Məlum olduğu kimi, mayın 31-də Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) dövlət və hökumət başçılarının 14-cü Zirvə toplantısı keçirilib. Toplantı nəticəsində yekun kommünike sənədi qəbul edilib.
Yekun sənəddə Qarabağla bağlı bir sıra maraqlı məqamlar yer alıb. Belə ki, sənədin 34-cü və 35-ci bəndlərində Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti ilə bağlı İƏT-in prinsipial mövqeyi öz əksini tapıb. Bu bəndlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti pislənir, beynəlxalq hüquq və BMT Nizamnaməsi ilə ərazilərin güc tətbiq etməklə işğalının qəbuledilməzliyi təsdiqlənir, BMT TŞ-nin 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsi və işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur.
Sənəddə İƏT dövlət və hökumət başçıları münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllinə çağırır. Ən maraqlı məqam ondan ibarətdir ki, sənəddə işğala xidmət edəcək hər hansı fəaliyyətin qanunvericiliklə qarşısının alınması tələbi öz əksini tapıb. İƏT-ə üzv ölkələrdən effektiv tədbirlərin həyata keçirilməsi, o cümlədən, işğalçıya öz ərazilərindən və ya əraziləri vasitəsilə silah ötürülməsinin, fiziki və hüquqi şəxslərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı hər hansı fəaliyyətinin və işğalın saxlanmasına xidmət edəcək hər hansı fəaliyyətin milli qanunvericilikləri vasitəsilə qarşısının alınması tələb olunur. Sənəddə Azərbaycanın BMT Baş Assambleyası vasitəsilə də daxil olmaqla, ərazi bütövlüyü və suverenliyini bərpa etmək səylərinə prinsipial dəstək bir daha təsdiq olunur.
İƏT zaman-zaman keçirdiyi toplantılarda Qarabağla bağlı Azərbaycanın mövqeyini dəstəkləyib. Ancaq indi bu məsələ ilə bağlı məqamların qanunvericiliyə salınması məsələsi yenilikdir. Ona görə də bunun əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?
Məhəmməd Əsədullazadə: “Bu kimi sənədləri qanunverici orqanlarında qəbul edərlərsə, işğalçı ölkəyə ciddi təzyiq etmiş olacaqlar”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən müsbət yanaşdı: “İslam Əməkdaşlıq Təşkilatı ölkəmizin ərazi bütövlüyünə daim siyasi dəstək verib. Təşkilat, birmənalı olaraq, qəbul etdiyi qətnamələrdə Ermənistanı işğalçı ölkə adlandırıb və ərazilərin boşaldılmasını tələb edib. Bu cür yanaşma analoji olaraq hər konfransda elan edilir. Ancaq təəssüf ki, təşkilatın təzyiq mexanizmi yoxdur. Buna baxmayaraq, İƏT üzvü olan dövlətlər işğalçıya təzyiq etmək iqtidarındadırlar. Qeyd edim ki, müsəlman ölkələrinin bir neçəsi işğalçı Ermənistanla heç bir əlaqəyə malik deyil. Təşkilatın əsas strategiyası isə bütün üzv dövlətləri işğalçıya qarşı səfərbər etməkdir. Məhz qəbul edilən bu kommünikedə üzv ölkələrin qanunverici orqanları da eyni qətnamənin qəbul edilməsinə çağırılır. Hesab edirəm ki, bu mötəbər qətnamə bir sıra müsəlman ölkələri tərəfindən qəbul edilməlidir. Bu kimi sənədləri qanunverici orqanlarında qəbul edərlərsə, işğalçı ölkəyə ciddi təzyiq etmiş olacaqlar. Azərbaycan bu istiqamətdə islam ölkələri ilə danışıqlar aparmalı və bu kimi qərarların qəbul edilməsinə nail olmalıdır. Yeni dünya nizamı formalaşır və belə bir dövrdə işğalçı ölkəyə qarşı təzyiq mexanizminə gedilsə, bu, sülhə və təhlükəsizliyə xidmət edəcək. Belə bir qətnamə Azərbaycana siyasi dəstək vermiş oldu və digər İslam ölkələri bunu əməldə nümayiş etdirsələr, öz siyasi nüfuzları qalxacaq”.
Vidadi ORDAHALLI