ATƏT-in Minsk Qrupu həmsədrlərinin İrəvandan sonra Bakıda olduğu gün erməni separatçılarının atəşkəsi pozaraq hərbçimizi şəhid etməsi təsadüfi hadisə sayıla bilməz. Xəbər verildiyi kimi, cəbhənin Ağdam rayonu istiqamətində düşmən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub. 1983-cü il təvəllüdlü Aqil Omarov mayor olub. O, Qax rayonunun Lələpaşa kəndinə yaşayıb.
Düşmən qüvvələrinin bu fəallığı Ermənistan hakimiyyəti ilə “Qarabağ klanı”, o cümlədən, Dağlıq Qarabağdakı rejimin “rəhbərliyi” arasında münasibətlərin xeyli gərgin olduğu vaxta təsadüf edir. Bu günlərdə Baş nazir Nikol Paşinyan bildirib ki, keçmiş rejim və onun Qarabağdakı adamları təmas xəttində vəziyyəti gərginləşdirməklə müharibə başlatmaq, “bəzi əraziləri” verməklə günahı hakimiyyətin üstünə atmaq kimi planlar qururlar.
Bu baxımdan təmas xəttinin Ağdam istiqamətində düşmən ordusunun fəallığının arxasında Paşinyanın özünün, yoxsa “Qarabağ klanı”nın dayandığı haqda suallar var. Hərçənd Paşinyan özü də üzləşdiyi siyasi təzyiqlər qarşısında təmas xəttində vəziyyəti gərginləşdirmək niyyətinə düşə bilərdi.
Hazırkı situasiyada atəşkəsi pozmaq əmrinin verilməsində İrəvan, yoxsa Qarabağ separatçıları maraqlı ola bilər?
Daşdəmir Əliyev: “Düşmən snayperinə atəş əmrini kimin verməsindən asılı olmayaraq...”
Hərbi ekspert Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, düşmən snayperinin açdığı atəşlə təmas xəttinin Ağdam istiqamətində Azərbaycan Ordusunun zabitinin şəhid olması ötən ilin oktyabrında münaqişə tərəflərinin liderləri arasında Düşənbədə əldə edilmiş razılaşmadan bəri baş vermiş ən ciddi insidentdir: “MDB sammiti zamanı Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilmiş qeyri-formal görüşdə əldə edilmiş razılaşmadan sonra təmas xəttində gərginlik xeyli azalmışdı. Hərçənd Ermənistan ordusu bu razılaşmanı daha əvvəl də pozub və nəticədə ordumuz şəhid verib. İndiki halda isə düşmən snayperi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona növbəti səfərləri çərçivəsində Bakıda görüşlər keçirdikləri saatlarda zabitimizi hədəf alıb. Ermənistandakı rejimin başını itirdiyini görürük. Onların daxilində vəziyyət xeyli gərgindir. Ancaq buna baxmayaraq, təmas xəttindəki vəziyyət vahid mərkəzdən idarə olunur. Düşünmürəm ki, burada kimsə özfəaliyyət edə bilsin. Məqsədləri də budur ki, bütün vasitələrlə sülh danışıqlarını əngəlləsinlər. Ermənistan tərəfində biz belə halları daim müşahidə etmişik. Dəmirçyan parlamentin sədri olan vaxtı da sülh danışıqlarında irəliləyiş müşahidə olunurdu. Nəticədə silahlı qrup girib parlamentdə Ermənistanın bütün rəhbərliyini güllələdi. İstənilən halda, düşmən snayperinə atəş əmrini kimin verməsindən asılı olmayaraq, hərbçimizin şəhid olmasına görə düşmən öz cəzasını artıqlaması ilə almalıdır. Belə vəziyyətdə təmkin göstərmək düşməni daha da azğınlaşdıra bilər.
Bundan əvvəl müdafiə naziri Zakir Həsənov təmas xəttinin elə həmin istiqamətində olarkən düşmənin hər hansı təxribatının qarşısının bütün silah sistemlərindən istifadə olunmaqla alınması barədə göstəriş vermişdi. Bu baxımdam, Azərbaycan Ordusunun şəhid zabitinin qanının yerdə qalmayacağına ümid etmək olar”.
Məhəmmədəli QƏRİBLİ