Avropa Liqasının finalı ətrafında ermənilərin yaratdıqları şou deyəsən özlərinə ziyan edəcək. Artıq məlum olub ki, Azərbaycanın və UEFA-nın təhlükəsizliklə bağlı ən yüksək səviyyədə təminat verməsinə rəğmən, erməni futbolçunun “Arsenal” üçün böyük önəm daşıyan matça gəlməkdən boyun qaçırması klubda ciddi narazılığa səbəb olub.
London təmsilçisinin rəhbərliyi Mxitaryanın təxribatçı davranışını müqavilə şərtlərinə əməl etməmək kimi qiymətləndirib. Klub yay fasiləsində onu “satacağını” açıqlayıb. Başqa sözlə, Mxitaryan özünün və ailəsinin qərarı ilə Bakıya gəlməkdən boyun qaçırdığı üçün “satışa çıxarılacaq”. Bundan başqa, yaxın günlərdə Mxitaryanın məsələsi ilə bağlı Londonda idman hüquqşünaslarının toplantısı planlaşdırılıb. İclasda Ermənistan yığmasının üzvünün müqaviləyə riayət etməməsi müzakirə olunacaq. Həmçinin, İngiltərə klublarına siyasi qalmaqallarda iştirak edən futbolçuların transfer edilməməsi tövsiyə olunacaq. Məhz qeyd edilənlər erməni lobbisinin və Ermənistanın Azərbaycana qarşı piarının iflasa uğradığını göstərir. Mxitaryanla bağlı məsələ hansı sonucla yekunlaşa bilər?
Ceyhun Məmmədov: “Ermənilərin fəxr etdikləri bu oyunçu siyasi şoularda rol almaqla öz futbol karyerasının üstündən birdəfəlik xətt çəkmiş oldu”
İdman şərhçisi Ceyhun Məmmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, “Arsenal” səhvini indi anlamağa başlayıb: “Artıq oyunun nəticəsindən sonra da gördülər ki, Mxitaryan klubun başını əməlli cəncələ salıb. Hətta tam olaraq sübut olundu ki, “Arsenal”ın böyük məğlubiyyətlə uduzması da sırf oyunqabağı siyasi qalmaqaldan qopan ağır psixoloji faktorla bağlı olub. İngilislər də dərk etdilər ki, Mxitaryanın yaratdığı şou heç də təhlükəsizliklə bağlı olmayıb.
Qeyd edək ki, Mxitaryan “Arsenal”ın Premyer Liqadakı oyunlarında müntəzəm çıxış etmir. Bununla da ona bəslənən ümidləri doğrultmayan futbolçu çox vaxt ehtiyatda saxlanır. Son matçlarda müşahidə edilən məqamlar da "Arsenal" rəhbərliyinin haqlı olduğunu düşünməyə əsas verir. Belə ki, futbolçu ona olan inamı doğrultmur. Məhz bu səbəbdən də bir çox matçı ehtiyat oyunçular skamyasında keçirir. Bu isə "Arsenal" rəhbərliyinin haqlı narahatlığına səbəb olub.
Bu yerdə bir xatırlatma etsək pis olmaz. “Henrix Mxitaryan Premyer Liqada çıxış etməyə başladığı 2016-cı ildən bəri ortaya yaxşı oyun qoya bilmir. Üç il əvvəl “Borussiya Dortmund”dan “Mançester Yunayted” klubuna transfer edilən erməni yarımmüdafiəçi burada ümidləri doğrultmadığından, ötən il “Arsenal”a “satılıb”.
Yəqin ki, yaranmış vəziyyət Mxitaryanın yalnız tarnsferlə canını qurtara bilməyəcəyini diqtə edir. Artıq hüquqşünaslar da Mxitaryanın qanunu pozduğuna əmindirlər. Təsadüfi deyil ki, onun məsələsi müzakirəyə çıxarılacaq. Proseslərin gedişi göstərir ki, bununla da Mxitaryan müqavilə şərtlərini pozduğuna görə külli miqdarda cərimə oluna bilər. Hesab edirəm ki, ermənilərin fəxr etdikləri bu oyunçu siyasi şoularda rol almaqla öz futbol karyerasının üstündən birdəfəlik xətt çəkmiş oldu”.
Məhəmmədəli QƏRİBLİ