Cəlilabad rayonunun Musalı kənd orta məktəbinin qəzalı olması ilə əlaqədar müəllimin evində şagirdləri üçün dərs təşkil etməsi neçə gündür sosial medianın gündəmindədir.
Belə ki, rayonun Musalı kənd orta məktəbinin ibtidai sinif müəllimi Aidə Quliyeva iki sinfin şagirdlərinin tədrisi üçün öz evində şərait yaradıb. Ciddi müzakirələrə səbəb olan bu olaya səbəb isə bir müddət əvvəl yağan güclü qarın qəzalı vəziyyətdə olan məktəbin inzibati binasının bir hissəsini uçurması olub. Eyni zamanda, Zəhmətabad kənd orta məktəbində də yer çatışmazlığı yarandığı üçün müəllim hər iki sinfin şagirdlərinin tədrisini öz öhdəsinə götürməli olub. Tamamilə yararsız hala düşən məktəbdə tədrisin həyata keçirilməsi mümkün olmadığından şagirdlər qonşu Zəhmətabad kəndinin məktəbinə köçürüldü.
Zəhmətabad kənd orta məktəbində isə yer çatışmazlığı yarandığı üçün iki sinfin şagirdlərinin tədrisi Musalı kəndində, ibtidai sinif müəlliminin evində təşkil edilib.
Qeyd edək ki, bölgələrdə qəzalı vəziyyətdə olan tədris müəssisələri ilə bağlı mütəmadi olaraq məlumat veririk. Maraqlıdır, dağlıq və şəhərdən uzaq kəndlərdə məktəblərin vəziyyəti ilə bağlı niyə vaxtı-vaxtında reydlər keçirilmir? Bu sahə niyə diqqətdən kənarda qalır?
“Valideynlər qəzalı məktəblərin tikilməsini önə sürsələr, o zaman bu məktəblərin tikintisi tezləşər”
Təhsil eksperti Elşən Qafarov bildirdi ki, reydlər Təhsil Nazirliyinin Təminat və Təchizat İdarəsi tərəfindən həyata keçirilməlidir: “Nəticədə qərar verilməlidir ki, hansı məktəblər qəzalıdır, hansı yox. Məsələn, Cəlilabad rayonu Musalı kəndində müəllimin evdə dərs keçməsi ilə bağlı paylaşım edildi. O məktəbin bir korpusu tikilib, lakin görünən odur ki, yetərli olmayıb. İlk növbədə bununla bağlı icma – valideynlər müraciət etməlidir Təhsil Nazirliyinə, ölkə rəhbərliyinə ki, daha çox qəzalı vəziyyətdə olduğu üçün diqqət həmin məktəblərə yönəlsin”.
Ekspertin sözlərinə görə, 2025-ci ilə kimi Azərbaycanda təmir olunmayan və ya tikilməyən məktəb qalmayacaq. Son 17 ildə 3800-ə yaxın məktəb ya tikilib ya da yenidən təmir edilib. Nəzərə alsaq ki, bizim 4432 məktəbimizin xeyli hissəsinin də azad olunmuş ərazilərdə tikilməsi planlanır. Hər halda, 200-300-ə yaxın məktəb hələ də qəzalı şəkildə qalır: “Bu məsələdə əsas vəzifə valideynlərə düşür. Belə məsələləri valideynlər kütləvi vasitələrlə ictimailəşdirməli, Təhsil Nazirliyi, ölkə rəhbərliyi, Nazirləri Kabinetinə müraciət etməlidir. Əgər belə məktəblərin tikilməsini önə sürsələr, o zaman bu məktəblərin tikintisi tezləşər”.
Günel CƏLİLOVA