Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Dövlətimizin inkişafı və tərəqqisi naminə təhsildən yayınmayaq!” adlı layihə çərçivəsində Gəncə Uşaq Evində valideyn himayəsindən məhrum olan məktəbli uşaqların psixoloji vəziyyətlərini, təhsil səviyyələrini müəyyən etmək məqsədilə altıncı dəfə görüş keçirildi.
Hər görüşdə olduğu kimi ilk çıxışı layihə rəhbəri etdi. Uşaqlara layihənin donoru haqqında və layihənin məqsədi haqqında ətraflı məlumat verdi. Bu layihə sırf şagird qızların təhsil və psixoloji səviyyələrinin yoxlanılması üçün təşkil olsa da, budəfəki görüşə uşaq evindəki şagird oğlanlar da cəlb olundu. Əslində gələcək nəsillərimiz olan uşaqların istər oğlan istərsə də qızlarımızın təhsil səviyyələrinin monitoriqinin aparılmasını zəruri hesab edirik. Layihənin qızlar üçün nəzərdə tutulmasına baxmayaraq bu dəfə istisna hal kimi uşaq evindəki bəzi şagird oğlanları da layihəyə cəlb etməyi vacib bildik. Ona görə ki, bir neçə gün əvvəl Gəncə şəhərində tam orta məktəbdə məktəbin şagirdləri arasında baş verən insident haqqında uşaqların da fikrini öyrənməyə çalışdıq. Gəncə şəhərində məktəbli qızın sinif yoldaşı olan həmcinsinə bıçaqla xəsarət yetirməsi haqqında layihənin psixoloqu uşaq evindəki şagird uşaqlarla geniş fikir mübadiləsi apardı. Sonra təhsil eksperti uşaqların bilik səviyyələrini yoxlamaq üçün onlarla coğrafiya fənni üzrə sorğu-sual etdi.