Sumqayıtda 26 saylı tam orta məktəbdə direktorun rüşvət tələbi qalmaqala səbəb olub. Belə ki, direktor və müavini səsli mesaj göndərərək məktəbin pedaqoji kollektivindən pul istəyiblər. Bu zaman hər kəs üçün isə fərqli məbləğ tələbi qoyulub. Səs yazısında direktor təhsil müəssisəsi üçün müəyyən məbləğin yığılmasını tələb edir. Hətta bunun tapşırıq olduğunu da deyir.
Qeyd edək ki, səs yazısı yayılan şəxs 26 saylı tam orta məktəbin direktoru Arzu Şükürovadır. Direktor, guya Gigiyena və Epidemiologiya Şöbəsinin əməkdaşlarının məktəbə gəldiyini və onlara cərimə yazdığını bildirir. Qarşılığında isə yığılan vəsaitin onlara verilicəyi açıqlanır.
Sumqayıt şəhər Təhsil Şöbəsi: “Direktor Arzu Şükürova və təhsil müəssisəsinin təsərrüfat işləri üzrə direktor müavini tutduğu vəzifədən azad edilib”
Qalmaqallı səs yazıısı ilə bağlı Sumqayıt şəhər Təhsil şöbəsindən bildirildi ki, səs yazısı Arzu Şükürovaya aiddir. Verilən qərara əsasən direktor Arzu Şükürova və təhsil müəssisəsinin təsərrüfat işləri üzrə direktor müavini tutduğu vəzifədən azad edilib.
Nizami Hüseynov: “Alverçi təfəkkürlü şəxslər məktəb rəhbərliyində təmsil olunduğu müddətdə rüşvətin qarşısını almaq mümkün olmayacaq”
Təhsil eksperti Nizami Hüseynov bildirdi ki, direktor vəzifəsində çalışanların yalnız 30 faizi məhz son dövrlər direktorların işə qəbulu zamanı təyin olunanlardı. Qalanları isə rüşvət və ya tanışlıq-tapşırıq əsasında bu postları tutub: “Həmin şəxslər üçün əsas meyar qazanc, əsas prioritet isə rüşvətdir. Ona görə də dərs saatlarını satır, müəllim vakansiyasını gizlədərək özü rüşvət alıb müəllim təyin edir, sinif otaqlarını icarəyə verib pul alır, şagirdi hazırlığa buraxıb aylıq alır və s. Belə alverçi təfəkkürlü şəxslər məktəb rəhbərliyində təmsil olunduğu müddətdə rüşvətin qarşısını almaq mümkün olmayacaq. Mərkəzi qurum da bu məsələnin həllində əvvəlki kimi aciz olacaq”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, vəzifəsindən sui-istifadə edənlər buna görə cəzalandırılmır. Bu vəziyyət aradan qaldırılmalıdır ki, təhsilin keyfiyyəti yüksəlsin: “Hər bir ölkənin uzunmüddətli iqtisadi inkişaf strategiyası keyfiyyətli təhsil mühitinin formalaşdırılması ilə səciyyələnir. Millətin təhsilinin və elmi potensialının inkişaf etdirilməsi, öz növbəsində, müasir cəmiyyətin davamlı və dinamik inkişafının əsas amillərindən biridir.
Təsadüfi deyil ki, dünyanın inkişaf etmiş ölkələri məhz təhsildə yüksək inkişaf yolu keçməklə mühüm nəticələr əldə edə biliblər”.
Günel CƏLİLOVA