Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllində maraqlı olduğunu bəyan edən Azərbaycan problemin bu səpkidə çözümünü tapması üçün artıq işğalçı Ermənistanın əməli addımlar atmasının zəruri olduğunu dəfələrlə bəyan edib. Əks təqdirdə Bakı hadisələrin başqa məcrada inkişafına görə də məsuliyyətin məhz İrəvanın üzərində olduğunu diqqətə çatdırıb. İndilikdə isə Azərbaycanın əsas istəyi Ermənistanın kofnliktin çözümünə xidmət edən real addımlar atmasıdır.
ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona son səfəri və bu zaman cəbhədə törədilən erməni təxribatı, İrəvanın bu xüsusda nümayiş etdirdiyi mövqeyə münasibətdə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada da bu məqama yenidən xüsusi diqqət çəkilir.
Burada qeyd edilir ki, Ermənistan beynəlxalq ictimaiyyətin tələblərinə uyğun olaraq münaqişənin həllində nəticəyə yönəlik addımlar atmalıdır: "Ermənistan Xarici İşlər Nazirliyinin Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki sonuncu vəziyyətlə bağlı olduqca emosional və bir o qədər ziddiyyətli bəyanatla çıxış etməsinin səbəblərini anlamaq olar. Bu, böyük ehtimalla, Ermənistan rəhbərliyinin hazırda ölkədəki daxili vəziyyətə reaksiyasına uyğundur. Xatırladırıq ki, Ermənistan xarici işlər nazirləri səviyyəsində növbəti görüşə razılıq verib. Reallıqlar isə dəyişilməz olaraq qalır; Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş torpaqlarından çıxmalıdır. Gələcəkdə Ermənistana kimin rəhbərlik etməsindən asılı olmayaraq, bölgənin gələcək inkişafı üçün digər alternativ mövcud deyil. Ermənistan tərəfi etiraf etməlidir ki, insan itkisinin, fəlakətlərin və qarşılıqlı nifaqın səbəbi, məhz Ermənistanın təcavüzkar siyasəti, Azərbaycan ərazilərini işğal altında saxlaması və bu ərazilərdə yaşayan yerli azərbaycanlıların etnik təmizlənməsi siyasətidir. Ermənistan hər hansı digər uydurma səbəb axtarmağa vaxt sərf etməməli və beynəlxalq ictimaiyyətin də tələblərinə uyğun olaraq münaqişənin həllində nəticəyə yönəlik addımlar atmalıdır".
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin BMT-nin baş katibi Antonio Quterreşə ünvanlanmış məktubunda da, digər məqamlarla yanaşı, əsas diqqət buna yönəlir ki, İrəvanın tezliklə münaqişənin həllində nəticəyə yönəlik addımlar atması vacibdir. Burada qeyd edilir ki, ötən il Ermənistanda hökumətin dəyişməsinə baxmayaraq, bu ölkə əvvəlki kimi regional və beynəlxalq sülhə, təhlükəsizliyə, sabitliyə ciddi təhdiddir və bu, Birləşmiş Millətlər Təşkilatı və bütövlükdə beynəlxalq birlik tərəfindən xüsusi diqqət və təxirəsalınmaz reaksiya tələb edir: "Ermənistan provokasiyalar törətməyə və münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu imitasiya etməyə vaxt sərf etməkdənsə, qeyri-sabit status-kvonu uzatmağa yönələn səmərəsiz cəhdlərini dayandırmalı və öz beynəlxalq öhdəliklərini vicdanla yerinə yetirməlidir". Beləliklə, Azərbaycan artıq İrəvanın nəticəsi olan addımlar atmasını istəyir. Bu olmayacağı təqdirdə Bakının güc yolu ilə istəyinə nail olacağı Ermənistana, onun hamilərinə, o cümlədən həmsədr ölkələrə də yaxşı məlumdur. Əslində, proseslərin məhz hərbi müstəvidə inkişafı heç də istisnalıq təşkil etmir. Çünki ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfəri zamanı erməni snayperi tərəfindən Azərbaycan ordusunun zabiti Aqil Omarovun qətlə yetirilməsi İrəvanın əvvəlki qaydada cəbhə bölgəsində vəziyyəti gərginləşdirmək məqsədi güddüyünü göstərir. İşğalçı ölkənin başlıca məqsədi, Serj Sarksiyan dönəmində olduğu kimi, danışıqlar prosesinə əngəl yaratmaq və 25 ildir davam edən bu münaqişədə mövcud status-kvonu qoruyub saxlamaqdan ibarətdir. Nikol Paşinyan iqtidarının bu addımları bir daha təsdiq edir ki, işğalçı ölkə münaqişənin dinc yolla həllində maraqlı deyil. Bu fonda o da aydındır ki, İrəvanın, o cümlədən Nikol Paşinyanın özünün sülh, atəşkəsə riayət olinması və digər bu kimi iddiaları yalnız beynəlxalq ictimaiyyəti aldatmağa hesablanıb. Amma bir məsələ də dəqiqdir ki, Nikol Paşinyan öz sələflərinin səhvlərini təkrarlamağa davam edəcəksə, bu onun hakimiyyəti üçün çox ciddi problemlərin yaranmasına səbəb olacaq. Ən azı o baxımdan ki, ortada Serj Sarksiyan iqtidarının yaşadığı nümunə var. Məhz Sarksiyanın danışıqlarda hansısa real addımlar atmaması sonda məlum aprel döyüşlərinin başlanmasına gətirib çıxardı. Elə bu da onun iqtidardan devrilməsində vacib rol oynadı. İndinin özündə isə Nikol Paşinyanın eyni səhvləri təkrar etməsi, cəbhə təxribatlarına getməsi sadəcə vəziyyəti gərginləşdirir, genişmiqyaslı savaşın başlanmasına münbit şərait yaradır. Amma burada İrəvan mütləq nəzərə almalıdır ki, işğalçılıq siyasətini davam etdirərək dinc sakinlırə, Azərbaycan hərbçilərinə qarşı törətdiyi cinayətlər cavabsız qalmayacaq və hər belə hala görə daha ağır adekvat cavab alacaq. Bunun üçün Azərbaycanın yetərincə hərbi qüvvəsi var. Faktdır ki, Azərbaycan ordusu həm peşəkarlıq, həm də maddi-texniki bazasının üstünlüyü baxımından bölgədə ən güclüdür. Ümumiyyətlə, Azərbaycanda gedən ordu quruculuğu tədbirləri bir daha təsdiqləyir ki, Ermənistanla müharibə başlayacağı təqdirdə, ölkəmizin qələbəsini şərtləndirən kifayət qədər mühüm amillər var. Azərbaycanın getdikcə qüdrətli dövlətə çevrilməsi ilə paralel silahlı qüvvələrin modernləşdirilməsi, ordunun müasir texnika və silahlara təchizi işi aparılır. Bu fakt isə birbaşa olaraq Azərbaycanın milli təhlükəsizliyi, regional risqləri və ilk növbədə Dağlıq Qarabağ münasişəsinin tənzimlənməməsi ilə əlaqədar olaraq atılan məcburi addımdır. Ordumuzun hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olduğunu isə yuxarıda barəsində bəhs edilən aprel döyüşlərində və Günnüt əməliyyatında qazanılan hərbi uğurlar da aydın şəkildə göstərdi. Bu mənada, indi ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlər dövlət müstəqilliyimizin qorunması ilə yanaşı, həm də işğal altındakı torpaqlarımızın azad edilməsinə xidmət edir.
Beynəlxalq ictimaiyyət və ilk növbədə həmsədr ölkələr də artıq bunu nəzərə almalı, Ermənistanın cəbhədə istənilən təxribatını birmənalı şəkildə pisləməlidir. Bölgədə savaşa qarşı olanlar, o cümlədən də ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakı və İrəvan arasında artıq substantiv danışıqların tezliklə başlanmasına nail olmalıdır. Azərbaycanın münaqişənin həlli üzrə substantiv danışıqların tərəfdarıdır. Amma Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və yürütdüyü destruktiv, təxribatçı siyasət münaqişənin həllinə, regionda sülhün, sabitliyin təmin olunmasına xələl gətirir. Bütün bunların qarşısı məhz substantiv danışıqların hesabına alına bilər. Qeyd edək ki, substantiv danışıq deyəndə Azərbaycan rəhbərliyi ərazilərimizin qeyd-şərtsiz boşaldılmasına yönəlik danışıqları nəzərdə tutur. Burada Azərbaycanın mövqeyi bəllidir və birmənalı xarakter daşıyır. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır. Xatırladaq ki, ATƏT Minsk Qrupunun həmsədrləri və BMT də dəfələrlə münaqişənin həlli üçün tərəfləri substantiv danışıqlara çağırıb. Amma Ermənistan rəhbərliyii hər dəfə bu mövqedən yayınmağa çalışıb. Çünki substantiv danışıqlar həmsədrlərin belə qeyri-məqbul hesab etdiyi status-kvonun dəyişdirilməsini, yəni işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılması da daxil olmaqla, kompleks tədbirləri ehtiva edir. İrəvanın belə mövqeyi danışıqlar prosesinə xələl gətirir. Halbuki, Ermənistan tərəfinin substantiv danışıqlarda konstruktiv iştirak etməsi münaqişənin həllinə və regionda davamlı sülhün təmin olunmasına xidmət edərdi. Bu mənada hesab edilir ki, indi bütün dünya tərəfindən qəbul olunmayan statis-kvo məhz Ermənistana qarşı ciddi təzyiq nəticəsində dəyişməli, sülh prosesinə və erməni işğalının nəticələrinin aradan qaldırılmasına yolu açmalıdır. Əks təqdirdə bunun alternativi Ermənistanı böyük fəlakətlərə sürüyəcək savaşdır.
Azərbaycan, yuxarıda qeyd olunduğu kimi, müharibə istəmir, əsas niyyəti də dinc yolla ərazilərimizin işğaldan azad olunmasıdır. Amma indiki halda Ermənistan sülhdən qaçır. Dağlıq Qarabağ münaqişəsində indiki status-kvonun dəyişməməsi isə müharibə ehtimalını günbəgün artırır. Münaqişənin indiki durumunu analiz edən müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən ayrı-ayrı ekspertlər Dağlıq Qarabağda müharibənin alovlanma ehtimalının yüksək olduğunu bildirir. Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların və ekspertlərin fikirləri ilk növbədə işğalçı tərəf, o cümlədən də ATƏT-in Minsk Qrupu üçün həyəcan siqnalı olmalıdır. Çünki ATƏT-in Minsk Qrupu, ən azından, təxribatların qarşısını ala bilər. Amma bu olmasa, savaş qaçılmazdır. Ermənistanın siyasi analitiklərindən biri, politoloq Ayk Martirosyan isə yeni savaşın ölkəsinin lehinə olmadığıın vurğulayır. Onun fikrincə, münaqişə zonasında Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar bu gedişlə istənilən an başlaya bilər: "Dağlıq Qarabağda müharibənin yenidən alovlanmayacağını düşünənlər, demək olar ki, yoxdur. Çünki indi hər şey müharibəyə aparır, Azərbaycan da müharibəyə əla hazırlaşır. İllərdir ki, bunu deyirəm. 3 il öncəki "dördgünlük müharibə" Azərbaycan üçün test oldu. Müəyyən mənada Azərbaycan bu testdən uğurla çıxdı, müəyyən mənada da problemlərini aşkarlaya bildi. Aprel döyüşlərindən sonra Azərbaycan hərb strategiyasını, texnikasını, yanaşma tərzini təkmilləşdirdi. Onlar savaşa hazırlaşırlar. Ermənistan rəhbərliyi də potensial hərbi əməliyyatlara, müharibəyə hazır olduğunu deyir, amma deyilənlərlə reallıq arasında çox böyük fərqlər var". Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş danışıqlar prosesində Ermənistanın tutduğu mövqe problemin sülh yolu ilə həllini praktiki olaraq mümkünsüz edib. Məhz bu vəziyyətdə beynəlxalq ictimaiyyət prosesə müdaxilə etməsə, savaş qaçılmaz sayılır. Bu zaman Azərbaycanın istəyinə güc yolu ilə asanlıqla nail olacağı heç kimdə şübhə yaratmır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.