Avropanın təbii qaz tələbinin ödənilməsində Azərbaycanın artan rolu Qərbdə ölkəmizə diqqəti daha da artırır. Belə görünür ki, Avropa qarşıdakı dövr ərzində enerji təhlükəsizliyinin önəmli bir hissəsini artıq Azərbaycanla bağlamaq qərarına gəlib. Bu hal “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması fonunda özünü daha qabarıq surətdə büruzə verir. ABŞ-ın dövlət katibi köməkçisinin birinci müavini Kent Loqsdon da vurğulayır ki, “Cənub Qaz Dəhlizi” layihəsi enerji təhlükəsizliyi və Balkan ölkələrinin enerji təminatı baxımından mühüm rol oynayır. O, layihənin icra vəziyyətini yüksək qiymətləndirib.
ABŞ rəsmisi bu günlərdə təməli qoyulan Bolqarıstan-Yunanıstan İnterkonnektorunu “Cənub Qaz Dəhlizi”ndə irəli doğru atıdan daha bir mühüm addım kimi qeyd edir. O, gələcəkdə dəhlizi qidalandıracaq əlavə mənbələr kimi işlənmədə olan yataqlar və onların ehtiyatlarının da mühüm əhəmiyyət kəsb etdyini vurğulayır. Proseslərin bu səpkidə inkişafından məmnunluq duyan əsas tərəflərdən biri isə ölkəmizin strtateji mütəffiqi sayılan qardaş Türkiyədir. Belə görünür ki, Azərbaycan sayəsində Türkiyə Avropa üçün daha mühüm enerji mərkəzlərindən birinə çevrilir. Bunu Avropa Komissiyasının “Türkiyə 2019” adlı hesabatında da aydın şəkildə sezmək olar. Hesabatda qeyd edilir ki, “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TANAP təbii qaz boru kəməri layihəsinin birinci fazasının yekunlaşması ilə Türkiyənin regional və Avropa İttifaqı hüdudlarında enerji təhlükəsizliyinin güclənməsindəki rolu artıb.
Bununla yanaşı, hesabatda TANAP-ın ilkin fazasının keçən ilin iyununda yekunlaşdığı qeyd edilir. Bildirilir ki, bu ilin iyununda TANAP-ın ikinci fazasının, yəni qazı TAP üzərindən Avropaya nəql edəcək mərhələnin tamamlanması planlaşdırılır. Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentini təşkil edən TANAP keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə, planlaşdırıldığı kimi, həmin il iyunun 30-da başlayıb. Türkiyə bu vaxtadək TANAP-la 1,9 milyard kubmetr Azərbaycan təbii qazı alıb. İyunun sonunadək bu həcm 2 milyard kubmetr, cari ilin axırına kimi isə 4 milyard kubmetrə çatacaq. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur. TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası üzrə tikinti işlərinin 99 faizi başa çatıb. Boru kəməri bu il “Transadriatik” (TAP) qaz boru kəmərinə birləşmək üçün hazır olacaq. Avropa Komissiyasının ortaq maraqlara xidmət edən 33 prioritet enerji təhlükəsizliyi layihəsi siyahısına daxil olunan TAP üzrə işlərin 87,5 faizi tamamlanıb. Bu boru kəməri “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Bütün bunlar üçün ilkin mənbə qismində Azərbaycan qazı çıxış edir. Qazın Avropaya daşındığı əsas tranzit məkanlardan biri isə məhz Türkiyədir. Yəni yaranmış şəraitdə Türkiyənin enerji mərkəzinə çevrilməsinə Azərbaycanın verdiyi töhfələr artır. Azərbaycandan və digər mənbələrdən daxil olan karbohidrogen məhsulları hesabına ölkə enerji mərkəzinə çevrilir. Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez isə qeyd edir ki, son illərdə daha çox Azərbaycandan Türkiyə istiqamətində enerji xətləri çəkilib. Nazir bildirib ki, TANAP boru kəməri Türkiyənin enerji mərkəzinə çevrilmə yolunda güclü və etibarlı addımlarla irəlilədiyinin bariz nümunəsidir: “Türkiyənin qaz alıcıları və satıcılarının qovuşduğu, qiymətin təyin edildiyi və bazar münasibətlərinin formalaşdığı enerji mərkəzinə çevrilməsi üçün işlər görülür. Bu çərçivədə istismara verilən TANAP boru kəməri güclü və etibarlı addımlarla irəlilədiyimizin bariz nümunəsidir. Təbii qazın satış bazarı olan və regional tələbatın ödənilməsinə də imkan verən infrastrukturla Türkiyə təbii qaz ticarətində söz sahibi ölkələrdən biri olacaq”. İndi Türkiyə üçün mühüm məsələlərdən biri də Azərbaycan üzərindən Türkmənistan qazının alınmasıdır. Enerji daşıyıcılarının dünya bazarlarına tədarükünün yeni marşrutları elə Türkmənistan üçün də prioritet məsələlərdən biridir. Aşqabad bu fonda Türkiyə, Avropa bazarlarına da mavi yanacaq nəqlini nəzərdən keçirir. Bu məqsədlə Avropa Komissiyası, Azərbaycan, Türkiyə və Gürcüstanla “Transxəzər” qaz kəmərinin tikintisi və türkmən qazının “Cənub Qaz Dəhlizi“ ilə Avropa ölkələrinə göndərilməsi üzrə danışıqlar aparılır. Hazırda “Transxəzər”in çəkilişi ilə qardaş Türkiyə, eləcə də Avropa Türkmənistanın "Cənub Qaz Dəhlizi" layihəsində əsas iştirakçılardan biri olmasını istəyir. Azərbaycan isə bu prosesə lazımi töhfəsini verməyə hazır olduğunu hər zaman ən yüksək səviyyədə bəyan edib.
Tahir TAĞIYEV