Ermənistanın eks-prezidenti Robert Köçəryan həbsdən azad edildikdən sonra ölkədə iki klan arasında intriqa daha da kəskinləşməkdədir. Bu kontekstdə fəallığını artıran “Qarabağ klanı” bütün vasitələrdən istifadə edərək Paşinyan hakimiyyətini zəiflətməyə çalışır.
Mələm olduğu kimi, sözügedən klan əsasən Dağlıq Qarabağdakı qondarma separatçı qurumda böyük təsir imkanlarına malikdir. Zaman-zaman danışıqların müxtəlif mərhələsində cəbhə bölgəsində təxribat törədərək danışıqları pozublar.
O da məlumdur ki, iyunun 1-də işğal olunmuş Dağlıq Qarabağda Ermənistan ordusunun hərbçisi, 19 yaşlı Sipan Melkonyan öldürülüb. Proseslərin təhlili göstərir ki, erməni hərbçisinin öldürülməsi iki klan arasında intriqanın nəticəsidir. Belə ki, erməni hərbçisini öldürüb günahı Azərbaycan tərəfinin üstünə atmaq istəyirlər.
Məsələ ondadır ki, Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 30-da cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədiblər. Nəticədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin ölkəmizdə səfərdə olduğu bir vaxtda cəbhənin Ağdam rayonu istiqamətində ordumuzun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub. Həmsədrlərin Azərbaycanda səfərdə olduğu bir vaxtda ermənilərin belə bir təxribat törətməsi Ermənistan tərəfini danışıqlarda pis vəziyyətdə qoyub. Ona görə də əsaslı gümanlar var ki, 19 yaşlı erməni əsgərini məhz onlar özləri öldürüblər.
O baxımdan bütün bunları ekspertlər necə dəyərləndirirlər?
Vüqar Rəhimzadə: “Bu bir daha Ermənistanın necə terrorçu bir dövlət olduğunu açıq-aşkar ortaya qoyur”
Məsələyə münasibət bildirən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə sözügedən ehtimalları istisna etmədi. Onun fikrincə, Ermənistanda klanlararası hesablaşma kəskinləşdikcə, onlar müxtəlif təxribat vasitələrinə əl atırlar: “Bu baxımdan çox güman ki, erməni əsgəri klanlararası savaş nəticəsində qətlə yetirilib. Nəzərə almaq lazımdır ki, “Qarabağ klanı”nın işğal olunmuş Azərbaycan ərazilərində erməni ordusuna təsir vasitələri böyükdür. Ermənistanda bir ildir hakimiyyət dəyişsə də, Dağlıq Qarabağdakı separatçı qüvvələr Paşinyanla hesablaşmırlar. Bir məqamı nəzərə almaq lazımdır ki, Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistandakı klanlararası intriqalar açıq müstəviyə keçib. Ermənistanda, bir növ, hakimiyyətsizlikdir. Paşinyan bu günlərdə ictimaiyyəti məhkəmələrə qarşı çağırdı. Görünən odur ki, şəxsi və qrup maraqları hər şeydən önə keçib. Klanlararası mübarizə kəskinləşdiyi üçün, onlar bir-birinə qarşı müxtəlif təxribat vasitələrinə əl atırlar. O üzdən, istisna deyil ki, baş verən hadisə bilavasitə klanlararası çəkişmənin nəticəsidir. Bu bir daha Ermənistanın necə terrorçu bir dövlət olduğunu açıq-aşkar ortaya qoyur, ölkədə cinayətkar qrupların hakimiyyəti idarə etdiyini göstərir. Hakimiyyətdən gedən “Qarabağ klanı” daha böyük cinayətkar xislətə malik idi. Çünki terrorçuluqla ad çıxaran səhra komandirləri Qarabağ dalğasında hakimiyyətə gəldikləri üçün, onlara adam öldürmək adi bir şeydir. Ona görə də düşünürəm ki, baş verənlər klanlararası intriqanın nəticəsidir. Həmişə olduğu kimi, bu dəfə də Azərbaycanı günahkar çıxarmaq istəyirlər, amma bu baş tutmayacaq”.
Vidadi ORDAHALLI