Bakıda Avroliqanın finalında “Arsenal”la “Çelsi”, Madriddə isə ötən gecə yenə də iki ingilis komandası Çempionlar Liqasının finalında görüşdülər. Bakı ilə müqayisə edəndə Madriddə bu gözəl futbol yarışmasının əslində futboldan başqa hər şeyə oxşadığına sadəcə heyrət edirsən və bir daha dönüb Bakıdakı futbol finalına nəzər yetirirsən. Belə müqayisə aparan tək biz deyilik.
Dünya, o cümlədən Avropa mediasına – qəzetlərə, saytlara, televiziya və radiolara, sosial şəbəkələrə baxanda Madriddə hansı dəhşətlərin yaşandığına bir daha əmin olursan. Bakıdakı finaldan qabaq Azərbaycana hansı böhtanların atıldığını hələ unutmamışıq. Bir qeyri-məhsuldar erməni futbolçunun xatirinə, guya Bakıda baş verəcək dəhşətli hadisələr barədə elə fantaziyalar uydurmuşdular ki, az qala Bakıda özümüz bundan xoflanaraq, "bəlkə həmin gün küçələrə heç çıxmayaq" kimi tərəddüdlərə düşənlər olmuşdu. Bakıda olacağı deyilən dəhşətli mənzərələr Avropanın öz mərkəzində -İspaniyanın Madrid şəhərində yaşandı. Döyülənlər, vurulanlar, tutulanlar, əzilənlər, dələduzların qurbanı olanlar, biletini oğurladanlar, lüt soyunub meydançaya atılanlar, polisi döyüb şil-küt edənlər... daha nələr nələr. Allah eləməsin bunların yüzdən biri Bakıdakı futbol finalında baş versəydi, indi ingilis mediası Azərbaycanı "yaş yuyub fransız şəritində quru asmışdı".
Bbc.com yazır ki, polis Madriddə çoxlu sayda saxta bilet satanları həbs edib.
Cnn.com yazır ki, Madriddə hotel və hostel qiymətləri o qədər baha olub ki, azarkeşlərin çoxu ətraflarda ev kirələyib və gecə futbola baxmağa gediblər.
Matchtv.ru-nun yazdıqları UEFA-nın özünün nə qədər rüsvayçı duruma düşdüyünü göstərir. Yazır ki, UEFA saxta biletlərdən o qədər narahat olub ki, saxta biletlə gələnləri oyuna buraxmayacağını deyib.
BBC.com etiraf edib ki, 4 ingilis fanatı polisi təhqir etdiyi üçün həbs edilib və buna görə də, çoxlu sayda ingilis azarkeş oyuna baxmadan geri qayıdıb. Hələ bunlar harasıdır...
Cnn.com minlərlə azarkeşin Madridə axışdığını, lakin onlar üçün bilet tapmağın dəhşətli dərəcədə çətin olduğunu açıq etiraf edib. Sayt yazır ki, finalda oynayacaq “Liverpul” və “Tottenhem”in hər biri üçün 17 min bilet ayrılıb, artıq biletlər “qara bazar”da fırladılır, qiymət də ki, 10 mindən 31 min dollaradək. Təsəvvür edirsinizmi, bir bilet 31 min dollara… CNN yenə davam edir ki, Madridə gəlib çıxmaq bir çoxları üçün 12 saata başa gəlir və 9 min dollaradək xərc aparır. Dəhşət deyilmi?
Standard.co.uk yazır ki, həbs olunan 4 azarkeş polis zorakılığından şikayət ediblər. BBC-nin xəbərinə görə, “Tottenhem”in 200 fanatının uçduğu təyyarə quşla toqquşaraq zədələndiyi üçün məcburi eniş edib və azarkeşlər oyuna çata bilməyiblər.
News.sportbox.ru-nun yazdığına görə, “Liverpul” biletlərin iki komandanın azarkeşləri arasında bölgüsündən narazılıq edib.
Segodnya.ua-nın məqalə başlığına baxın - Kiyevdən şikayətlənirdiniz, Madridə baxın - azarkeşlər nəqliyyat xərclərindən şoka düşüblər.
Ria.ru isə yazıb ki, turistlər Madriddə otellərə üçqat baha məbləğ ödəməyə məcbur olurlar.
İol.co.za saytı da oxşar mənzərələrdən bolluca yazıb - saxta biletlər, toqquşmada həbs olunanlar və sair.
Espn.co.uk saytı yazıb ki, azarkeşlər biletlərin bahalığından UEFA-ya şikayət ediblər.
Bir biabırçılığı isə okeanın o tərəfindən hətta washingtonpost.com da görüb - oyunun 18-ci dəqiqəsində bir lüt qızın meydançaya girməsi və oyunda fasilə yaratması...
İrismirror.ie saytı isə yazıb ki, ingilis azarkeş italiyalı turistə həqarət etdiyi üçün həbs edilib, polis 50 azarkeşə kobudluq etdiyi üçün qarşıdurma yaranıb.
Sosial şəbəkə istifadəçisi @.madcam-ın yazdığı - sevimli komandanıza azarkeşlik edə bilərsiniz, ancaq metronu belə zibil içində buraxmaq olmaz.
Footboom.com isə başlığı belə atıb - Madriddə Çempionlar Liqası - qiymətlər şoka salanda...
Sosial şəbəkə istifadəçisi @meninBlazers isə yazdıqları ilə sadəcə "gül vurub" - Bizi bağışla Bakı, sənə güldük. Sən burda gördüklərimizdən daha yaxşı imişsən.
İspaniyanın “Elmundo” qəzeti yazır - Madridin küçələri minlərlə biletsiz azarkeşlərlə doludur. Qeyri-etik hərəkətlər edən ingilis azarkeş 3 polisə xəsarət yetirib. “Liverpul”un sahibinin və əfsanələri Kenni Dalqlişlə İan Raşın tıxaca görə, öz maşınlarından düşərək meydançaya piyada getdiklərini isə irismirror.ie saytı yazıb.
Talksport.com bir fanatın başqa birinin biletini oğurlayarkən həbs edildiyini yazıb.
İndi müqayisə aparaq. Bakıda bu saysız növlərdən olan qayda pozuntusu və hətta cinayətlərin birinə rast gəldinizmi? Avropa bizə futbolu, biz onlara futbola baxmaq mədəniyyəti öyrədirik...
Tahir TAĞIYEV