Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan parlamentdə etdiyi çıxışda “Çiçəklənən Ermənistan” fraksiyasının sədr müavini Tiqran Uruxariyanın sualına cavab olaraq bildirib ki, erməni tərəfi Azərbaycan-Türkiyə birgə hərbi təlimləri ilə bağlı ATƏT-də məsələ qaldıracaq.
Bunu elan olunmamış demarş adlandıran erməni nazir bu məsələnin hökumət tərəfindən xüsusi narahatlıqla izləndiyini bildirib: “Bu narahatlıq regional təhlükəsizlik və sabitlik çərçivəsindədir. Müvafiq alətlərin tətbiqi məsələsi artıq qaldırılıb”.
Azərbaycan ərazilərini işğal edib olmazın soyqırımlar törədən, ərazimizdə dəfələrlə ağır silahlardan istifadə edərək hərbi təlimlər keçirən, ərazilərdə süni yanğınlar törədərək, hətta əkinçiliklə məşğul olan sadə camaata belə əlindən gələn pisliyi edən erməni tərəfi öz bədnam əməllərindən əl çəkmək istəmir.
Görünən odur ki, sözügedən təlimlər erməni tərəfinin canına necə qorxu salıbsa, dünyanın diqqətini buna çəkməyə çalışır. Təlimlər hələ başlamamışdan düşmənin canına qorxu salıb.
Maraqlı olan məqam odur ki, ATƏT sözügedən məsələyə baxa bilərmi? Tutaq ki, ATƏT buna baxıb hər hansı qərar qəbul etdi, o zaman bu nə dərəcədə əsaslı olar?
Əli Orucov: “ATƏT-in bununla bağlı hər hansı qərar verəcəyi real görünmür”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucov buna bir neçə aspektdən yanaşdı: “Ermənistan zaman-zaman Azərbaycan-Türkiyə hərbi əməkdaşlığından narahat olub. Erməni tərəfi Türkiyənin hərbi sahədə malik olduğu böyük təcrübənin fərqindədir və bundan Azərbaycan Ordusunun faydalanmasını narahatlıqla izləyir. Ona görə də məsələni ATƏT müstəvisində qaldırmaqla bunu Azərbaycana qarşı yönəltmək istəyirlər. Ancaq düşünmürəm ki, ATƏT Ermənistanın bununla bağlı “narahatlığını” nəzərə alsın və Azərbaycana yönəlik hər hansı bir qərar qəbul etsin. Onsuz da danışıqlar, praktiki olaraq, dalana dirənmiş vəziyyətdədir. Ermənistan, faktiki olaraq, danışıqları sabotaj edir. Belə bir mürəkkəb ortamda ATƏT-in bununla bağlı hər hansı bir qərarı Azərbaycanın sərt reaksiyasına səbəb ola bilər. Bu da, öz növbəsində, danışıqların pozulmasına səbəb ola bilər. İndiki situasiyada bu nə ATƏT-ə, nə də həmsədrlərə sərf edir. Onlar hesab edirlər ki, bütün hallarda, hansısa danışıqların olması danışıqların olmamasından daha yaxşıdır. Çünki ATƏT hər vasitə ilə çalışır ki, cəbhə bölgəsində hərbi eskalasiya başlamasın. Ona görə də ATƏT-in sözügedən təlimlərlə bağlı hər hansı qərar verəcəyi real görünmür. Başqa bir tərəfdən, ATƏT-in bununla bağlı Azərbaycana yönəlik hər hansı bir qərar vermək əsası da yoxdur. Ona görə ki, Azərbaycanın beynəlxalq hüquqla tanınan əraziləri işğala məruz qalıb. Azərbaycan danışıqlarda iştirak edən tərəf olsa da, bu o demək deyil ki, öz hərbi gücünü artıra bilməz. Bununla yanaşı, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində dəfələrlə qanunsuz olaraq hərbi təlimlər keçirib. Özü də beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq bunu edib. Yaxşı olardı ki, Mnatsakanyan buna izahat versin. ATƏT indiyə qədər Ermənistanın bu həyasızlığına öz etirazını bildirməyib. Hansı ki, işğal olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələrinin böyük heyəti ağır texnikalarla təlimlər keçirir. Azərbaycan müstəqil dövlət olaraq istənilən ölkə ilə müştərək hərbi təlimlər keçirmək hüququna malikdir”.
Vidadi ORDAHALLI