Rusiya müdafiə nazirinin müşaviri ABŞ-ın dövlət siyasəti problemlərinin həllini hazırlayan “RAND Corporation” qeyri-kommersiya tədqiqat institutunun "rəqibin potensial çağırışları qarşısında" ayıq-sayıq olmağı Ermənistana tövsiyə edən məruzəsi ilə bağlı narahatlıqlarını bölüşüb.
Məsələni Rusiya mətbuatına şərh edən Andrey İlnitski ABŞ-ın Cənubi Qafqaz regionundakı labüd rolu barədə xəbərdarlıq edərək, Rusiya ilə birgə müqavimət üsullarından ətraflı söhbət açıb. ABŞ-ı “Qafqazda qaçılmaz olaraq rol oynayacaq oyunçu” adlandıran İlnitski deyib ki, ABŞ Rusiyanın Cənubi Qafqazda çox möhkəm mövqe tutduğunu etiraf edir, lakin cənubda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi fonunda ziddiyyətlər heç də oyuncaq deyil: “Deyirlər, Azərbaycan Qərbə doğru irəliləyəcək", - deyən İlyinski qeyd edib ki, bir çox hallarda bu təsadüfi deyil, çünki burada təkcə Ermənistan deyil, bütün region diqqət mərkəzindədir və istənilən halda, həm erməni, həm də azərbaycanlı dostlar sayıq olmalıdırlar: “ ...çünki düşmən heç vaxt yatmır”, - deyə o əlavə edib.
Qeyd edək ki, ABŞ-lı məruzə müəllifləri Rusiyanın, "BMT istisna olmaqla", bütün beynəlxalq təşkilatlardan xaric edilməsinə dair maksimum güclü səylərə" çağırıblar.
İlyinskinin açıqlamasında olduqca maraqlı məqam nəzərə çarpır. Rusiya rəsmisi qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsi hazırda geopolitik miqyas alıb və bu məsələnin nizama salınması üçün Azərbaycanın hərəkət trayektoriyası Qərbə doğru olacaq. Bununla Rusiya rəsmisi nəyə işarə etmək istəyib?
Elşən Həsənov: “Dolayısı ilə münaqişə tərəflərinə xəbərdarlıq edir ki, kənar qüvvələrin regiona nüfuz etməsinə şərait yaratmayacaq”
Təhlükəsizlik məslələri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanın mühüm geosiyasi və coğrafi mövqedə yerləşməsi bütün xətlərin ölkəmizdən keçməsinə səbəb olur: “Bunu ABŞ da dəyərləndirməyə başlayıb. Çünki ABŞ-ın İran, Əfqanıstan, Rusiya, Türkiyə ilə bağlı istiqamətləri Azərbaycandan keçir. ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində iqtisadi mənafelərini qorumağa çalışır. Çünki regiona hər hansı bir sərmayənin yatırılması üçün münaqişənin həlli vacibdir. ABŞ-ın və Qərbin böyük şirkətləri də bunda maraqlıdırlar. Bu onlara böyük iqtisadi dividendlər gətirə bilər. Geosiyasi, siyasi tərəfdən də münaqişənin həlli ABŞ üçün müsbət haldır. Çünki bununla ABŞ İrana daha da yaxınlaşmış olacaq. Bundan başqa, problemin həlli ilə ABŞ Rusiyanı sıradan çıxara bilər. Əgər əvvəllər münaqişənin həllində Rusiyanın açar rolunda olduğu bildirilirdisə, bu gün ABŞ burada da rolunu artırmağa çalışır. Kim münaqişənin həllinə nail ola bilsə, o əlbəttə ki, Azərbaycanın dostuna çevrilmiş olur və qarşısına qoyduğu məqsədlərə çatmaq imkanları genişlənir. Bu baxımdan da Rusiyanın hərbi qanadında təmsil olunan, yüksək post tutan şəxsin regionda ABŞ-Rusiya toqquşmasından danışarkən Azərbaycanın Qərbə səmt götürəcəyini deməsi, ardınca xəbərdarlıq notunda danışması təsadüfi deyil. Rusiya rəsmisinin bu aspektdə Qərb istiqamətini hallandırması ABŞ-la eyni mahiyyəti daşıyır. Yəni iki yön nəzərdə tutulur: ya Rusiya, ya da Avroatlantik məkana inteqrasiya. Rusiya buraları öz təsir dairəsi sayır. Buna görə də dolayısı ilə münaqişə tərəflərinə xəbərdarlıq edir ki, kənar qüvvələrin regiona nüfuz etməsinə şərait yaratmayacaq. Azərbaycan bunları dərk edir. Uzun müddətdir bizim xarici siyasətimizdə konkret yön yox, tarazlaşma nəzərə çarpır”.
Məhəmmədəli QƏRİBLİ