Məlum olduğu kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərləri çərçivəsində Prezident İlham Əliyevlə görüşüblər. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra ATƏT Minsk Qrupu həmsədrlərinin birgə bəyanatı yayılıb. Bəyanatda həmsədrlərin regiona son səfərləri və keçirilən görüşlər qeyd olunub. Ən maraqlısı odur ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində konkret sonrakı addımlar haqqında təkliflərini təqdim ediblər: “İstəyə uyğun olaraq, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində konkret sonrakı addımlar, həmçinin, humanitar və təhlükəsizlik tədbirləri haqqında təkliflərini təqdim ediblər. Azərbaycan və Ermənistanın XİN rəhbərləri həmsədrlərin yaxın zamanda onların himayəsi altında görüşün keçirilməsi barədə təklifini qəbul ediblər və təfərrüatları müvafiq vaxtda açıqlayacaqlar”.
Onu da qeyd edək ki, son vaxtlar Qarabağ danışıqlarında müəyyən aktivlik elementləri nəzərə çarpır. Xatırlaaq ki, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların Kazan psinsipləri əsasında aparıldığını deyib. Onun fikrincə, özündə kompromis prinsipləri nəzərdə tutan Kazan prinsiplərinə görə, Ermənistan Azərbaycana işğal olunmuş 7 ətraf rayonu geri qaytarmalıdır. Ondan sonra digər məsələlər həll edilməlidir.
Digər tərəfdən, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da Ermənistanın yeni rəhbərliyinə məsələnin öyrənilməsi üçün vaxt verildiyini və hazırda o vaxtın bitdiyini deyib. Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan isə pozuculuq mövqeyindən çıxış edərək Məmmədyarovun səsləndirdiyi fikirlərə başqa don geydirməyə çalışıb. Onun fikrincə, guya bu cür ritorika "danışıq ritorikası" deyil və danışıq aparan tərəfə yaraşmır.
Bütün bu deyilənlərin fonunda, həmsədrlərin münaqişənin nizamlanması ilə bağlı konkret sonrakı addımlar haqqında təkliflərini ekspertlər necə dəyərləndirirlər?
Məhəmməd Əsədullazadə: “Buna baxmayaraq, bu format çərçivəsində danışıqlar aparılırsa, o zaman konkret təkliflər nəzərə alınmalıdır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, konkret təkliflər olsa da, ATƏT-in Minsk Qrupu ciddi rıçaqlara malik deyil: “ATƏT-in Minsk Qrupu Qarabağ konfliktinin həlli istiqamətində heç bir təzyiq rıçaqlarına malik olan institut deyil. Sadəcə olaraq təkliflər irəli sürə bilir və münaqişə tərəflərini bir masa arxasında əyləşdirir. Ona görə də Minsk Qrupunun həmsədrlərinin təklifləri məcburi deyil, tövsiyə xarakteri daşıyır. Buna baxmayaraq, bu format çərçivəsində danışıqlar aparılırsa, o zaman konkret təkliflər nəzərə alınmalıdır. Qeyd edim ki, danışıqlar yenilənmiş Madrid prinsipləri və BMT qətnamələri çərçivəsində aparılmalıdır. Həmsədrlərin bundan əlavə irəli sürdüyü konkret təkliflər təmas xəttində atəşkəsin monitorinqi üzrə müşahidə kameralarının qoyulmasıdır. Belə bir absurd təkliflə Azərbaycan razılaşa bilməz. Hesab edirəm ki, danışıqlara impuls vermək üçün həmsədr ölkələr təzyiq vasitəsinə əl atmalıdırlar. Belə olmasa, aparılan danışıqlar formatında heç bir real dəyişiklik gözlənilmir. Minsk Qrupu yalnız quru bəyanatlar verməklə manipulyasiya siyasəti aparır. Həmsədrlərin növbəti səfərində biz yenə bənzər bəyanatın şahidi olduq. İlk növbədə danışıqlar formatında Minsk Qrupu ləğv edilməlidir. Danışıqlar birbaşa Bakı və İrəvan arasında aparılmalıdır. Çünki Minsk formatında ölkələrin maraqları toqquşur. Nəticədə danışıqlar səmərəsiz olur. Məhz Qarabağ danışıqları da bu qəbildəndir. O baxımdan elə də müsbət irəliləyiş gözləmirəm”.
Vidadi ORDAHALLI