Prezident İlham Əliyev iyunun 3-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon Azərbaycanda fəaliyyət müddətinin başa çatdığını qeyd edərək, ötən dövr ərzində ölkəmizlə təmsil etdiyi qurumun səmərəli əməkdaşlıq həyata keçirdiyini vurğulayıb. Bu müddətdə ölkəmizin Dünya Bankı ilə əlaqələrinin çox uğurlu olduğunu deyən Mersi Tembon “Doing Business” hesabatında Azərbaycanın əhəmiyyətli dərəcədə irəli getməsini önəmli hadisə kimi dəyərləndirib. Son illərdə Azərbaycanın sürətlə inkişaf etdiyini bildirən qonaq Prezident İlham Əliyevin rəhbərliyilə Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlıqda böyük uğurlara nail olunduğunu xüsusi vurğulayıb. Ölkəmizlə əməkdaşlığın perspektivlərinə toxunan Mersi Tembon qarşıdakı illər üçün növbəti sosial-iqtisadi inkişaf proqramının hazırlanmasında Dünya Bankının Azərbaycana məsləhətçi kimi dəstək verməyə hazır olduğunu deyib. Qeyd edib ki, artıq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı, özünüməşğulluq sahələrində Dünya Bankı ekspertləri ilə ölkəmizin müvafiq strukturları arasında layihələrin hazırlanmasına başlanıb. O, icbari tibbi sığorta və ədliyyə sahələrində də işlərin getdiyini bildirib. Sonra Mersi Tembon Dünya Bankının Cənubi Qafqaz üzrə yeni regional direktoru Sebastian Molenösü təqdim edərək əminliyini bildirib ki, gələcək illərdə də Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlıq uğurla davam etdiriləcək.
Xoş sözlərə görə minnətdarlığını bildirən dövlət başçısı Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın inkişaf etdirilməsində Mersi Tembonun rolunu yüksək qiymətləndirib və Dünya Bankının Cənubi Qafqaz üzrə yeni regional direktoru Sebastian Molenösə fəaliyyətində uğurlar arzulayıb.