Azərbaycan və Polşa prezidentlərinin təkbətək və geniş tərkibli görüşündə böyük işbirliyinin konturları çəkildi
Mayın 31-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə Polşa Prezidenti Andjey Dudanın təkbətək görüşü olub.
Görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb. Polşa Prezidenti Andjey Dudanın Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərin genişlənməsinə töhfə verəcəyi bildirilib.
Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Andjey Dudanın iştirakı ilə Azərbaycan-Polşa sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Polşa Respublikasının bitki mühafizəsi və toxumçuluq üzrə Dövlət Müfəttişliyi arasında fitosanitariya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Polşa Respublikasının bitkilərin sağlamlığı və toxumçuluq üzrə təftiş müfəttişi Andjey Xodkovski imzalayıb.
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Polşa Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov və Polşa Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı naziri Kriştof Ardanovski imzalayıb.
“Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”i Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev və Polşa Respublikasının Daxili Təhlükəsizlik Agentliyinin sədr müavini Kriştof Vatslavek imzalayıb.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Respublikasının Prezidenti Andjey Duda mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev deyib:
-Mən Sizin ölkənizə öz rəsmi səfərimi xatırlayıram. İki il bundan əvvəl biz Sizinlə Polşada görüşmüşdük və o görüş zamanı ikitərəfli əlaqələrimizin gələcək inkişafı haqqında fikir mübadiləsi aparmışdıq. Hesab edirəm ki, iki il ərzində biz böyük yol keçmişik və müxtəlif sahələr üzrə uğurlu əməkdaşlıq formatı yaradılıb. Xüsusilə Polşa və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu çox önəmli sənəddir və bizim əlaqələrimizin mahiyyətini əks etdirir.
Hesab edirəm ki, biz iqtisadi sahədə daha da fəal işləməliyik. Çünki ticarət dövriyyəsi hələ ki, o qədər də böyük deyil, halbuki potensial var. Bu gün biz bu barədə də danışdıq və müəyyən etdik ki, növbəti mərhələdə biznes qurumlarının müntəzəm olaraq bir araya gəlməsi nəticəsində ticarət dövriyyəsi artmalıdır.
Bu gün, eyni zamanda, nəqliyyat sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ölkələrimiz üçün böyük önəm daşıyır.
Polşa Prezidenti Andjey Duda cavabında deyib:
- Siz iki il öncə ölkəmizə səfər etdiniz. Həmin vaxtdan etibarən bizim ikitərəfli münasibətlərimiz daha da inkişaf etdi və bu, əslində Sizinlə mənim aramda olan şəxsi münasibətlərin də başlanğıcı oldu… On il öncə - hətta həmin vaxtdan da uzun müddətdə Polşanın keçmiş Prezidenti Lex Kaçinski Sizinlə görüşdü. O vaxt o, Sizi özünün yaxın dostu adlandırdı. Həmin vaxtdan etibarən ikitərəfli münasibətlərimiz inanılmaz dərəcədə gücləndi, Polşa ilə Azərbaycan arasındakı münasibətlər daha güclü şəkildə inkişaf etdi.
Hesab edirəm ki, Sizin ölkənizdəki Ələt Beynəlxalq Dəniz Ticarət Limanında yaradılan azad sənaye zonasında Polşa şirkətlərinin də nümayəndəliyi olmalıdır. Sizin ölkəniz artıq bir qovşağa çevrilməkdədir və istərdik ki, Polşa şirkətləri buraya gəlməklə, fəaliyyət göstərməklə bizim mübadilələrimizə böyük töhfə versinlər. Biz Bakının yaxınlığında yerləşən Ələt Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından istifadə etmək istəyirik. Ümidvarıq ki, Polşa şirkətləri bu imkanlardan yararlanacaq.
Siz ərazi bütövlüyü məsələsinə toxundunuz və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinizi bildirdiniz. Bilirik ki, bu məsələ uzun illərdir həll olunmamış qalır. Hazırda biz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüyük. Biz bəyan etmək istəyirik ki, Azərbaycan bu münaqişənin beynəlxalq hüququn normaları əsasında həllində hər zaman bizim dəstəyimizə arxalana bilər. Biz bu problemin sülh yolu ilə həll olunmasında Sizə yardım edəcəyik.
Həmçinin biz istərdik ki, Avropa İttifaqı ilə Azərbaycan arasında çərçivə sazişinə dair aparılan danışıqlar da tezliklə başa çatdırılsın. Bu, həm Azərbaycan vətəndaşları, həm də Avropa İttifaqı vətəndaşları üçün imkanlar yaradacaq. İstərdik ki, Azərbaycan, həmçinin Dünya Ticarət Təşkilatına üzvlük baxımından da nəticələr əldə etsin.
Bakının mərkəzində Polşa memarlarının adını daşıyan küçəni açacağıq. Küçənin adı da çox böyük rəmzi məna daşıyır. Hesab edirəm ki, obrazlı desək, Polşa memarlarının xatirəsi bir daha əbədiləşdiriləcək.
Hörmətli cənab Prezident, demək istəyirəm ki, bu binaları seyr edərkən bizim qəlbimizdə nostalji fikirlər yaranır. Çünki İkinci Dünya müharibəsi zamanı alman faşistləri bizim şəhərlərimizin tarixi abidələrini dağıtmışdılar. Biz həmin mirası yenidən bərpa etməkdə müəyyən çətinliklərlə üzləşdik. Lakin Bakıda bu abidələr çox yüksək səviyyədə qorunub saxlanmışdır. Mən bunu bu gün böyük fərəh hissi ilə qeyd edirəm. Bu gün Bakıda – Azərbaycanın paytaxtında olarkən, qeyd edirəm ki, Sizin çox qiymətli tarixi mirasınız var. Bu mirasın yaradılmasında Polşa memarları da iştirak ediblər.
Mayın 31-də Bakıda Polşa memarlarının xatirəsinə həsr edilən lövhələrin açılış mərasimi də keçirilib. Paytaxtın Polşa memarları küçəsində keçirilən mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Andjey Duda iştirak edib.
Polşalı memarların adlarını əbədiləşdirmək məqsədilə Bakının tarixi məhəlləsində yerləşən küçələrdən birinə “Polşa memarları” adı verilib. Buradakı binaların birində polşalı memarlar - İosif Qoslavski, Kazimir Skureviç, İosif Ploşko və Yevgeni Skibinskinin adları həkk olunan xatirə lövhəsi və onların memarı olduqları bir neçə binanın daşdan yonulmuş şəkilləri vurulub. Xatirə lövhələrinin müəllifi Azərbaycanın Əməkdar memarı Elbay Qasımzadədir.
Mayın 31-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Polşa biznes forumu keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Andjey Duda biznes forumda iştirak edib və nitq söyləyiblər.
Biznes forum işini təqdimatlar və iş adamlarının ikitərəfli görüşləri ilə davam etdirib.