İstanbulun bələdiyyə başçısının müəyyən edilməsinə çox az vaxt qaldığı dönəmdə Türkiyənin ən məşhur sosial sorğu mərkəzləri öz araşdırmalarının və keçirdikləri sorğuların nəticələrini açıqlayıbar. Nəticələrdə şəxsi keyfiyyətləri və seçici simpatiyası məsələsində CHP-nin namizədi Əkrəm İmamoğlunun AKP-nin namizədi olan Binəli Yıldırımı qabaqladığı müşahidə olunur. Hətta AKP-yə yaxınlığı ilə tanınan bəzi məşhur reytinq şirkətləri belə İmamoğlunun Yıldırımı üstələdiyini bildirirlər.
Doğrudur, müstəqil sorğu şirkətləri İmamoğlunun sabiq baş naziri 4-5 faizlik səs fərqi ilə qabaqladığını bildirirlərsə, məsələn, hakim partiyaya yaxın olduğu deyilən “MAK Danışmanlık Araştırma”ya görə, CHP-nin namizədi cəmi 2 faizlik üstünlüklə öndədir.
“MAK”ın açıqladığı sorğu nəticələrinə görə, seçicilərin 50.3 faizi İmamoğluna, 48.2 faizi isə Binəli Yıldırıma səs verməyə hazırlaşır. Ancaq, məsələn, digər nüfuzlu sorğu şirkəti olan “Optimar” İmamoğluna 52, Yıldırıma isə 48 faiz səs veriləcəyini proqnozlaşdırır. Onu da qeyd edək ki, həmin bu şirkətlər birinci turdan, yəni 31 mart seçkisindən əvvəl Yıldırımın qalib gələcəyini proqnozlaşdırırdılar.
“MAK”ın sorğusu təkcə seçicilərin birbaşa olaraq İstanbulda hansı namizədə səs verəcəklərilə bağlı olmayıb. Məsələn, partiyalarla əlaqədar sorğunun nəticələrinə görə, İstanbulda seçicilərin 40 faizi AKP-yə, 28 faizi isə CHP-yə səs verməyə hazır olduqlarını bildiriblər. MHP və İYİ Partiyanın hərəsinə 8, HDP-yə isə 11 faiz seçici səs verməyə hazırdır. Göründüyü kimi, partiya olaraq AKP CHP-ni üstələsə də, bələdiyyə başçısına namizəd sarıdan ortaya fərqli nəticə çıxır. Bu o deməkdir ki, İmamoğluna səs verənlər arasında AKP elektoratı da var. Hətta MHP-lilərin də bir qisminin İmamoğlunu dəstəklədiyi bildirilir.
Sorğu digər bir maraqlı məqamı da ortaya çıxarıb. Nəticələr göstərir ki, birinci turda səs verənlərin 13 faizi ikinci turda artıq digər namizədə səs verməyə hazırlaşır. Bu, vəziyyəti bir qədər də qarışdırır və müşahidəçilər fikrini dəyişən seçicilərin məhz Yıldırıma səs vermiş AKP-lilər olduğu qənaətindədirlər. Belə ki, paralel olaraq, Türkiyə MSK-sının 31 mart seçkisinin nəticələrinin ləğvinə dair qərarına münasibət bildirən seçicilərin böyük əksəriyyəti bu qərarı ədalətsiz hesab ediblər. Rəyi soruşulanların yalnız 43 faizi qərara haqq qazandırıblar.
İstanbul bələdiyyə seçkilərinin ikinci turu ərəfəsində İmamoğlunun aşkar üstünlüyü nə ilə bağlıdır və bu rəqəmlər rəsmi nəticələrdə öz əksini tapa bilərmi?
Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə bildirdi ki, İmamoğlunun qalib gəlmə şanslarını şərtləndirən bir sıra amillər var və bu təkcə onun şəxsinə, yaxud partiyasına olan rəğbətlə bağlı deyil: “Doğrudur, İmamoğlu daha gənc, çevik siyasətçidir, dünyəvilik tərəfdarı olan bir partiyanın namizədidir və bu səbəbdən dünyəvi düşüncəli seçicilərin rəğbətini qazanmış ola bilər və s. Heç sübhəsiz, bu amillərin rolu var. Lakin istənilən iqtidar partiyası, hakimiyyətdə olan qüvvənin nüfuzunun azalma dövrü, günəşinin qürub çağı olur. Bu, istənilən dövrdə, istənilən quruluşda hakimiyyətin dəyişməz qanunauyğunluğudur. Bu gün Türkiyədə AKP həmin dövrə qədəm qoyub. Artıq insanlar dəyişiklik istəyir, yeniliyin hər şeyi daha yaxşıya doğru dəyişəcəyinə ümid edir və s. İmamoğlu ilk seçkidə ona görə qalib gəldi ki, həm İstanbul əhalisi 2002-ci ildən bəri hakimiyyətdə olan AKP-dən sanki yorulub və yenilik istəyirdi, həm də AK partinin özündə bir arxayınçılıq yaranmışdı. CHP və FETÖ-nün seçkiyə hiylə qatdığı AKP tərəfindən iddia kimi irəli sürülürsə, deməli, burada AKP-nin özünün də səhlənkarlığı rol oynayıb ki, qarşı tərəfə belə bir imkan verilib. Ərdoğan ilk olaraq ətrafına baxmalı, bu komanda ilə yola davam edib-etməyəcəyinə qərar verməlidir. AKP-nin bir çox nüfuzlu qurucu üzvləri oradan uzaqlaşıb və hətta Ərdoğanın siyasi rəqibinə çevriliblər, yeni partiya qurmaq planları müzakirə edilir. Deməli, AK partiyanın İstanbulu uduzması təsadüfi deyildi. Onsuz da son illərdə Türkiyədə referendum, prezident seçkiləri seçicilərin tən yarıya bölünməsi ilə müşahidə olunurdu və İstanbul seçkiləri də bunu bir daha təsdiq etdi. Səs nisbəti AK parti və qeyriləri nisbətində yarıbayarı bölünürdü. Ötən il lirənin kəskin ucuzlaşması əhali arasında panika yaratmışdı və yəqin ki, bu qorxu hələ də qalır. Ərdoğanın ABŞ-la ultimatum dilində danışması, münasibətlərin hələ də yoluna qoyulmaması əhalinin iqtisadi tərəqqi, maddi rifah arzularına kölgə salır və təşviş yaradır. Mümkündür ki, insanlar CHP namizədinin qalib gəlməsini həm də əvvəlki dövrlərdə olduğu kimi, Qərblə münasibətləri yaxşılaşdırma, ABŞ-ın Türkiyəyə təzyiqindən, onun iqtisadi hücumlarından çıxış yolu kimi görmüş ola bilərlər. İstanbul əhalisi Anadolu hissəsinə nisbətən daha savadlı, dünyəvi düşüncəlidir, siyasi baxımdan daha yetkindir və bununla Ərdoğanın anti-Qərb siyasətinə etiraz etmiş də ola bilərlər”.
Politoloqun sözlərinə görə, artıq Ərdoğandan sonra belə bir presedent yaranıb ki, İstanbul bələdiyyə başkanı Türkiyənin gələcək prezidenti postuna potensial namizəddir: “Bu baxımdan İmamoğluna səs verən seçicilər həm də Türkiyənin gələcək prezidentinə, ölkəni yenidən dünyəviliyə qaytaracaq, ABŞ və digər müttəfiqlərlə yanmış körpüləri bərpa edə biləcək siyasətçiyə səs verdiklərini düşünmüş ola bilərlər”.
Məhəmmədəli QƏRİBLİ