Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsində yaranmış gərgin vəziyyətlə bağlı maraqlı açıqlama verib. Erməni KİV-inin verdiyi məlumata görə, beynəlxalq iqtisadi forumda iştirak etmək üçün Peterburqa uçmazdan əvvəl o, narahatlığını dilə gətirib. Paşinyan səfərdən bir neçə saat əvvəl DİN və MTX rəhbərləri Valeri Osipyan və Artur Vanesyana müraciət edərək, hökumət iclasında bildirib ki, bəzi qüvvələr Ermənistana “hibrid müharibə elan ediblər”.
O, Ermənistanda xaos yaratmaq istəyənlərə, idarəolunmazlıq, dezinformasiya toxumu səpənlərə qarşı qətiyyətli mübarizə aparmağı tapşırıb. Maraqlıdır ki, Paşinyan “hibrid müharibə”ni etmək istəyən insanlar kimi ölkədə formalaşan “qara paltarlılar” hərəkatının formalaşdığını bildirib. Deyib ki, ölkəni qarışdırmaqda lokomotiv rolunu məhz həmin qüvvələr oynayacaqlar.
Paşinyan “hibrid müharibə” deyəndə birbaşa xarici mənbələri göstərməsə də, dolayısı ilə Kremli də bu qüvvələrə dəstək verməkdə ittiham edib və erməni mediasının yazdığına görə, onun narahat Peterburq səfərində də məqsədi Putinlə görüşüb bəzi məsələləri müzakirə etməkdir. Maraqlıdır ki, Paşinyan ölkəni qarışdırmaq istəyən qüvvələrə “qara paltarlılar” adını verir. Bu termin siyasəti və tarixi bilənlər üçün yaxşı tanışdır. Almaniyada və İtaliyada faşistlərin hakimiyyətə gəlməsində “qara köynəklilər” hərəkatı aktiv rol oynayıb. Paşinyanın açıqlamalarından bu qənaətə gəlmək olarmı ki, Ermənistanda faşizm baş qaldırır?
Mübariz Əhmədoğlu: “Hibrid müharibə”ni aparmaq üçün geyimlərdən deyil, texnologiyalardan çox istifadə edilir”
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu “Bakı-Xəbər”ə bildirdi ki, Paşinyan özünü açıqlamaları ilə gülməli vəziyyətə qoyub: “Paşinyan hiss edir ki, ona qarşı narazılıqlar artır. O bilir ki, qısa müddətdə ona qarşı izdihamlı aksiyalar başlaya bilər. Çünki inqilab zamanı verdiyi heç bir vədinə əməl edə bilməyib. Xüsusi qara geyimə gəldikdə isə, mənə elə gəlir ki, bu fikir Paşinyanın ağlına qarabasmadan, hakimiyyəti itirmək qorxusundan gəlib. “Hibrid müharibə”ni aparmaq üçün geyimlərdən deyil, texnologiyalardan çox istifadə edilir. Bilir ki, ona qarşı aksiyaları təşkil edə biləcək vasitə sosial şəbəkələrdir. O, sadəcə, diqqəti “qara paltarlılara” yönəldir ki, əhali arasında vahimə yaransın. Avtomatik olaraq ağıllar faşizmin baş qaldırdığı dönəmə getsin. Əhali prosesə qoşulmasın, hakimiyyətin yanında olsun. Artıq Paşinyanın bu hərəkətinə psixoloji normal olmayan adamın açıqlaması kimi baxırlar. Bu gün səhər gətirib bir qara paltarlı kişini meydana uzadıblar. Onun fotolarını sosial şəbəkələrdə paylaşıb, Paşinyanı ələ salıblar. Amma məsələnin başqa tərəfi də var. Artıq əhali görür ki, Paşinyan qara geyinənlərdən qorxur. Ona görə də həmin rəngdə geyinməyə üstünlük verəcəklər. Düşünmürəm ki, Paşinyana qarşı faşistlərin mübarizə metodlarından istifadə oluna bilər. Mənim təxminlərimə görə, Paşinyana qarşı narazılıq dalğası mitinqlərin təşkili ilə yekunlaşacaq. Onlarda hakimiyyət dəyişiklikləri çox vaxt mitinqlər vasitəsilə olur. Paşinyan bu dalğanın Rusiyadan gəldiyi qənaətindədir. Ona görə də həmin mesajı məhz Peterburqa səfəri ərəfəsində səsləndirdi. Paşinyan bununla demək istəyib ki, Rusiya orada hakimiyyəti dəyişmək üçün “hibrid müharibə” üsullarından istifadə etməyi düşünür. Bütün bunlar Paşinyan real hakimiyyəti itirmək kimi təhlükəni hiss etdiyindən özünü büruzə verir”.
Məhəmmədəli QƏRİBLİ