Qarabağ separatçıları ilə Ermənistan hakimiyyəti arasında münasibətlərin getdikcə daha gərgin xarakter alması müşahidə olunmaqdadır. Əvvəlki dövrlərdən fərqli olaraq, indi tərəflər özləri əlaqəlrin heç də normal olmadığını açıq etiraf edir. Məhz belə bir vaxtda Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Qarabağdakı rejimin ünvanına sərt ifadələr səsləndirib.
Erməni mediası yazır ki, Paşinyan hakimiyyətə gələnə qədər separatçı rejim rəhbərliyinin Azərbaycanla Ermənistan arasındakı danışıqlar masasında nələrin müzakirə edildiyini bilmədiyini söyləyib. O, separatçı rejim rəhbərliyinə müzakirə sənədlərini məhz özünün verdiyini bildirib: “Onlardan beş dəfə soruşdum ki, danışıqların hansı istiqamətdə getdiyindən xəbərdardırlarmı? Onlar cavab verdilər ki, bunu bilmirlər. Qarabağın hazırkı ”rəhbərliyi” Ermənistanın keçmiş rəhbərliyi ilə dostdur və hətta onlar bir yerdə rəqs edirlər, lakin bununla belə, keçmiş rəhbərlik Xankəndiyə danışıqlar prosesinin taleyi haqqında məlumat verməyib”.
Bu arada separatçıların lideri Bako Saakyan Paşinyanı təkzib edərək qeyd edib ki, həm indi, həm də əvvəl Azərbaycanla danışıqlara qədər və danışıqlardan sonra Ermənistan rəhbərliyi Qarabağ separatçılarını müzakirə olunan məsələlər barədə məlumatlandırıb. Bu ziddiyyətin nədən yaranması barədə isə hələ də hansısa rəsmi açıqlamalar verilmir. Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan isə Ermənistan və Qarabağ separatçılarının rəhbərliyinin bir-birinə zidd bəyanatlarını şərh etməkdən imtina edib. Mnatsakanyan səsləndirilən bəyanatları yenidən öyrənməyə ehtiyac olduğunu əsas gətirərək, onları şərh etməkdən imtina edib. Lakin bildirib ki, həqiqətən də İrəvanda Qarabağ separatçıları arasında fikir ayrılığı hökm sürür: "Mən səhv etməməyi məsləhət görərdim. Bizim aramızda müəyyən məsələlər, fikir ayrılıqları, mübahisələr, çox şeylər var". Qarabağ rejiminin "təhlükəsizlik şurası"nın rəhbəri Vitali Balasanyan da eyni mövqedən çıxış edir. O vurğulayır ki, həqiqətən də Ermənistan və Qarabağ separatçıları arasında gərginlik var: “Müəyyən gərginlik var və bunu danmaq olmaz. Bu gərginliyi Ermənistandakı hakimiyyət yaradıb. Paşinyanın bitməyən itithamları gərginliyi daha da artırır”. Rusiyalı politoloq Qriqori Trofimçuk da qeyd edir ki, ermənilər arasında gərginliyin daha da artmasını gözləmək olar. Ekspert xatırladır ki, Paşinyan yaranmış durumda Qarabağ rejimini tənqid edərək, onları və keçmiş hökumət nümayəndələrini torpaqları Azərbaycana satmaqğa hazırlıqda ittiham edir: “Tərəflər arasında bu gərginlik İrəvandakı hökumətin Azərbaycanla aktiv danışıqlar apardığı dövrə təsadüf edir. Bəs, Paşinyan Qarabağ danışıqlarının aktivləşdiyi bir zamanda niyə belə addım atdı? Əslində, Qarabağ Paşinyanın son 25 ildə kollektiv danışıqlarla bağlı bütün səyləri ləğv etməyə başladığı əsas fəaliyyət istiqamətlərindən biridir. O elan edir ki, sülh qarşılığında ərazi mübadiləsinə getmir, amma əvvəldən bu, konfliktin həlli prosesində əsas mahiyyəti təşkil edir. Digər tərəfdən, o deyir ki, Qarabağa heç bir aidiyyəti yoxdur, amma burada aktiv şəkildə “hakimiyyəti“ dəyişməyə cəhd edir. Bütün bunlar Qarabağın İrəvandan ayrılmasına gətirib çıxaracaq. Paşinyan hər kəsi hər şeydə ittiham edir, ona görə də hansısa erməni siyasətçinin ünvanına onların guya Azərbaycana torpaq satmaları ilə bağlı ittihamlar artıq yeni xəbər deyil. Bu, ölkədə tezliklə daha sərt formaya keçəcək daxili siyasi mübarizənin bir hissəsidir“.
Ekspertin fikrincə, Ermənistan baş naziri Qarabağdakı “hakimiyyət“ dəyişikliyinə birbaşa təsir göstərsə, o zaman onun Qarabağın müstəqil, ayrı və suveren tərəf kimi danışıqlar masasında əyləşməsi ilə bağlı iddialar avtomatik olaraq qapanacaq: “Məncə, Azərbaycanın özü də bunu yaxşı anlayır. Bu, ən sadə və məntiqli əks-arqumentdir. Paşinyanın özü də “suveren Qarabağın” işlərinə müdaxiləsini xarici dünyadan gizlətmir, halbuki, əsl siyasətçi bunu birmənalı şəkildə gizlədərdi. Bu durumda Paşinyan üçün reytinqinin azalmasını dayandıra biləcək yeni layihələr düşünmək daha da çətinləşir. İndi bu məqsədə çatmaq üçün məhkəmələr hədəf götürülüb. Paşinyanın özü hakimiyyətə qeyri-konstitusion yolla gəlib, ona görə də özünün əsas baza problemini növbədənkənar parlament seçkisi keçirərək, maksimal şəkildə həll etməyə çalışdı. Bu o deməkdir ki, gələcəkdə kütlə onu da devirə bilər. Üstəlik, onun vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı hesabatı etibarsız görünür. Buna artıq daha çox insan əmin olmağa başlayır. Paşinyanın siyasi müxalifəti isə mövcuddur və özünü daha sərt şəkildə göstərməyə başlayıb. Paşinyan siyasətçi kimi zəifdir, bunu isə hər kəs görür və hiss edir. İstənilən halda, artıq aydındır ki, Paşinyan xalqa vəd etdiyini yerinə yetirə bilmədi. Ona görə də Rusiya üçün vacib olan artıq regionda, eləcə də Ermənistanın iştirak etdiyi bütün inteqrasiya və hərbi-siyasi strukturlar daxilində stabilliyin saxlanmasıdır. Bu stabillik təhdid altına qoyulsa, o zaman Moskva, sözsüz ki, burada öz sözünü demək məcburiyyətində qalacaq. İstənilən halda isə Ermənistanda gərginliklər bitməyəcək. Bu gərginlik Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə başlayıb və mütəmadi olaraq inkişaf edir. Paşinyan əhalinin həyat səviyyəsini qaldıra, korrupsiya ilə mübarizə apara bilmir. Ona görə də o, korrupsiya ilə mübarizənin nəticəsinin olmamasına yeni bəhanə ilə haqq qazandırır. Yəni günahkar hakimlər və ümumilikdə məhkəmə sistemidir. Bundan sonra korrupsionerlərin valideynləri, sonra nənələri və babaları, daha sonra isə başqa kimsələr günahkar olacaq. Nəhayətdə xalq dəhşətli korrupsiyada Paşinyanın özünü və komandasını ittaham edəcək“. Bütün bunlar bir daha qarşıdakı dövr ərzində Ermənistanı kifayət qədər gərgin günlərin gözlədiyini deməyə əsas verir.
Nahid SALAYEV