Türkiyənin də daxil olduğu İslam dünyasının yeni bir baxışa ehtiyacı var. Bu barədə mətbuata açıqlamasında Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu bildirib.
Davudoğlunun sözlərinə görə, hazırda Türkiyə yüksək şüarlara ehtiyac duymur, amma gerçək fəaliyyətə ehtiyac duyur. Sabiq baş nazir, həmçinin, qeyd edib ki, yeni baxış həm də mənəvi dəyərlərin qorunması deməkdir. O hesab edir ki, təməl dəyərləri itirməmək üçün indiki dövrdə buna ehtiyac var. Bununla belə, Davudoğlu qeyd edib ki, müsəlman ölkələri öz problemlərini həll etmək üçün səylərini birləşdirməlidirlər.
O da məlumdur ki, neçə vaxtdır Türkiyədə Davudoğlunun rəhbərliyi ilə partiyanın yaradılacağı ilə bağlı iddialar var. Ara-sıra Davudoğlu dolayı da olsa çıxışlarında buna eyham vurur. Vaxtilə AKP hakimiyyətində təmsil olunmuş və baş nazir kimi mühüm postu tutmuş Əhməd Davudoğlunun yeni partiya qurmaq istəyi hakim siyasi qüvvə tərəfindən narahatlıqla qarşılanır. Hətta MHP sədri Dövlət Bağçalı belə buna tənqidi prizmadan yanaşıb. Onun sözlərinə görə, Türkiyənin yeni partiyaya ehtiyacı yoxdur.
Ancaq Davudoğlunun son açıqlaması böyük marağa səbəb olub. Bəziləri hesab edirlər ki, bu, yeni siyasi təşkilatın yaradılmasının anonsudur.
Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər? Davudoğlu “Türkiyənin yeni bir baxışa ehtiyacı var” deyərkən bununla nə demək istəyir?
Elçin Mirzəbəyli: “Proseslərin Davudoğlunun xeyrinə inkişaf edəcəyini demək mümkün deyil”
Məsələyə münasibət bildirən politoloq Elçin Mirzəbəyli Davudoğlunun son açıqlamasına birmənalı prizmadan yanaşmadı: “Türkiyəyə yeni baxış lazımdırsa, o zaman Davudoğlu hakimiyyətdə olduğu vaxt bunu ortaya qoya bilərdi. Ancaq o zaman o buna getmədi və yaxud da həyata keçirə bilmədi. Davudoğlunun “Qonşularla 0 problem” nəzəriyyəsi vardı. Ancaq, nəticə etibarilə, sözügedən yanaşma bütün qonşularla problemin yaranmasına səbəb oldu. Az qala Azərbaycanla belə bəzi problemlər yaranacaqdı. Söhbət futbol diplomatiyasından və Ermənistanla imzalanan protokollardan gedir. Qeyd edim ki, o protokollar Davudoğlunun nəzəriyyəsinin nəticəsidir. Zaman göstərdi ki, onun nəzəri proqramları praktikada bir sıra problemlərə rəvac verdi. Bu aspektdən onun fikirlərinə nikbin yanaşmıram. Digər tərəfdən, ola bilər ki, Davudoğlu bununla yeni partiyanın yaradılacağı anonsunu verir. Ancaq bu məsələdə bir sıra suallar ortaya çıxır. Məsələ ondadır ki, Davudoğlunun elektoratı AKP-nin elektoratı ilə eynidir. O mənada ki, Türkiyədə iki əsas ideoloji platforma var. Bunlardan biri sağçılardır, digəri solçular. Davudoğlunun ideoloji baxışları sağa yaxındır. O, partiya yaratsa belə, AKP elektoratının onun ardınca gedəcəyi və yaxud da böyük hissəsinin ona qoşulacağı real deyil. Çünki indiki şəraitdə Türkiyədə milliyyətçi cəbhənin Davudoğluya qoşulacağı real görünmür. Baxmayaraq ki, Davudoğlu hakim partiyadan narazıdır, bütün hallarda, proseslərin onun xeyrinə inkişaf edəcəyini demək mümkün deyil”.
Vidadi ORDAHALLI