17/06/2019 03:25
728 x 90

Azərbaycan XİN cəbhədə vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyəti Ermənistanın üzərinə qoydu

Leyla Abdullayeva: “Azərbaycan hərbçisini məhv etmək əmrini yerinə yetirənləri mükafatlandırmaqla Ermənistan işğalçı dövlət olduğunu etiraf etmiş olur”

img

Fikrimizcə, düşmən qüvvələrin düşərgəsində kim kimi idarə edir məsələsində böyük qarışıqlıq mövcuddur. Baki-xeber.com xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin Azərbaycan hərbi qulluqçusunu qətlə yetirən Ermənistan silahlı qüvvələrinin nümayəndələrini yüksək mükafatlandırmaya təqdim etməsi ilə bağlı bu ölkənin Müdafiə Nazirliyinin məlumatına münasibət bildirərkən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.

L.Abdullayevanın sözlərinə görə, aydındır ki, Ermənistan rəhbərliyi yalan bəyanatlar verməklə məsuliyyətdən yayınmağa çalışır: "Bu ölkənin müdafiə naziri isə Azərbaycan hərbi qulluqçusunu məhv etmək əmrini yerinə yetirənləri şəxsən mükafatlandırmaqla Ermənistanın işğalçı dövlət olduğunu etiraf etmiş olur. Bu, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalında bilavasitə iştirak etdiyinin bariz sübutudur.

Ermənistan müdafiə nazirinin bu hərəkəti, həmçinin bu ölkənin beynəlxalq vasitəçiləri aldatdığını və onlara hörmətsizlik etdiyini açıq şəkildə nümayiş etdirir. Xatırladırıq ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan silahlı qüvvələri snayper atəşi ilə qanlı təxribat törədib və bölgə səfəri ilə bağlı həmsədrlərin bəyanatından bir-neçə gün sonra Ermənistan yenidən qanlı cinayətə əl atıb. Təəssüflə qeyd etmək istərdik ki, məhz Ermənistanın məsuliyyətsiz davranışı nəticəsində bölgə yüksələn gərginlik astanasındadır. Ermənistanda müharibə tərəfdarlarının törətdiyi bu təxribatlar münaqişənin həlli üzrə aparılan danışıqların mahiyyətinə zərbə vurmaq cəhdidir. Bir daha vurğulayırıq ki, hadisələrin bu istiqamətdə inkişafının bütün məsuliyyəti Ermənistan tərəfinin üzərinə düşür".

Son xəbərlər