Bakı mənim daim böyük məmnuniyyətlə gəldiyim yerlərin siyahısına daxildir. Baki-xeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə “Moskva-Baku” portalı jurnalistinin UEFA Avropa Liqasının Bakıdakı finalının siyasiləşdirilməsi cəhdləri barədə sualını şərh edərkən bildirib.
M.Zaxarova qeyd edib ki, Rusya XİN idmanın siyasiləşdirilməsinə qarşı çıxır: “Biz bir tərəfdən idmanda siyasiləşdirmələrə adət etməliyik, digər tərəfdən isə bu, o demək deyil ki, biz bununla razılaşmalıyıq. İdman tədbirlərinin siyasiləşdirilməsi xüsusən də BMT tərəfindən müəyyən edilən sənədlərlə, ölkələrin ikitərəfli, çoxtərəfli razılaşmaları ilə ziddiyyət təşkil edir. İdman ayırmağa deyil, birləşdirməyə yönəldilməlidir”.
Bakıya məmnuniyyətlə gəldiyini bildirən RF XİN-in nümayəndəsi deyib: “Bakını təhlükəli şəhər adlandıra bilmərəm. Mən bu şəhərə məmnuniyyətlə gəlirəm. Mən Bakıya həm Xarici İşlər Nazirliyinin əməkdaşı kimi getmişəm, eyni zamanda, hansısa qeyri-rəsmi tədbirlərdə də iştirak etmişəm. Azərbaycan paytaxtında son 10 ildə baş verən dəyişikliklər məni heyrətləndirdi və bu barədə daim danışıram. Bakı mənim daim məmnuniyyətlə gəldiyim yerlərin siyahısına daxildir”.