17/06/2019 03:26
728 x 90

2020-ci il prezident seçkiləri və Ermənistanla separatçı rejimin silahlı qarşıdurması…

img

“Qarabağ klanı” ilə mövcud Ermənistan hakimiyyəti arasında münasibətlər getdikcə daha gərgin mərhələyə qədəm qoymaqdadır. Erməni mediasının və ekspertlərinin səsləndirdiyi fikirlərdən belə bəlli olur ki, gərginliyin əsas səbəbi  Ermənistanın baş naziri Nikol Paşinyanın işğal edilmiş ərazilərdə yaradılan separatçı rejimin başına öz adamını gətirmək niyyətidir. Amma “Qarabağ klanı” əsas dayağı saydığı rejimin rəhbərliyində öz adamlarını saxlamaqda israrlıdır. Məhz bütün bunlar “Qarabağ klanı” ilə Ermənistan hakimiyyəti arasında yaranan ixtilafı daha da dərinləşdirir.

Erməni politoloq Yervand Bozoyan məsələ ilə bağlı qeyd edib ki, bir çoxları Paşinyanın adamı kimi Dağlıq Qarabağın keçmiş “baş naziri” Araik Arutyunyanı görür. Lakin onun fəaliyyətini və biznes-əlaqələrini nəzərə alanda Qarabağda mənfi reytinqi yüksəkdir: “Birbaşa tərəfdaşı olmayan Paşinyan Arutyunyan üçün meydanı təmizləməyə çalışır, onun potensial rəqiblərini hədəfə götürür”. “Qarabağ klanı”nın təmsilçiləri Aleksey Balayan və Roland Aydinyanın həbsi də bunun təsdiqi sayılır. Bu şəxslər Araik Arutyunyana qarşı olanlar sırasında yer alır. Qeyd edək ki, Aleksey Balayan Qarabağda erməni separatçılarının yaratdığı hərbi dəstələrin əsas təsisçisi Vladimir Balayanın oğludur. Roland Aydinyan isə işğal edilmiş Kəlbəcər rayonunun keçmiş “rəhbəri”dir. Onların həbsinin də elə Araik Arutyunyanın sifarişi ilə gerçəkləşdirildiyi iddia edilir. Yervand Bozoyanın fikrincə, ciddi təhlükə var ki, proses bu cür davam edib dərinləşsə, olduqca acınacaqlı nəticələrə gətirib çıxara bilər. Onun sözlərinə görə, İrəvanla Xankəndi arasında gərgin münasibətlər Qarabağda qarşıdakı “prezident seçkiləri” ilə əlaqədar olaraq daha da dərinləşəcək: “Təbii ki, Paşinyan hakimiyyətə gələndən sonra güclənməyə çalışır. Seçkilərdən sonra o, parlamentdə çoxluğu əldə etdi. İndi isə məhkəmə hakimiyyəti üzərində nəzarəti ələ keçirməyə çalışır.  Qarabağ Ermənistanla sıx bağlıdır və Paşinyan üçün qəbuledilməzdir ki, orada onun “tərəfdaşı” olmayan kimsə hakimiyyət başında olsun”. Bozoyanın fikrincə, Dağlıq Qarabağdakı rejimlə Ermənistan hakimiyyəti arasında gərgin münasibətlərin nəyə aparıb çıxaracağını təxmin etmək çətindir. Çünki Qarabağda bir-biri ilə mübarizə aparan siyasi qüvvələr Paşinyanla “üzvi bağlara” malik deyil. Rusiyanın ”regnum.ru” portalı da bu gedişlə separatçılarla İrəvan arasında vəziyyətin daha gərgin mərhələyə qədm qoyacağını proqnozlaşdırır: ”Ermənistanın hamının və hər şeyin külünü göyə sovuran informasiya portalı “Lragir” siyasi uzaqgörənliyi ilə hamını təəccübləndirməyə başlayıb. ”DQR” uzun illərdən bəri ilk dəfə Birinci Ermənistan Respublikası Günü ilə bağlı tədbirlərə qatılmayanda, ”DQR prezidenti” Bako Saakyan isə yalnız yazılı təbrik göndərəndə portal redaksiya şərhini yerləşdirib: “Görürsünüz, Qarabağ olmayanda necə kədərli olur?”.

Ermənistanda və ondan qıraqda çoxları bunu Dağlıq Qarabağın ilk prezidenti və Ermənistanın keçmiş prezidenti Robert Köçəryan həbsdən azad ediləndən sonra baş nazir Nikol Paşinyanın Xankəndinin  ünvanına açıq deyilmiş “sui-qəsd hazırlığı” ittihamlarına reaksiya kimi izah edir.

“Paşinyan bu məsələdə doğrudan da öyünə bilər, – Ermənistan nəşrlərindən biri yazıb. – O, faktiki olaraq, özünün şəxsi antipatiya və siyasi hesablarını dövlət maraqlarından üstün tutaraq, bunu hamının gözü qabağında edib. Hakimiyyətin dəstəklədiyi kütlənin ötən ayın sonlarında Bako Saakyanın ünvanına səsləndirdiyi hədə isə Paşinyanı ictimaiyyətin gözündən salıb: erməniçiliyin birliyi üçün rəmzi tarix sayılan 28 mayın imici Paşinyanın “yüngül əli” ilə sarsılıb”. Göstərilən dəyərləndirmələr, heç olmasa ona görə aktuallıq qazanır ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Paşinyana ümid bağlayırdı. İndi bu problem Ermənistandakı daxili-siyasi durum fonunda hələlik ikinci plana keçir: biz yekunda siyasi baxımdan zəifləyən Paşinyanı və İrəvanda müəyyən güclərin 2020-ci ilə nəzərdə tutulan “prezident seçkilərinə” buraxmaq istəmədikləri, “Lragir”in hesab etdiyi kimi, “axsaq ördək” rolunda çıxış edən “DQR prezidenti” Saakyanı görürük. Eyni zamanda, Saakyanın qarşıdakı seçki silsiləsindən imtinası İrəvanda bütünlükdə “Qarabağ klanı”nın birmənalı məğlubiyyəti kimi qəbul edilir. Amma klan buna qarşı çıxır və öz mövqeyini qorumağa çalışır. Elə bu da onlar arasında gərginliyi daha təhlükəli mərhələyə daxil edir”. Belə vəziyyətdə “Sasna Tsrer” Partiyasının rəhbəri Jirayr Səfilyan bildirib ki, Paşinyan “Qarabağ klanı” və Rusiya faktorundan çəkinməyərək qəti şəkildə Qarabağda istəyinə nail olmalıdır. O bu xüsusda vurğulayır ki, “Qarabağ klanı”na “beşinci kolon” da yardım edir: “Ermənistanda olan “beşinci kolon”a Rusiya rəhbərlik edir. İndi bu “beşinci kolon” Qarabağda yerləşdirilib. Biz son aylar ərzində Kremldən fərlqi komissarların, emissarların yerlərdə lazımi fəaliyyətin yoxlanması məqsədilə gəldiyinə şahid oluruq. Onların missiyaları uğursuzluğa düçar olub. Qarabağın abxaziyalaşdırılması ilə bağlı bütün cəhdlər uğursuzluqla nəticələndi”.

Nikol Paşinyanı tərifləyən Səfilyan məhz onun sayəsində Kremlin Karen Karapetyanı hakimiyyətə gətirmək planının fiaskoya məruz qaldığını deyib. O, Kremlin Ermənistanda hakimiyyətin xalq nümayəndəsinə keçməsindən qorxduğunu bildirib:“Beşinci kolon” çalışır ki, hakimiyyət uğursuzluğa düçar olsun. Onlar Nikol Paşinyandan qorxmurlar. Onlar dəyişikliyin xalqın öz iradəsini ifadə etməsi nəticəsində meydana gəlməsindən və bu rəhbər uğur qazanacağı təqdirdə, inqilabın Rusiyaya çatmasından qorxurlar. Onların qarşısındakı hədəf bunu neytrallaşdırmaqdır. “Beşinci kolon”un qısamüddətli hədəfi Ermənistan və Qarabağda idarəolunan xaos yaratmaqdır”. O qeyd edib ki, İrəvan mümkün qədər Qarabağa müdaxilə etməli və və burada Sarkisyan rejiminin qalıqlarını təmizləməlidir. Hesab edilir ki, yaxın tezlikdə hadisələrin məhz Səfilyanın dediyi kimi cərəyan etməsi istisna deyil. Bu isə artıq separatçı rejimlə İrəvan arasında silahlı qarşıdurma deməkdir.

Nahid SALAYEV

Son xəbərlər