Azərbaycan və Türkiyə arasında, digər sahələrlə yanaşı, hərbi müstəvidə də əlaqələrin intensiv inkişafı işğalçı Ermənistanda getdikcə daha böyük təşviş yaradır. Xüsusən də son dövrlərdə iki qardaş ölkənin intensivləşən hərbi təlimləri düşməndə çox ciddi qorxuya səbəb olub. Ermənistanda belə hesab edirlər ki, təlimlərin məqsədi İrəvana, Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll olunacağı təqdirdə, Türkiyənin də Azərbaycanın yanında yer alacağına dair açıq mesaj verməkdir.
Qeyd edək ki, əslində, Ermənistanın belə qorxuya düşməsi heç də əbəs deyil. Xüsusən də son bir ay ərzində keçirilən Azərbaycan-Türkiyə hərbi təlimləri iki qardaş ölkənin hərbi əlaqələrinin daha effepktiv şəkildə koordinasiya edilməsinə hərtərəfli şərait yaradır. Xatırladaq ki, indilikdə iki ölkənin Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimi keçirilir. Təlimlər iyunun 11-dək davam edəcək. Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikanın güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələrinin iştirakı ilə keçirilən təlimə 5000-ə qədər şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və hərbi texnika nümunələri cəlb olunub. Təlimin məqsədi qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və onların birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaqdır. Bundan əvvəl isə ötən ayın əvvəlində ölkəmizdə “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimi keçirilib. Ardınca növbəti birgə hərbi təlim “Anadolu Ankası-2019” adı altında mayın 20-24 arasında Türkiyənin Konya vilayətində baş tutub. Bütün bunlara nəzər salan Rusiyanın “regnum.ru” portalı da yazır ki, təlimlərdən İrəvanın ciddi narahatlıq keçirməsi, əslində təbii qarşılanmalıdır: “İyunun 7-dən 11-dək Naxçıvanda Azərbaycan-Türkiyə “Sarsılmaz qardaşlıq-2019” birgə taktiki təlimlərinin döyüş atışı ilə son mərhələsi keçiriləcək. Ümumiyyətlə, Naxçıvan ərazisində belə hərbi təlimlər ilk dəfə keçirilmir. Sadəcə, bu dəfə Azərbaycanın keçirdiyi silsilə hərbi təlimlər kontekstinə sığır. Bu, təkcə bu ildə dördüncü təlimdir. Üçüncüsü mayın 20-24-də, amma Azərbaycanın daxili ərazisində keçirilib. Durumun başlıca özəlliyi də məhz bundan ibarətdir. Daxili ərazidə keçirilən təlimlər, əlbəttə, təkcə Ermənistana ünvanlanıb, Dağlıq Qarabağ münaqişəsini güc vasitələrilə həll etmək imkanlarını sərgiləməkdir.
Bəs Azərbaycandan uzaq düşmüş Naxçıvandakı hərbi təlimlər nəyi və kimə sərgiləyir? Azərbaycanın bir çox hərbi eksperti bununla bağlı iddia edir ki, Ermənistanla savaş başlayacağı halda Naxçıvan bu ölkəyə zərbə endirmək üçün ən uyğun əməliyyat meydanıdır. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində istənilən variantda Zəngəzur üzərindən Türkiyə və Naxçıvana çıxışı saxlamaq planlarını çoxdan fikrində tutub. İndi Azərbaycan və Naxçıvan arasında ümumi sərhəd yoxdur. 1921-ci il 16 mart tarixli Moskva Rusiya-Türkiyə sazişinin 3-cü maddəsinə görə, Naxçıvan muxtar ərazi hüququnda Azərbaycan SSR-in tərkibinə daxil edilib. Bu maddə özəlliklə bildirir: “Razılaşmaya gələn hər iki tərəf yekdildir ki, Naxçıvan vilayəti indiki sazişin əlavəsində göstərilən sərhədlərdə Azərbaycanın bu protektoratı heç bir üçüncü dövlətə güzəştə getməyəcəyi şərtilə Azərbaycanın himayəsi altında muxtar ərazi formalaşdırır”. Bu sazişi hələlik heç kim ləğv etməyib. Bax, Qarabağ problemi buna görə məhəlli səciyyədən çoxdan çıxıb. Əks halda, onu artıq çoxdan həll etmişdilər. İndi bu problem beynəlmiləl olub, bütün əlamətlərə görə, hər halda, aralıq mərhələ olan ATƏT Minsk Qrupu formasında vasitəçilik missiyası var. Yəni Bakının Qarabağ yönündə fəaliyyətini ATƏT MQ tərəfindən, Naxçıvan yönündə 1921-ci il 16 mart tarixli Moskva Rusiya-Türkiyə sazişinin maddələrilə bloklanır. Belə bir konstruksiyanın qırılması bölgə üçün ən gözlənilməz nəticələrlə ciddi sarsıntılar törədər. Bax, Azərbaycan və Türkiyənin Naxçıvanda növbəti hərbi təlimləri buna görə qarışıq duyğularla qarşılanır”.
Rusiyanın “rosbalt.ru” portalı da qeyd edir ki, Qarabağ danışıqlarında dalana dirənmiş vəziyyətin yaranması bu konfliktin güc müstəvisində çözülmə ehtimalını artırır. Elə bu səbəbdən Azərbaycan və Türkiyə hərbi təlimləri də Ermənistan üçün ciddi siqnal sayılır: “Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi dayanıb. Tərəflər bir-birini qarşılıqlı təxribatda ittiham edir. Qarabağ münaqişəsi zonasında nisbi sükutdan sonra son bir həftədə atəşkəs rejimi yüz dəfələrlə pozulub. Azərbaycan Müdafiə Nazirliyinin bəyan etdiyi kimi, özü də cəbhə xəttinin ən müxtəlif yönlərindən Ermənistan silahlı gücləri tərəfindən iriçaplı pulemyotlardan istifadə edilməklə.
Erməni tərəfindən snayper atəşi nəticəsində Azərbaycan ordusunun zabiti Aqil Ömərov həlak olub. Bir sözlə, münaqişəli zonadakı kövrək tarazlıq pozulub və səciyyəvidir ki, ATƏT-in Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Minsk Qrupu həmsədrlərinin İrəvan, Bakı və Xankəndi səfəri zamanı durum gərginləşməyə başlayıb. Onların Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşainyan, separatçıların lideri Bako Saakyanla görüşləri olub. Bu görüşlər haqda rəsmi məlumat heç nə deməməyə bərabərdir: “Qarabağ münaqişəsinin tənzimlənməsi və təmas xəttindəki durum məsələsi müzakirə olunub”.
Azərbaycan XİN-də bu fikrə tərəfdardırlar ki, ATƏT Minsk Qrupunun bölgəyə səfəri zamanı Azərbaycan əsgərinin öldürülməsi tənzimləmə üzrə danışıqları pozmaq qəsdilə “fitnəkarlıq xarakteri daşıyır”. Bu arada Azərbaycan və Ermənistan xarici siyasət idarələri başçılarının görüşünün hazırlandığı haqda məlumat yayılsa da, görünür ki, canlanmış danışıqlar prosesi ölgünləşməyə başlayıb. Amma “Sputnik”in siyasi icmalçısı Arman Vaneskeqyanın yazdığı kimi, Minsk Qrupunun həmsədrləri İrəvanda, Bakıda və Xankəndidə danışıqlar zamanı iki respublikanın XİN başçılarının Vaşinqtonda görüşü mövzusundan “ciddi-cəhdlə yan keçiblər”, amma əvvəllər dünyanın məhz bu paytaxtının adı çəkilib.
O da bəlli olub ki, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin nazirlərin Amerika torpağında görüşünə dair hər hansı hazırlıq barədə məlumatı yoxdur. Erməni icmalçının “Amerika diplomatiyasının özü üçün daha mühüm məsələlərlə məşğul olduğu təəssüratı yarandığı” haqda müşahidəsi olmasaydı, bütün bu coğrafi detallar önəmli olmazdı. Özəlliklə, İranla qarşıdurma, Fələstin-İsrail münaqişəsi, Rusiya və Türkiyə arasında S-400 reaetlərinin alqı-satqısı və sair. Ümumiyyətlə, “böyük siyasətin arxa bağçası”, yəni Qarabağ ən yaxın vaxtlarda Vaşinqtonun gözündə olmayacaq ki, bir məqam olmasaydı, bu da ideyaca faciəli olmamalıdır: ABŞ təmsilçisi Rusiyanınkı kimi Minsk Qrupunun həmsədridir və iki ölkənin Qarabağ tənzimlənməsinə yanaşımı heç də həmişə üst-üstə düşmür. Amma danışıqlar – bu isə amerikalılar tərəfindən hətta Ermənistan və Azərbaycan başçıları səviyyəsində planlaşdırılmışdı – cəbhə xəttində nəfəs dərmək imkanı və heç olmasa, əhatəli hərbi əməliyyatların təzələnməməsinə hansısa zəmanət verir. Amerikalılar Qarabağ tənzimləməsinə münasibətdə taktika və strategiyanı dəyişiblərsə, ya da əksinə, özlərini bundan bir qədər qırağa çəkiblərsə, onda Rusiyanın bu məsələdə inadlı təşəbbüsünü gözləmək məntiqlidir. Amma o ləngiyir. Nədən? Və təkcə Rusiya deyil, həm də başqa həmsədrlər münaqişə zonasında əhatəli hərbi əməliyyatların başlandığını gözlədikləri, Moskvanın “söndürməli olduğu” 2016-cı ilin aprelinə oxşar durum təkrarlanmazmı? O, üç ildə bundan ciddi siyasi xal toplayıb.
Danışıqlar prosesinin irəliləməyini ləngidən daha bir məqam var – Qarabağdakı separatçı rejim və Ermənistan arasında münasibətlər korlanmağa başlayıb: hesab olunur ki, Ermənistanın qabaqkı rejiminin – respublikanın iki keçmiş prezidenti Robert Köçəryan və Serj Sarksyanın tərəfdarları Xankəndidə “səngər tutub”. Onlar “Qarabağ klanı” deyilən qrupun təmsilçiləri sayılır. İrəvanda praktik olaraq açıq danışırlar ki, “əks-inqilabçıların bu yuvasını” aradan qaldırmaq gərəkdir. Belə ki, Dağlıq Qarabağ, demək olar, inqilabi gözləntilər rejimində yaşayır. Və mübahisələrlə: DQR-in “müstəqil” respublika kimi qalması lazımdır, yoxsa Ermənistanın tərkibinə “daxil olmalıdır”? Nə bu, nə o biri variant nə bir il qabaq Ermənistandakı inqilabi qarışıqlıqdan, nə də İrəvan və Xankəndi arasındakı didişmələrdən yararlanan Azərbaycanı qane edə bilər. Bakı, dövlətin yeni başçısı kimi nəticədə bir müddət gözədəyən şəkildə fəallaşan danışıqlar prosesinin tarixi ilə tanışlıq üşün Paşinyana vaxt verdi. Burada yaranan fasilə və hər iki tərəfdən adamların həlakı isə artıq durumun nəzarətdən çıxa biləcəyindən xəbər verir. Bu, Ermənistana nə verər? Yaxşı heç nə – ancaq insan qurbanı, yoxsulluq, işsizlik və əhalinin ölkədən getməsi səviyyəsinin daha da artması.
Əlbəttə, Azərbaycan da insan itkiləri risqinə gedər, amma o,sosial-iqtisadi, maliyyə planında, habelə silahlı qüvvələrin gücü və insan resursları kontekstində Ermənistanı nəzərəçarpan şəkildə keçib. Üstəgəl, Türkiyə də açıq şəkildə Azərbaycanın yanında yer alacağını birgə hərbi təlimlər vasitəsilə Ermənistana çatdırır. Ümumiyyətlə, indi danışıqlar prosesi üçün fon əlverişsizdir: belə çıxır ki, son məlumatlara əsasən, praktikada bəsit “gözə göz, dişə diş” müddəasının gerçəkləşməsilə işimiz var. Və bunun qızışdırıcı “reseptorları” vaxtında dayanmaya bilər”. Bütün bu qeyd edilənlərdən aydın olur ki, yaxın tezlikdə Qarabağ danışıqlarında hansısa ciddi nəticə əldə olmasa, istənilən an genişmiqyaslı savaş başlana bilər.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.