Azərbaycan Ordusunun mayorunun cəbhədə snayperlə qətlə yetirilməsi ilə bağlı məsələdən sonra Ermənistan təbliğat maşını çarəsiz durumdadır. Mayorun qətlinin həmsədrlərin Bakıya səfəri və Ermənistandakı qaynar ziddiyyətlərin hakim olduğu dönəmə təsadüf etməsi bir çox sualın ortaya çıxmasına əsas verdi.
Azərbaycan tərəfi doğru olaraq həmin hadisənin təxribat olduğunu təsbit etdi. Ancaq təxribatın Ermənistandan, yoxsa qondarma “DQR”dən edilməsi barədə araşdırmalara başlandı. İctimai rəydə bu sualın cavabı kimi çoxlu sayda rəy yazıldı. Ancaq maraqlıdır ki, erməni KİV-i Azərbaycanda gedən bu müzakirələrin guya əsassız olduğunu iddia etməyə başlayıb. Hətta deyirlər ki, bu, üçüncü qüvvənin işi ola bilər. Yəni, faktiki olaraq, ermənilər mayorumuzun onlar tərəfindən öldürüldüyünü rəsmən inkar edirlər. Bəs onda onların bu “təxribatda” ittiham etmək istədiyi üçüncü qüvvə kim ola bilər və ermənilər niyə bu versiyanı ortaya atırlar?
Azad İsazadə: “Bunun üçün çox uğursuz bir taktika seçiblər”
Hərbi ekspert Azad İsazadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, elə ermənilər bu ifadəni işlətməklə, əslində, bir həqiqəti ifadə etmiş olublar: “Tərəflərdən biri məlumdur. Bu, Azərbaycandır. Təbii ki, Azərbaycan öz mayorunu snayperlə vurmaqda maraqlı ola bilməz. Digər iki tərəf isə Ermənistanın daxilindədir. Onlardan biri Paşinyan, digəri isə Bako Saakyandır. Ermənilər fikri özlərindən yayındırmaq üçün bu versiyanı ortaya atıblar. Onlar istəyirlər ki, izi münaqişə tərəflərindən başqa istiqamətə azdırsınlar. Daha çox Rusiya amilinə işarə etmək istəyirlər. Amma Rusiya bunu etsə belə, yenə də Ermənistandakı münaqişə tərəflərinin əli ilə etmiş olacaq. Bu bəyanatı İrəvan verirsə, deməli, kodlu şifrə ilə çatdırmaq istəyir ki, mayoru Rusiyanın əmri ilə “DQR” öldürüb. İstənilən halda, bu atəş erməni snayperindən açılıb. Yadınızdadırsa, bir müddət əvvəl Paşinyan bəyan etdi ki, “Qarabağ klanı cəbhə bölgəsində təxribat törədilməsində maraqlıdır. Belə olduqda, Azərbaycan adekvat addım atmağa məcbur olacaq və torpaqlarını işğaldan azad edəcək. Bunu da mənim hakimiyyətimin üzərinə yıxmaq istəyirlər”. Bu bəyanatdan sonra Azərbaycan Silahlı Qüvvələrinin mayoru Aqil Omarov şəhid oldu. Təxribat kədərli olsa da, bu fakt onu göstərir ki, Ermənistandakılar hakimiyyətə nəzarəti itiriblər. Ermənistandakı hakimiyyət Qarabağı nəzarətdə saxlaya bilmir. Onların izi özlərində azdırmağa çalışmasının bir amili də snayperlə bağlıdır. Çünki Ermənistan daim tələb edib ki, təmas xəttindəki snayperlər uzağa çəkilsin. İndi isə məlum olur ki, onların öz snayperləri daha yaxın məsafədədir. Bununla da beynəlxalq aləm qarşısında özlərini biabır ediblər. Məqsədləri bəllidir. İstəyiblər ki, təxribt törətməklə sülh danışıqlarına mane olsunlar, ancaq bunun üçün çox uğursuz bir taktika seçiblər. İndi də snayper mövzusunu üzərlərindən başqasının boynuna atmağa çalışırlar”.
Məhəmmədəli QƏRİBLİ