Bu gün işğalçı Ermənistanda böyük narahatlıqla qarşılanan məqamlardan biri də Azərbaycanın ordusuna ən son hərbi texnikaların alışını həyata keçirməsi, həmçinin bu istiqamətdə yerli istehsalı artırmasıdır. Ölkəmizdə qeyd edilən səpkidə görülən işlərin nəticəsidir ki, indi ordumuzda Ermənistanın yaxın onilliklərdə ala bilməyəcəyi çoxsaylı müasir əsgəri texnika mövcuddur. Özü də belə texnikaların Ermənistanın müttəfiqlərindən, bu ölkə ilə eyni təşkilatlarda yer alan dövlətlərdən alınması İrəvanda olduqca böyük qıcıq yaradır.
Belə bir vaxtda Ermənistanda narahatlıq mənbəyinə çevrilən məqamlardan biri də Azərbaycanın Rusiyadan yeni zirehli transpartyorlar almasıdır. BMT-nin adi silahlar reyestrində 2018-ci ildə ixrac edilən silahlar haqqında Rusiyanın təqdim etdiyi hesabatından məlum olur ki, həmin il Rusiya Azərbaycana 40 ədəd zirehli transportyor tədarük edib. Sənəddə texnikanın sinfini xarakterizə edən ümumi ad “zirehli döyüş maşını” olaraq qeyd edilib. Söhbət burada BTR-82A zirehli transpartyorlarından gedir. Erməni tərəfi burada həm Rusiyanın Azərbaycana hərbi texnika satışını davam etdirməsindən, həm də Azərbaycanın onlarda olmayan texnikalara sahib olmasından ciddi narahatlıq keçirir. Məsələn, erməni politoloq Hayk Xaçikyan qeyd olunan xüsusda bildirir: “Bu texnikaların alınması Azərbaycan ordusunun çevik, bir yerdən digər yerə yerdəyişmə bacarıqlarının inkişafına xidmət edir”. Onun sözlərinə görə, bu tədarük barədə müqavilə bir müddət öncə imzalanıb və 2017-2018-ci illərdə də bənzər tədarüklər olub: “Konkret hansı texnikanın tədarük edildiyinin adı qeyd edilmir, lakin birmənalı şəkildə aydındır ki, söhbət hansı texnikalardan gedir. Söhbət 40 ədəd BTR-82A-lardan gedir. Bu, Azərbaycan ordusunun çevik, bir yerdən digər yerə yerdəyişməsi bacarıqlarının inkişafına xidmət edir. Ermənistanın belə bir zirehli texnikası yoxdur”. Xaçikyan əlavə edib ki, Rusiya və Azərbaycan arasında razılaşma əsasında bundan əvvəl ümumi dəyəri 120 milyon dollar olan 85 ədəd döyüş maşını tədarük edilib.
Məlumat üçün bildirək ki, BTR-82A zirehli transportyorları 2013-cü ildən Azərbaycan ordusunun silahlanmasına daxildir. Bu zirehli maşınlar ayrı-ayrı vaxtlarda keçirilən təlimlərdə, o cümlədən 2016-cı ilin aprel ayında cəbhədə baş vermiş döyüşlərdə istifadə olunub. BTR-82A zirehli transportyorların əvvəlki partiyalarını istifadə edən Azərbaycan hərbçilərinin tələbi və təklifi ilə maşınlarda istehsalçı müəssisə tərəfindən bəzi təkmilləşdirmələr aparılıb. Nəticədə zirehli transportyorun döyüş imkanları yüksəldilib. Rusiyanın “Hərbi Sənaye Kompleksi” müəssisəsi tərəfindən istehsal olunan BTR-82A zirehli transpotyoru 1986-cı ildən silahlanmada yer alan BTR-80 və BTR-80A tipli zirehli transportyorların dərin müasirləşdirilmiş versiyasıdır. Lakin BTR-82A öz sələflərini döyüş və texniki xüsusiyyətlərinə görə praktik olaraq iki dəfədən çox üstələyir.
BTR-82A-nı özündən əvvəlki zirehli transportyorlardan fərqləndirən cəhətlərdən ən əsası isə onun daha güclü mühərriklə təmin olunması və zirehin gücləndirilməsidir. Zirehli transportyorun məsafədən idarə olunan döyüş modulunda əsas silah kimi 30 millimetrlik 2A72 avtomat top və ikinci silah kimi 7.62 millimetrlik PKTM pulemyotu daxildir. Unifikasiya edilmiş modulda yerli və xarici istehsal olan digər artilleriya silahları da qurula bilər. Döyüş modulunda müasir müşahidə və nişangah sistemləri tətbiq olunub. Əvvəlki nəsil zirehli transportyorlardan fərqli olaraq BTR-82A-a kondisioner, beşinci nəsil müasir rabitə vasitələri və “Trona-1” topoqrafiya səmt sistemi ilə təchiz edilib. Azərbaycan ordusunun ixtiyarında bu qəbildən olan texnikanın sayının artması isə təbii olaraq Ermənistanca ciddi təşviş doğurur. Çünki bütün bunlar Dağlıq Qarabağ münaqişəsi hərbi müstəvidə həll olunacağı təqdirdə ölkəmizin üstünlüyünün əhəmiyyətli dərəcədə artmasına xidmət edir. Erməni mediası yazır ki, yaranmış durumda Ermənistan ordusunda xaosun böyüməsi Azərbaycanın üstünlüyünü artıran digər faktor qismində çıxış edir. Ermənistanın sabiq müdafiə naziri, ictimai şuranın sədri Vazgen Manukyan da bildirir ki, Azərbaycandan fərqli olaraq, erməni ordusunda müsbət heç nə gözə dəymir və bu gedişlə vəziyyətin daha da pisləşməsi gözlənir. Konkret misal kimi o diqqətə çatdırır ki, 2016-cı ildə baş verən döyüşlərin detallarının araşdırılması üçün parlamentin istintaq komissiyasının yaradılması təhlükəlidir. Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizə aparmaqla hansısa şeyləri dağıtmaq olmaz: “İlk növbədə deməliyəm ki, parlament ordunun işlərinə qarışmamalıdır. Keçən aylar ərzində baş verənləri gördükdən sonra əminəm ki, ordunun işlərinə sonadək qarışacaqlar. Müharibə məsələlərinin parlamentdə müzakirəsinin əleyhinəyəm. 2016-cı ildə baş verən döyüşlərin detallarının araşdırılması üçün parlamentin istintaq komissiyasının yaradılması təhlükəlidir. Doğrudur, orduda korrupsiya faktları mövcuddur və mən bunu inkar edə bilmərəm. Lakin korrupsiyaya qarşı mübarizə aparmaqla hansısa şeyləri dağıtmaq olmaz. Mən Ermənistan ordusunun bu şəkildə dağılmasını arzu etməzdim”.
Xatırladaq ki, mayın 31-də erməni parlamentinin sədri Ararat Mirzoyan bəyan edib ki, 2016-cı ilin aprel döyüşlərinin detallarının araşdırılması üzrə istintaq komissiyası yaradılıb. Erməni parlamentinin əsasnaməsinə görə, istintaq komissiyasına parlamentin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Köçəryan rəhbərlik etməlidir. Bundan öncə isə Ermənistan baş naziri Nikol Paşinyan məhkəmə hüquq sistemi haqqında çıxışı zamanı qeyd edib ki, 2016-cı ilin aprel döyüşlərinin detallarının araşdırılması üzrə parlament komissiyasının yaradılması və hər kəsi narahat edən bir sıra sualların cavablarının verilməsinin zamanı yetişib. Xatırladaq ki, aprel döyüşləri Ermənistan ordusunda təchizat, komandanlıq, hərbi hissələr arasında əlaqə və digər sahələrdə ciddi problemləri ortaya çıxarıb. Bu faktlara görə Müdafiə Nazirliyinin o vaxtkı rəhbərliyinə daxil olan şəxslərin, demək olar ki, hamısı vəzifəsini itirib. Aprel döyüşlərinin yenidən araşdırılması erməni ordusunda yeni həbslərin olmasını istisna etmir. Bütün bunlara nəzər salan “İravnuk” qəzeti yazır: “Azərbaycan 2016-cı ilin aprelindən sonra ordusunu daha da gücləndirir, yeni texnikaların alışını həyata keçirir. Bizdə isə o vaxtdan indiyə qədər yaxşıya doğru dəyişən nəsə yoxdur. İndi də yeni istintaqla ordunun daha da sarsıdılımasına hazırlıq gedir. Belə olan halda yeni aprel döyüşləri ordumuz üçün yeni sərt zərbə olacaq və Azərbaycan daha böyük ərazilər üzrində nəzarəti qaytaracaq. Özü də nəzərə almaq lazımdır ki, Bakı savaşa intensiv hazırlıq görür”.
Ermənistanın “Joğovurd” nəşri də məsələyə diqqət yetirərək yazır ki, Azərbaycan yeni texnikalarla ordusunu gücləndirdiyi halda, erməni tərəfi əlində olanları da məhv edir: “Bunun təsdiqini göstərən dəhşətli faktın üstü bu günlərdə açıldı. Belə ki, Ermənistan ordusunun zabiti 11 döyüş avtomobilindən benzin çəkərək onların yanacaq çəninə su töküb”. Nəşrin məlumatına görə, yanacaq çəninə su tökülən 11 döyüş avtomobili texniki problemlərlə üzləşib və onların istismar edilməməsinə qərar verilib: “Ermənistan Respublikasının hüquq-mühafizə orqanları bir neçə gün bundan öncə Müdafiə Nazirliyinin hərbi hissələrindən birində əlamətdar hadisə aşkarlayıb. Hüquq-mühafizə orqanları Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində yoxlamalar həyata keçirərkən ortaya çıxıb ki, həmin hərbi hissənin zabiti 11 döyüş avtomobilindən benzin çəkib və onların yanacaq çəninə su töküb. Bundan başqa, məlum olub ki, bütün bunların nəticəsində 11 döyüş avtomobili texniki problemlərlə üzləşib və onların istismar edilməməsinə qərar verilib. Bizdə olan məlumatlara görə, Ermənistan İstintaq Komitəsindən bildirilib ki, hadisə ilə bağlı cinayət işi açılıb. İstintaq davam etdirilir. Elə istintaqla məlum olub ki, Ermənistanda “N” saylı hərbi hissənin batareyasının baş zabiti, baş leytenant A.Qambaryan hərbi hissənin qarovul xidməti tərkibində qarovul rəisi kimi xidmətə cəlb olunub. Oğurluq etmək məqsədilə məcburi xidmət hərbi qulluqçuları R. Saruxanyan və V.Abrahamyanla birgə hərbi hissənin qarovul məntəqəsinə daxil olub, rəsmi mövqeyindən sui-istifadə edərək, qarovul xidmətini yerinə yetirən məcburi xidmət hərbi qulluqçusu R.Hovhanisyana onların işinə mane olmaması və müdaxilə etməməsi barəsində göstəriş verib. Bundan sonra qarovul rəisi qarovul xidməti qaydalarını pozaraq qarovul xidmətinin yerinə yetirildiyi ərazidən uzaqlaşıb. Daha sonra baş leytenant Qambaryan əsgərlər R. Saruxanyan və V.Abrahamyanla öncədən razılığa gələrək, hərbi hissənin döyüş maşınları üçün dayanacaq olaraq istifadə edilən tikililərə daxil olublar. Həmin tikililərdə saxlanılan 11 ədəd döyüş avtomobilinin yanacaq çənlərindən rezin boru vasitəsilə gizli yolla ümumi həcmi 240 litr dizel yanacağı ələ keçiriblər. Bunların üstü açılıb. Amma bunun nə faydası olacaq? Ordumuzda texnika çatışmazlığı olduğu halda daha 11 döyüş avtomobili sıradan çıxarıldı. Bunlar isə Azərbaycanla mümkün döyüşlərin nəticəsinə təsir edir”.
Bütün bu qeyd edilənlər çox aydın şəkildə nümayiş etdirir ki, ordunun təminatı və döyüş qabiliyyəti baxımından Azərbaycanla Ermənistan arasında fərq əvvəlki kimi artmaqda davam edir. Məhz bu şəraitdə Qarabağ konfliktinin güc müstəvisində həlli Ermənistan üçün kifayət qədər ağır zərbə olacaq. Azərbaycanın malik olduğu hərbi texnikanı işə salması təkcə zəbt edilmiş ərazilərimizdə yox, elə Ermənistanın özündə də düşməni böyük itkilərə vadar edəcək. Özü də bunu Ermənistanın özündə yaxşı başa düşənlərin sayı heç də az deyil.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.