qazıb, aradan çıxıblar”.
Şəmkir RİH: “Rayonda əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün tədbirlər görülür”
Problemlə bağlı Şəmkir Rayon İcra Hakimiyyətindən bildirildi ki, rayonda əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün tədbirlər görülür, hər il yeni artezian və subartezian quyular istifadəyə verilir. Hazırda da kəndlərdə bu işlər davam etdirilir.
Aytəkin Kamranqızı: “Su resursları ekoloji tarazlığa, kənd təsərrüfatının inkişafına çox böyük təsir göstərir”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, su resursları ekoloji tarazlığa, kənd təsərrüfatının inkişafına çox böyük təsir göstərir. Biz kənd təsərrüfatımızı intensiv yollarla inkişaf etdirməliyik və buna nail olmaq üçün kifayət qədər su mənbələrimiz olmalıdır və bu var: “Unutmaq lazım deyil ki, ölkə əhalisinin suya olan tələbatının ödənilməsi hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olub. Bu məsələyə xüsusi həssaslıqla yanaşır”.
Günel CƏLİLOVA