“Çox güman ki, tərəflər Ermənistanda baş verə biləcək hakimiyyət dəyişikliyini...”
Bu günlərdə Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin bu ölkənin ombudsmanı Arman Tatoyanla görüşüb. Tərəflər Rusiyada yaşayan ermənilərin hüquqlarının qorunması ilə bağlı məsələləri müzakirə edib. Bununla yanaşı, sözügedən məsələ ilə əlaqədar hər iki ölkənin ombudsmanları arasında regional əməkdaşlıq məsələləri müzakirə mövzusu olub. Erməni hüquq müdafiəçisi Tatoyan səfirlə görüşündə Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili ilə əməkdaşlığın vacibliyini vurğulayıb. Erməni mətbuatı yazır ki, tərəflər Rusiyada problemlərlə üzləşən ermənilərin vəziyyətini müzakirə edib. Görüşün sonunda tərəflər insan hüquqlarının qorunmasının gücləndirilməsi məqsədilə əməkdaşlığın inkişafına hazır olduqlarını bildiriblər. O da məlumdur ki, Rusiyada yaşayan ermənilərin bu ölkə ilə bağlı hansısa ciddi problemləri yoxdur. Çünki uzun illərdir Rusiyada yaşayan ermənilər kifayət qədər təşkilatlanıblar. Rusiyada ermənilərin oturuşmuş çox güclü lobbisi var. Rusiyada fəaliyyət göstərən ermənilər hər il Ermənistana böyük həcmdə pul göndərir. Ölkənin əksər strukturlarında erməni kökənli şəxslər fəaliyyət göstərir. Belə olan halda, guya səfirlə ombudsman arasında Rusiyada yaşayan ermənilərin problemlərinin müzakirə edildiyi barədə səslənən fikirlər real deyil. O zaman maraqlıdır, sözügedən görüşün arxasında hansı niyyətlər dayana bilər?
Məsələyə münasibət bildirən Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Ramil Hüseynovun sözlərinə görə, sözügedən görüş müəyyən siyasi məqsədlər daşıyır: “Heç kəsə sirr deyil ki, Rusiya bir il əvvəl Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən məmnun deyil. Paşinyanın qısa bir müddətdə hakimiyyətə gəlməsi Kreml üçün gözlənilməz oldu. Niyə? Ona görə ki, Gürcüstan və Ukraynadan fərqli olaraq, Ermənistan Rusiyanın forpostu olub. Ermənistanda Rusiyanın iki hərbi bazası var, bu ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında və Avrasiya İqtisadi İttifaqında təmsil olunur. Bu səbəbdən Rusiya Paşinyanın hakimiyyətə gəlməsini daxilən həzm edə bilmir. Digər tərəfdən ən başlıca məqam ondan ibarətdir ki, Ermənistanın ombudsmanı Tatoyan Paşinyana qarşı olan şəxsdir. Məsələ ondadır ki, Köçəryan həbsdən azad olunandan sonra Paşinyan vətəndaşlara müraciət edərək, bütün məhkəmə binalarının giriş və çıxışını bağlamağa çağırmışdı. Tatoyan buna qarşı olub və baş naziri ölkə konstitusiyasına qarşı fəaliyyət göstərməkdə ittiham edib. Həmçinin, Paşinyanın müraciətini tənqid edən bəyanatla çıxış edib. Onun fikrincə, məhkəmə sistemində, müstəqillik də daxil olmaqla problemlər var, lakin bu problemlər yalnız qanuni yollarla həll olunmalıdır. Erməni ombudsman Paşinyanın məhkəmə sistemini, onun təhlükəsizliyini, eyni zamanda sabitliyini təhdid altında qoyduğunu da söyləməkdən çəkinmir. O hesab edir ki, Paşinyanın məlum bəyanatı ölkənin hüquq sisteminin təhlükəsizliyini və sabitliyini ciddi şəkildə təhdid edir. Ona görə də Paşinyana qarşı bu cür tənqidi mövqedən şıxış edən ombudsmanla Rusiya səfirinin görüşməsi təsadüfi deyil. Çox güman ki, tərəflər Ermənistanda baş verə biləcək hakimiyyət dəyişikliyini, Rusiyada yaşayan ermənilərin sərgiləyəcəyi mövqeyi və digər məsələləri müzakirə edib. Belədə, guya Rusiyada yaşayan ermənilərin problemlərinin müzakirə edildiyi barədə deyilənlər cəfəngiyatdır. Ona görə ki, onların elə bir problemi yoxdur”.
Vidadi ORDAHALLI