“Belə bir təşkilat parçalanmağa məhkumdur”
“Amnesty International” təşkilatının idarə heyətinin 7 üzvündən 5-i təşkilatı tərk edəcək. Bununla bağlı yayılan məlumata görə, həmin şəxslər oktyabr ayınadək vəzifələrini tərk etməlidir. Qeyd olunur ki, bir müddət əvvəl “Amnesty International”da əmək şəraiti barədə məruzə hazırlanması qərara alınıb. Buna səbəb təşkilatın iki əməkdaşının intihar etməsi, bir çox işçilərin isə rəhbərliklə münasibətlərdən şikayəti olub. Məlum olub ki, ötən il təşkilatın Paris ofisində işləyən Qaetan Muto intihar edib və yazdığı məktubda bunun səbəbi kimi stres və həddən artıq yorğun olmasını göstərib. Bir neçə həftə sonra isə Cenevrə ofisinin əməkdaşı Rozalind MakQreqor intihar edib. Yaxınları qadının işlə əlaqədar psixoloji gərginliyə məruz qaldığını bildirib. Hesabatda o da qeyd olunub ki, işçilər menecerlərin dəfələrlə onları alçaltdığını bildirib. Təşkilat daxilində irqi və cinsi zəmində ayrıseçkiliyin də olduğu deyilib. Bütün bunlar onu göstərir ki, sözügedən təşkilatın apardığı ikili standart, qeyri-şəffaf siyasətə qarşı təşkilatın öz daxilində də etirazlar var. Yeri gəlmişkən onu da qeyd edək ki, bu təşkilat həmişə Azərbaycana qarşı qərəzli münasibətdə olub. Azərbaycana qarşı zaman-zaman əsassız iddialarla çıxış edib. Bütün bu deyilənlərin fonunda, “Amnesty International” təşkilatı daxilində baş verən parçalanmalar, intiharlar, istefalar nə ilə bağlıdır?
Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, bütün bunlar onu göstərir ki, təşkilatın fəaliyyəti heç də göründüyü kimi şəffaf deyil: “Ona görə də “Amnesty International” təşkilatı daxilində ziddiyətlər, parçalanmalar dərinləşir. Eyni zamanda, orada işləyənlər istefa verir. İnsan haqlarının müdafiəsindən danışan bu təşkilat öz işçilərinin belə, hüquqlarını qorumur. Orada işləyənləri faktiki olaraq istismar edir. Qanunlara saymazyana yanaşır. Sözügedən təşkilatda ard-arda yaşananlar, gedən proseslər deyilənlərə əyani sübutdur. Bütün bunlar onu göstərir ki, “Amnesty International”ın fəaliyyəti şəffaf deyil. Belə bir təşkilat parçalanmağa məhkumdur. Öz daxilində işçilərin hüquqlarına hörmət etməyən bir təşkilatın müxtəlif ölkələrdə insan haqlarının vəziyyəti barədə danışmağa mənəvi haqqı yoxdur. Başqa bir tərəfdən, “Amnesty International” təşkilatı hər zaman Azərbaycana münasibətdə qərəzli mövqedən çıxış edib. Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabatların hazırlanması zamanı obyektivlikdən uzaq mövqe sərgiləyib. Bu təşkilat, faktiki olaraq, xaricdəki müəyyən dairələrin sifarişlərini yerinə yetirir. Bir dəfə belə olmayıb ki, Azərbaycandakı prosesləri işıqlandırsın. Hər zaman qərəzli mövqe tutub”.
Vidadi ORDAHALLI