Karantin qaydalarının yumşaldılmasından sui-istifadə hallarının artması ciddi problemlər yaradır. Xüsusən də son zamanlar Bakıda və bölgələrdə ayrı-ayrı şəxslərin gizli şəkildə evində toy, nişan, yas və digər mərasimləri keçirməsi koronavirusa yoluxanların sayının artmasına səbəb olur.
Bilirik ki, bir neçə həftə əvvəl ölkə üzrə virusa yoluxanların sayında xeyli dərəcədə azalma müşahidə edilirdi, hətta yoluxma faizi cüt rəqəmli idi. Sağalanların sayında isə artım müşahidə edilirdi, lakin gizli mərasimlərin təşkilindən sonra yoluxmaların sayı yenidən sağalmaları müəyyən qədər də olsa üstələməyə başlayıb.
Karantin qaydalarının bu şəkildə pozulmasının virusun artması üçün ciddi səbəb olduğunu deyən mütəxəssislər hesab edirlər ki, əhalinin bu cür davranışlarının qarşısı tam olaraq alınmasa, yoluxma sayı payız aylarında daha geniş miqyas ala bilər.
“Vətəndaşlar anlayışlı olmalı və virusun artım risqinə səbəb olmamalıdırlar”
Siyasi şərhçi Azər Həsrət hesab edir ki, istər bu cür gizli keçirilən kütləvi mərasimlər, istərsə də ictimai-siyasi tədbirlər olsun, yoluxmanın sayının artmasına öz “töhfə”sini verir. A.Həsrətin sözlərinə görə, koronavirus elə bir xəstəlikdir ki, məhz insanların çox olduğu, kütləvi toplaşdığı yerlərdə özünə çox əlverişli bir mühit tapa bilir. “Buna görə də insanların gizli şəkildə toy, nişan, ad günü, yas mərasimləri keçirməsi, əlbəttə, virusun yayılma ehtimalını və risqini artırır. Lakin birmənalı demək olmaz ki, bu məclislərdə yoluxma halları olur. Çünki elə bölgələrimiz var ki, orada, ümumiyyətlə, koronavirusa yoluxma halları yoxdur. Elə yerlərdə, təbii ki, kənardan adamlar cəlb edilmədən lokal xarakterli mərasimlər keçirilsə belə, orada yoluxmanın artmasından danışmaq mümkün deyil. Məsələn, elə mənim kəndimdə - Xaçmaz rayonunun Dədəli kəndində, yaxud ətraf kəndlərdə bu günə kimi yoluxma faktı aşkarlanmayıb. Təbii ki, orada lokal səviyyədə hər hansı bir tədbirin keçirilməsi yoluxmaya, yaxud virusun hansısa formada yayılmasına rəvac verməyəcək. Amma, bununla belə, o yerlərdə də yoluxma risqini sıfıra endirmək üçün belə tədbirlərin, mərasimlərin keçirilməsi məqsədəuyğun deyil. Məsələn, bizim kənddə son dövrlər dünyasını dəyişən adamlar olub, o adamların dəfn mərasimləri tam olaraq karantin qaydalarına uyğun keçirildi. Sadəcə, o insanlar dəfn olundu və nə üç, nə qırx, nə də cümə axşamları keçirildi. İnsanlarımız bunu anlayışla qarşıladılar. Ona görə də hər yerdə hər kəs yoluxma ehtimalını və risqini nəzərə almalıdır, bu cür gizli mərasimlər keçirməməyə çalışmalıdırlar. Ailə içində nə isə olur, onun qarşısını ala bilmərik. Zatən, insanlar ailə içində həmişə birlikdədirlər. Amma kənardan adamların gəlməsi ilə gizlin şəkildə mərasimlərin, məclislərin təşkili artıq risq deməkdir”.
A.Həsrət təklif edir ki, toy və yas mərasimlərinin keçirilməsi ilə bağlı yeni qaydalar işlənib hazırlansın. “Bu qaydalar çərçivəsində sosial məsafə gözləməklə, maska taxmaqla və sanitar-gigiyenik qaydalara əməl etməklə, az sayda insanın iştirakı ilə bu kimi mərasimləri təşkil etmək olar” - deyən A.Həsrətin qənaətinə görə, bununla belə, insanların kütləvi toplanması əlavə risqlər yaradır. “Vətəndaşlar anlayışlı olmalı və virusun artım risqinə səbəb olmamalıdırlar” - deyə müsahibimiz bildirdi.
Ekspertin fikirlərindən belə qənaətə gəldik ki, insanların gizli mərasimlər keçirməsi və bura ailə üzvlərindən kənar insanları cəlb etməsi virusun artmasına səbəb olan amildir, insanlar mümkün qədər buna yol verməməlidirlər.
İradə SARIYEVA