17/06/2019 03:32
728 x 90

Ermənilər Azərbaycanın öz torpaqlarını hərbi yolla azad edəcəyi planın detalları barədə danışmağa başlayıb

“Biz ərazimizin işğaldan azad edilməsi üçün ən optimal variantları tətbiq edəcəyik”

img

Azərbaycanın tez-tez keçirdiyi irimiqyaslı hərbi təlimlər Ermənistanı ciddi narahat etməyə başlayıb. Xüsusilə də Naxçıvan ərazisində keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinə  erməni tərəfi daha həssas və təşviş dolu reaksiyalar verir. Əsas səbəb isə odur ki, baş verən son hadisələr cəbhədə yaxın tezlikdə irimiqyaslı toqquşmaların başlanacağını istisna etmir.

Məhz bu vəziyyətdə Azərbaycanın təlimlərinin real döyüş əməliyyatlarına çevrilə bilməsi Ermənistanda ciddi xof yaradır. “Modus Vivendi” mərkəzinin direktoru Ara Papayan bildirir ki, Azərbaycan və Türkiyə 7-11 iyun tarixləri arasında Naxçıvanın Ermənistanla sərhəd rayonlarında “Sarsılmaz qardaşlıq-2019” adı altında birgə təlimlər keçiriblər. Onun sözlərinə görə, İrəvan şəhərindən cəmi 50-60 kilometr məsafədə belə bir təlimin keçirilməsi, təbii ki, ciddi təşviş yaradır: “Bu çox təhlükəlidir, ona görə ki, təlimlər ehtimal edilən müharibə vaxtı Naxçıvan cəbhəsinin də açılacağını göstərir. Bunu deməyə o əsas verir ki, Azərbaycan Naxçıvan sərhədində öz mövqelərini irəli çəkib. Azərbaycanın mövqelərini irəli çəkməsi Yerasx-Vayk magistralının heç olmasa bir hissəsini birbaşa atəş altında saxlamağa imkan verir. Qarabağ müharibəsi baş verərsə, Azərbaycan tərəfi Naxçıvan və Tavuş istiqamətindən 2 alt cəbhə yaratmağa çalışacaq. Bununla da erməni tərəfinə Qarabağ cəbhəsində cəmləşməyə imkan verməyəcəklər, çünki paytaxtı qoruma təhlükəsi yaranacaq”.

Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək kimi haqqı və hüququ var. Dəfələrlə bəyan edilib ki, sülh danışıqları səmərə verməyəcəyi təqdirdə ölkəmiz həmin hüququndan istifadə edəcək. Təbii ki, belə olan təqdirdə torpaqlarımızın azad edilməsi ilə bağlı ordumuzun müəyyən planları da ola bilər. Yuxarıda qeyd edilən plan barədə isə hələlik biz yox, düşmən tərəf danışır. Söhbət Naxçıvandan cəbhənin açılması nəticəsində ermənilərin bütün diqqəti paytaxtı qorumağa yönəltməsi və bunun da nəticəsində Dağlıq Qarabağa güclü həmlə etməklə torpaqları işğaldan azad etmək kimi plandan gedir. Düşmən tərəfin ehtimal etdiyi bu plan Dağlıq Qarabağ və ətraf rayonları azad etmək üçün yetərli sayıla bilərmi?

  • Üzeyir Cəfərov: “Naxçıvandakı təlimlər doğrudan da qarşıda duran uzaqgörən məqsədlər üçün hesablanıb”

Hərbi ekspert Üzeyir Cəfərov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, biz düşmənin nə fikirləşdiyinə uyğun şəkildə işimizi qurmamalıyıq: “Biz də görürük ki, keçirdiyimiz hərbi təlimlərdən onlar çox narahatdırlar. Qoy olsunlar. Azərbaycan onlardan icazə almalıdır? Biz nə təlim, nə də hardan həmlə edəcəyimizlə bağlı kimdənsə icazə almamalıyıq. Onların ehtimal etdiyi versiyalar işin bir tərəfi sayıla bilər və istisna edilmir. Narahat olmasınlar, biz ərazimizin işğaldan azad edilməsi üçün ən optimal variantları tətbiq edəcəyik. Tonoyanın son bəyanatı birbaşa meydan oxumaqdır. Mən başa düşə bilmirəm, niyə bizim Hərbi Prokurorluq ona 120-ci maddə ilə cinayət işi qaldırmır? Bəzi məsələlərdə biz gecikirik. Serj Sarkisyan özü etiraf etdi ki, Xocalı faciəsində iştirak edib, amma nədənsə biz onunla bağlı sənədləri İnterpola verməyə tələsmirik. Biz bu yaramazları cəzasız qoyduqca, onların ayaqları yer alır. Naxçıvandan və ya başqa yerdən hücum etmək bizim hüququmuzdur. Bunu bizə kimsə qadağan edə bilməz. Necə olur ki, Ermənistanın uzun sürən işğalına hamı göz yumur, amma Azərbaycanın hərbi təlimləri geniş müzakirə mövzusuna çevrilir?

1921-ci ilin müqaviləsini tez-tez hallandırırlar və bundan narahatlıq ifadə edirlər. Türkiyə Naxçıvanın təhlükəsizliyinə cavabdehlik daşıyan bir ölkədir. Nə qədər ki, qardaş Türkiyənin gücü var, biz bu məsələdən narahat olmamalıyıq. Bundan əlavə, hazırda Naxçıvandakı Azərbaycan Ordusunun gücü nəinki müdafiə edilməyə, hətta düşməni öz paytaxtına kimi qovmaq üçün yetərlidir. Bəli, keçirilən təlimlərin əsas məqsədi düşmənin strateji nöqtələrini necə sıradan çıxarmağın yollarını mənimsəməyə yönəlib. Ermənilər nə qədər narahat olsa da, biz öz işimizi görməliyik. Qəbələdə Türkiyə, Azərbaycan, Gürcüstan müdafiə nazirlərinin görüşü olacaq. Ardınca üç ölkənin birgə təlimləri başlayacaq. Bu formatda təlimlər əvvəllər də olub. Ermənistan başqa dövlətlərlə hərbi əməkdaşlıq edirsə, biz niyə etməyək?! Naxçıvandakı təlimlər doğrudan da qarşıda duran uzaqgörən məqsədlər üçün hesablanıb. İnşallah, bəhrəsini yaxın zamanda görərik”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər