22/08/2019 07:36
728 x 90

Samir Şərifov dövlət müşavirəsində “şok bəyanat” verdi – “Cənub Qaz Dəhlizi”nin “üstündə əsənlərə” mesaj...

“Bunun başlıca səbəbi onunla bağlıdır ki, CQD özünün əvvəlki qiymətləndirilməsindən təqribən 5 milyard dollar ucuz başa gəldi”

img

Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı 2,75 milyard dollarlıq borclanmadan imtina edib. Bu fikirləri maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə səsləndirib.

Onun sözlərinə görə, dövlət tərəfindən bəzi əhəmiyyətli layihələrə dövlət zəmanətləri verilir: “O cümlədən, belə mühüm layihələrdən biri də “Cənub Qaz Dəhlizi” layihəsidir. Sevindirici haldır ki, bu layihə üzrə nəzərdə tutulmuş maliyyələşdirməyə tam ehtiyac yaranmayıb, lakin xarici maliyyə qurumları ilə danışıqlar aparılıb, yəni onlar bu vəsaitləri ayırmağa hazır idilər. Amma birinci paket olaraq biz 2 milyard dollarlıq borclanmadan imtina etdik, buna ehtiyac yaranmamışdı. İndi də əlavə sevindirici haldır ki, artıq Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi – MIGA ilə bizim “Cənub Qaz Dəhlizi” şirkəti tərəfindən kredit müqaviləsi bağlanıb - 750 milyon dollar məbləğində. İndi isə o kreditin götürülməsinə ehtiyac yoxdur. Yəni həm o layihə üzrə qənaət hesabına, həm də layihənin işə salınması ilə əlaqədar bizim o şirkətimiz artıq sərbəst maliyyə axınına malik olub və o, vəsait hesabına bu borcları təmin edir”.

Görünən odur ki, bu istiqamətdə işlərin uğurlu alınması Azərbaycanın əlavə borclanmaya getməsinə şərait yaratmayıb. Bu da, bütövlükdə, müsbət tendensiya olmaqla yanaşı, yaxşı göstəricidir.

  • İlham Şaban: “Başda SOCAR olmaqla əsasən də TANAP layihəsində optimal xərcləmələr vasitəsilə ciddi nəticələr əldə edib”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bunu bir sıra amillərlə əlaqələndirdi: “Cənub Qaz Dəhlizi” QSC bununla bağlı bir neçə ay əvvəl müəyyən açıqlamalar vermişdi. Məlum oldu ki, layihə ilə bağlı əvvəldən proqnozlaşdırılan kredit resurslarına ehtiyac yoxdur. Bunun başlaca səbəbi onunla bağlıdır ki, CQD özünün əvvəlki qiymətləndirilməsindən təqribən 5 milyard dollar ucuz başa gəldi. Layihə ucuz qiymətə başa gəlirsə, onda yeni kredit resurslarına ehtiyac yoxdur. Azərbaycanın ümumi payı nəzərə almaqla bu iş görülür. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Azərbaycan başda SOCAR olmaqla əsasən də TANAP layihəsində optimal xərcləmələr vasitəsilə ciddi nəticələr əldə edib. Yəni CQD ilə bağlı xərcləmələri minimuma endirə bilib. Söhbət rasional xərcləmələrdən gedir. Ona görə də xarici maliyyələşdirmə resurslarına, nəzərdə tutulduğu səviyyədə o resurslardan istifadə etməyə də ehtiyac qalmayıb. Bu da ölkəmizin xarici borclarının aşağı salınmasında xüsusi əhəmiyyətə malikdir”.

Vidadi ORDAHALLI

Son xəbərlər