Rusiya və ABŞ arasında Avropanın qaz bazarı uğrunda rəqabət getdikcə kəskinləşir. Böyük həcmdə maye qaz istehsalına başlayan ABŞ bunun üçün ən yaxşı satış bazarı qismində Avropanı görür. Amma ABŞ-dan maye qazın Avropaya ixracı baha başa gəlir. Digər tərəfdən regionda rus qazının mövcudluğu ABŞ-ın işini çətinləşdirir. Amma Avropanın bəzi ölkələrinin Rusiya qazının alışına qarşı çıxması indiki vəziyyətdə Vaşinqtonun lehinə işləyən amil kimi dəyərləndirilir.
İndilikdə isə görünən budur ki, ABŞ və Rusiyanın qaz çəkişməsi davam edəcək. Amma bu fonda Azərbaycan qazı artıq gələn ilin əvvəlindən Avropaya çatacaq. Özü də artıq Avropa Azərbaycandan nəzərdə tutulduğundan daha çox həcmdə qaz almağa hazır olduğunu bəyan edib. Qeyd olunduğu kimi, gələn ilin əvvəlindən TAP kəmərilə Azərbaycan qazının Avropaya kommersiya tədarükünə başlanacaq. Araşdırmalar göstərir ki, ABŞ və Rusiya arasında kəskinləşən rəqabət fonunda Şərqi Avropa ölkələri Azərbaycanın "Cənub Qaz Dəhlizi"nə getdikcə daha çox maraq göstərir. Azərbaycan isə bu gedişlə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayacaq, çünki təkcə tədarükçü kimi yox, həm də Türkmənistan və perspektivdə Qazaxıstan qazının tranzit ölkəsi kimi çıxış edəcək. Bu durumda isə Rusiyanın "Şimal axını-2” layihəsi ətrafında Moskva - Vaşinqtonla münasibətləri daha gərgin mərhələyə qədəm qoyur.
ABŞ Dövlət Departamenti belə vəhziyyətdə yenidən Avropa İttifaqını "Şimal axını-2" layihəsindən imtina etməyə çağırıb. ABŞ senatorları isə artıq yeni sanksiyalara hazırlıq görərək, "Şimal axını-2” borusunun tikintisində istifadə olunan gəmilərə sığorta xidmətlərini göstərən fiziki və hüquqi şəxslərə qarşı ən azı beş növ sanksiyanın tətbiq olunmasını təklif ediblər. Sözügedən təkliflərin qeyd olunduğu qanun layihəsi mayın 14-də Konqresə təqdim olunub, lakin sənədin tam mətni iyunun 4-də dərc olunub. Təklif olunan sanksiyalara, həmçinin, aşağıdakılar daxildir: ixrac lisenziyalarının verilməsinə qadağa; il ərzində ümumi həcmi 10 milyon dollardan artıq kreditlərin alınmasına qadağa; ABŞ dövlət borcları və ya federal maliyyə vasitələri üzrə əməliyyatlara qadağa; ABŞ yurisdiksiyası zonasında ödənişlərin aparılmasına və əmlak əməliyyatlarına qadağa; ABŞ ərazisinə daxil olmaq qadağası və Rusiya boru xətlərinin tikintisində istifadə olunan gəmilərin satışı, kirayəsi və təmir edilməsində iştirak edən şəxslərin ABŞ yurisdiksiyasında aktivlərinin dondurulması.
Qanun layihəsinin müəllifləri senatorlar Ted Kruz, Cin Şaxin, Con Barraso və Tom Kottondur. "Foreign Policy" jurnalı güman edir ki, iki tikinti şirkəti bu sanksiyaların hədəfinə tuş gələ bilər. Bunlar İsveçrənin "Allseas" və İtaliyanın "Saipem" şirkətləridir. Sanksiyaların "Türk Axını" layihəsinin dəniz hissəsinin də reallaşmasına təsir edə biləcəyi bildirilir. Bir daha xatırladaq ki, 1220 kilometr uzunluğundakı “Şimal axını-2” qaz boru kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql etmək gücünə malik olacaq. Rusiyanın enerji nəhəngi “Qazprom” açıqlayıb ki, “Şimal axını-2” layihəsi 2019-cu ilin sonunadək başa çatdırılacaq. Baltikyanı ölkələr, Polşa və Ukrayna “Şimal axını-2” qaz boru kəmərinin tikintisinə qarşı çıxır. Bu ölkələr hesab edirlər ki, “Şimal axını-2” iqtisadi layihə deyil və Avropanın bütövlüyünə zərbə vurmağa hesablanıb. ABŞ da Almaniyanın Rusiya ilə "Şimal axını-2" qaz razılaşmasını imzalamasına qəti etiraz edir və iddia edir ki, bununla Avropanın Rusiyadan qaz asılılığı daha da artacaq. Vaşinqton ehtiyat edir ki, "Şimal axını-2" qaz kəmərinin təhlükəsizliyini bəhanə edərək, Moskva gələcəkdə Baltik dənizindəki hərbi mövcudluğunu gücləndirəcək. Bu arada xatırladaq ki, bir müddət əvvəl Avropa İttifaqı ölkələrinin enerji səfirləri "Şimal axını-2" kimi kəmərlərlə qaz verilməsinin tənzimlənməsində blokun qaydalarının genişləndirilməsi ilə bağlı yeni təklifi qəbul edib. Razılaşmaya əsasən, Almaniyanın tənzimləyici orqanları “Şimal axını-2” kimi layihələrə nəzarət edəcək, amma son sözü Avropa İttifaqının tənzimləyiciləri deyəcək. Ekspertlər deyir ki, yeni qaydalar işə düşdükdən sonra onlar Rusiyanın “Qazprom” şirkətini Avropa İttifaqının qaydalarına tabe edəcək və onun yeganə operator olmasına imkan verməyəcək. Belə vəziyyət isə Rusiyanı qane etmir. Almaniya da buna qarşı çıxır.. Bu durumda Avropa ölkələri arasında layihə ilə bağlı ikitirəlik də artır. Ekspertlər hesab edir ki, yaranmış vəziyyətdə Avropa digər mənbələrdən, əsas etibarı ilə də Azərbaycandan daha çox qaz almağa çalışacaq.
Nahid SALAYEV