Məlum olduğu kimi, Bakıda keçirilən Avropa Liqasının finalı çox uğurlu alındı. Baxmayaraq ki, Ermənistan mətbuatı və erməni diasporunun təsir dairəsində olan bəzi xarici mətbuat orqanları oyundan əvvəl olmazın böhtanlar yazdılar. "Arsenal"ın erməni yarımmüdafiəçisi Henrix Mxitaryan "təhlükəsizliyim təmin olunmayacaq" deyərək Bakıya, Avroliqanın final matçına qatılmaqdan boyun qaçırdı.
Halbuki, əvvəl Azərbaycanın hakimiyyət dairələri, sonra da UEFA onun təşvişinin tamamilə yersiz, əsassız və mənasız olduğunu bəyan etdilər. Erməni mətbuatı bunun ətrafında şou yaradaraq var gücü ilə Avroliqanın finalına kölgə salmağa çalışdı. Ancaq onların bu yöndə apardıqları çirkin kampaniya fiaskoya uğradı.
Bu ilin 30 iyun-10 iyul tarixlərində Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçiriləcək. Sözügedən tədbirdə dünya irsinin qorunması məsələləri müzakirə olunacaq. İndi də erməni mətbuatı sözügedən tədbirin Bakıda keçirilməsinə qarşı çirkin kampaniya aparmağa başlayıb. Azərbaycana böhtan ataraq iddia edirlər ki, guya UNESCO erməni mədəniyyəti irsini sistematik şəkildə məhv edən bir ölkədə belə bir tədbir keçirir və bu düzgün deyil. Bununla yanaşı, erməni mətbuatının uydurmasına görə, Azərbaycanda erməni abidələri məhv edilib. İddia edilir ki, sözügedən “məqamlar” nəzərə alınmadığına görə guya keçiriləcək tədbir uğursuz olacaq. Ona görə də UNESCO bunları nəzərə alıb tədbiri Bakıda keçirməməlidir.
Göründüyü kimi, indi də ermənilər UNESCO-nun Bakıda keçiriləcək sessiyasını qaralamağa çalışırlar. Şübhəsiz ki, onların bu cəhdi də uğursuz olacaq.
Maraqlıdır, bəs ekspertlərin sözügedən məsələ ilə bağlı fikirləri nədən ibarətdir?
Seyid Camal Əzimbəyli: “UNESCO-nun Bakıda keçiriləcək sessiyası ilə bağlı ermənilərin apardıqları antitəbliğat uğursuzluğa uğrayacaq”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, ermənilərin mədəni irs təəssübü çəkməyə heç bir haqqı yoxdur: “Ermənilərin bununla bağlı nə siyasi, nə də mənəvi haqları yoxdur. Ona görə ki, ermənilər qədər digər xalqların mədəni irsinə düşmən kəsilən, onlara aid olan mədəni irsi öz adına çıxarıb saxtalaşdıran millət yoxdur. Bununla bağlı kifayət qədər fakt var. Hansı erməni abidələrinin dağıdılmasından söhbət gedə bilər ki, belə bir abidə, demək olar, Azərbaycanda yoxdur. Alban abidələrini ermənilər zaman-zaman öz adlarına çıxmağa çalışırlar. UNESCO Azərbaycan hakimiyyətinin ölkədəki bütün mədəni irsə necə yüksək səviyyədə qayğı ilə yanaşdığını yaxşı bilir. Müxtəlif səmavi dinlərə aid dini komplekslər dövlət vəsaiti hesabına əsaslı təmir olunub. Bir sıra tarixi abidələrin bərpası və qorunması ilə bağlı sistemli işlər görülür. Yaxşı olardı ki, ermənilər digər xalqlara aid olan mədəni irsə qarşı törətdikləri vəhşiliklər barədə danışsınlar. İndiki Ermənistanda Azərbaycana aid olan mədəni irsi yox ediblər. Çoxsaylı abidə məhv edilib. Eyn zamanda, işğal etdikləri Dağlıq Qarabağ və ətraf rayonlarda Azərbaycana aid olan bütün mədəni irs nümunələri dağıdılıb. Elə abidələr var ki, onları saxtakarcasına erməninin adına yazırlar. Budur mövcud reallıq. Ona görə də hesab edirəm ki, UNESCO-nun Bakıda keçiriləcək sessiyası ilə bağlı ermənilərin apardıqları antitəbliğat uğursuzluğa uğrayacaq. Necə ki, Avroliqa ilə bağlı uğursuzluğa uğradılar. Bu dəfə də bənzər vəziyyətlə üzləşəcəklər”.
Vidadi ORDAHALLI