Məlum olduğu kimi, son vaxtlar Ermənistanda iki klan arasında qarşıdurma daha da dərinləşməyə başlayıb. Ölkədə sözügedən klanlar arasında nüfuz müharibəsi əsasən 90-cı illərdə genişlənib. Məsələ ondadır ki, Rusiyanın yardımı ilə Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal etməsi separatçı “Qarabağ klanı”nın daha da güclənməsinə gətirib çıxardı.
Qarabağ münaqişəsinin ən gərgin fazasında belə, oradakı separatçılar daha çox Rusiya ilə hesablaşırdılar, nəinki Ermənistanla. Dağlıq Qarabağ və digər ərazilərin işğal olunması sözügedən klanın 1998-ci ildə Levon Ter-Petrosyan hakimiyyətini devirməsinə gətirib çıxardı.
Bu klan məhz Qarabağ dalğasında Ermənistanda hakimiyyəti ələ keçirdi. Zaman-zaman Ermənistanda “Qarabağ klanı”na qarşı münasibət mənfi olub. Çünki bu klanın hakimiyyətdə olduğu 20 il ərzində Ermənistanda sosial-iqtisadi problemlər daha da pisləşib. Nəticədə 2018-ci ilin aprelində baş verən “məxməri inqilab”dan sonra “Qarabağ klanı” hakimiyyətdən getdi.
Yerli ermənistanlıları təmsil edən qüvvələrin hakimiyyətə gəlməsi iki tərəf arasında ziddiyyətlərin növbəti müstəviyə keçməsinə səbəb oldu. Görünən odur ki, hər keçən gün münasibətlər daha da gərginləşir. Köçəryan həbsdən çıxandan sonra “Qarabağ klanı” Paşinyan hakimiyyətini devirmək üçün səylərini artırıb.
Təbii ki, Ermənistanda klan savaşının dərinləşməsi Azərbaycanın mənafeyinə uyğundur. Maraqlı olan məqam odur ki, Azərbaycan Ermənistanda bu qarşıdurmanın dərinləşməsinə nə kimi təkan verə bilər? Çünki bu bizim üçün çox vacibdir. İşğal altında olan ərazilərin azad olunması baxımından bu bizə lazımdır. Ona görə də Azərbaycan təbliğat və digər nöqteyi-nəzərdən bu yöndə nə kimi işlər görə bilər?
Elçin Mirzəbəyli: “Artıq bu ölkədə Dağlıq Qarabağ mövzusu birləşdirici faktor rolunda deyil”
Məsələyə münasibət bildirən politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, bu məsələdə təbliğat nöqteyi-nəzərdən daha çox iş görmək lazımdır: “Əvvəla Azərbaycan, prinsipcə, nə etmək lazımdırsa, onu edir. Ermənistanda proseslərin daha ziddiyyətli hal alması gözləniləndir. Bu prosesdə Azərbaycanın da rolu var. Ölkəmizin işğalçı Ermənistanın təcrid edilməsi ilə bağlı yürütdüyü siyasət indiki şəraitdə özünün effektiv nəticəsini verib. Aprel döyüşlərində Ermənistanda hansı siyasi gərginliyin yaşandığını və nəticə etibarilə bunun hakimiyyət dəyişikliyinə gətirib çıxardığını gördük. Bu baxımdan, Ermənistana qarşı pressinqi daha da artırmaq lazımdır. Yəni təcridetmə siyasəti daha da güclənməlidir. Həmçinin, Ermənistanın ictimai rəyinə təsir vasitələri gücləndirilməlidir. Yaranan situasiyadan öz maraqlarımız üçün maksimal şəkildə istifadə etməyə çalışmalıyıq. Çünki artıq Ermənistanda Dağlıq Qarabağ mövzusu birləşdirici faktor deyil. Bu faktor ayrıcı faktor rolunda çıxış edir. Bu da bizim xeyrimizə olduğu üçün bundan fydalanmalıyıq. Bu gün Ermənistanda elə bir situasiya yaranıb ki, artıq “Qarabağ klanı” ilə Paşinyan tərəfdarları bir-birilə hərbi ritorika ilə danışırlar. Sabiq prezident Robert Köçəryanın son açıqlamalarında da bunu gördük. Artıq “Qarabağ klanı” ilə “İrəvan klanı” arasında münaqişə daha da dərinləşir. Bütün bunlar Ermənistanda vətəndaş qarşıdurmasını daha da dərinləşdirə bilər”.
Vidadi ORDAHALLI