Azərbaycan daha bir sınaqdan üzüağ çıxmaqla sübut etdi ki, gənc ölkə olmasına baxmayaraq, heç bir təzyiq qarşısında geri çəkilməmək kimi immuniteti artıq mənimsəmiş olub. Yəqin bildiniz ki, söhbət Bakıda keçirilən Avropa Liqasının final matçından gedir. Adəti üzrə belə tədbirlər ərəfəsində Azərbaycana qarşı xaricdən və daxildən qarayaxma kampaniyası artır.
Bu dəfə də belə oldu. Ən diqqətçəkən məqam odur ki, Azərbaycanın daxilindəki radikal qüvvələr həm final öncəsi, həm də finaldan sonrakı dönəmdə anti-Azərbaycan qüvvələri ilə həmrəylik nümayiş etdirdilər. Bu dəfə də göründü ki, illər uzunu müstəqil Azərbaycana qarşı hazırlanan planlarının icrası daim fiaskoya uğrayır. İstəklərinin əksinə olaraq, Azərbaycan daha qüdrətli dövlətə çevrilir, günü-gündən inkişaf edir, təkcə mövcud olduğu regionda yox, onun hüdudlarından kənarda da böyük nüfuz sahibi kimi çıxış edir. Azərbaycanın qazandığı uğurların miqyası artdıqca, anti-Azərbaycan şəbəkənin qəddi daha çox əyilir. Bundan narahat olanlar təkcə həmin şəbəkə yox, həm də müxtəlif maddi təkliflər və vədlər müqabilində Azərbaycanda "siyasi təşkilat", "hüquq müdafiəçisi" adı ilə fəaliyyət göstərib, əslində isə bu antimilli şəbəkənin xidmətində duranlardır. Bununla belə, məlum qüvvələr hələ də tarixin ibrət dərsindən nəticə çıxarmaq istəyində deyillər. Çox maraqlıdır ki, ölkəmizin daxilindəki radikal müxalifət finalla bağlı olan iki mərhələdə belə eyni mövqeni ortaya qoydu. Finaldan əvvəl yalnız hakimiyyət deyil, bütün dövlətimizin hədəfə alındığını görən həmin dairələr, dövləti maraqları qorumaq əvəzinə, əksər hallarda nahaqdan ünvanımıza hədyanlar yağdıranlarla həmrəy oldular, sosial şəbəkələrdə həmin dairələrə dəstək ifadə edən fikirlər paylaşdılar. Məsələn Mxitaryanla bağlı məsələdə erməni təbliğatı ilə ingilis klubu birləşib Azərbaycanı ermənifob bir ölkə kimi qələmə verməyə çalışırdı. Bundan əlavə, ölkəmizi stabil olmayan bir məkan kimi xarakterizə edirdilər. Hər halda, bunların belə omadığını səsləndirmək, dövlətə lazım olan məqamda dəstək vermək heç kimi müxalifət adından məhrum etməyəcəkdi. Əksinə, həmin qüvvələrə şərəf gətirərdi. Nəhayət final oyunu uğurla başa çatdı. Anti-Azərbaycan qüvvələrinin görmək istədiyi mənzərə baş tutmadı, oyun təhlükəsiz şəraitdə yekunlaşdı. Hər halda bu, Azərbaycan dövlətinin imicinə müsbət xal gətirən amil sayıla bilər. Yalnız hakimiyyətin deyil, bütün dövlətin! Yaxşı, götürək ki, ermənilər və onların havadarlarının görmək istədiyi hadisələr: terror, partlayış baş versəydi, məgər ondan yalnız Azərbaycan hakimiyyəti zərər çəkəcəkdi? Bəllidir ki, həmin əməllərin zərəri, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan ailəsinə dəyə bilərdi. Hər halda, bu cür nəticənin əldə olunması təqdir olunmalıydı. Çünki bu müsbət dividendi Azərbaycan hakimiyyəti yalnız öz adına deyil, həm də bütün dövlətin aktivinə yazmış oldu. Müxalifət də bu dövlətin bir komponentidirsə, niyə belə ümumilli məsələlərdə susur?
Məhəmmədəli QƏRİBLİ