Yeni Bəyazid qəzasının Basarkeçər nahiyəsi bütünlüklə 36 müsəlman-türk kəndindən ibarət olmaqla Şahdağ silsiləsi ilə Göyçə gölü arasında yerləşir. Bu dağlığın qərb hissəsində, Göyçə gölündən 5 km aralı gündoğara sarı Dilican-Basarkeçər avtomobil yolu üzərində yerləşən Şişqaya kəndi Qoca dağın ətəklərindən 1 km aralıda, quzeydəki Maral və Qara dağları arasında hündürlüyü 15-20 metrə çatan sərt qayalığın adından ünvanlanıb, ərazidə “Kosa tülləyi” yüksəkliyi də ucalırdı.
Bu qayanın dibindən Sona bulağı (bulağı üzə çıxaran qızın adını daşıyır), Maral bulağı axırdı. Qoca dağla Savzılı dərənin (soğanaqlı göy otlar yığılan yer, ondan qutab bişirirdilər) arasında Buzbulaq qaynayırdı. Qonşu Gədəbəy rayonunun Qala kəndi ilə 30 km məsafəsi vardı Şişqaya kəndinin.
Göyçə gölünün ətrafında (qərb hissədə Çəmbərək nahiyəsi adlanıb, sonralar haylar oraya Krasnoselsk deyib, cənubdakı Kəvər nahiyəsi isə Martuni adlanıb) qədim oğuz-türk elatlarının qurduğu əski yurd-ocaq obaları əsrlər və minilliklər boyu yağı hay kilsəsinin və onun azğınlaşmış quldur dəstələrinin hədəfində olduğundan, 1905-1920-ci illərin qanlı-qadalı hadisələri bu yerlərdən faciəsiz ötüşməyib. Minlərlə günahsız dinc müsəlman-türk ailəsi A.Ozanyanın, Q.Njdenin, D.Kanayanın başıpozuq dəstələrinin törətdiyi qətliam-soyqırım qurbanlarına çevrilib, müqəddəs Şəhid qanları ulu Göyçə sularına qarışıb.
Bölgənin Hacı Qərib kəndi (30-40 ev vardı) mənfur düşmənin qanlı basqınlarından sonra yer üzündən tamam silindi, qiymətli tarixi-maddi nümunələr (qədim alban qəbirləri, yazılı daş lövhələri) və evlər qarət edildi, həyətlərə od vuruldu, əhalinin yarısı qətlə yetirildi, yarısı isə qonşu kəndlərə pənah apardı.
Basarkeçər nahiyəsinin kəndlərinə hücumlar əsasən hay quldurları yaşayan Tüstülü, Qırxbulaq, Zağa, Böyük Məzrə, Gödəkbulaq... kəndlərindən edilib. Əsas qərargah İrəvan şəhərində və Basarkeçər nahiyəsində yerləşdiyindən, o dəstələrə Silikov soyadlı rus başçılıq edirdi. 1918-ci ildə Şişqaya kəndində 300 ev olub, bu kənddən doğuya sarı, Gilli çayın sahilində Zod kəndi (200 ev) yerləşirdi ki, bu kəndə gəlib çatan Silikov burda öldürülmüşdü. 1919-cu ilin aprel ayında Şişqaya kəndinə edilən hücum nəticəsində kənddən 4-5 km cənubda, Göyçə gölünün sahilindəki Ağkilsə alban məbədi yandırılaraq dağıdılıb, əski işarəli-yazılı qəbir daşları düşmənlər tərəfindən aparılıb. Yerli müqavimət dəstələrini kəndin yüzbaşısı kor Tanrıverdi Tüstülü (1843-1928), kəndin axundu Molla İbrahim İbrahim oğlu (1852-1932) təşkil edib, bu dəstənin sıralarında Seyid Abuzər (1855-1924) kimi igidlər mərdliklə vuruşub, döyüşlər əsasən əlbəyaxa savaşlarla olub.
...Hay quldurları kəndin ortasında, “Orta yol” deyilən yerdə topu quraşdırmaq istədikdə Seyid Abuzər atın belində əlində qılınc onların üstünə necə sığıyıbsa, haylar topu qoyub qaçmağa məcbur olublar. Kənd camaatı uzun müddət o topa yaxın düşə bilməyib, çünki onunla davrana bilməyiblər... Amma haylar sonradan deyiblər ki, türklər kor-koranə, boş əllə bizə üstün gəldilər...
Hay kilsəsinin keşişləri kənd ağsaqqallarını aldadaraq, barışıq məqsədilə əhalini Əziz Didarlının evinə yığıblar, əsasən əli silah tutanları. Qapıda da iki silahlı hay qulduru keşik çəkirmiş. İçəridən sakinləri iki-iki aparıb kənarda qətlə yetirib qayıdırlarmış. Bu qanlı tələdən xəbər tutanlar hayların əlindən silahı ala bilsələr də, ətrafda pusqu quranların atəşindən canını qurtara bilməyib, nəticədə 60-a qədər çavanı yandıraraq məhv ediblər. O meyitlərin içərisində sağ qalan Kamal Nəzər oğlu (1865-1939) deyirmiş ki, haylar süngüləri ilə meyitlərə işgəncələr verirmiş, sağ qalan olmasın deyə. Onlar evləri qarət edib, mal-heyvanları sürüb aparıblar. Düşmən caynağından qurtulan Kamal 18-20 km aralıda olan (şimal-qərbə tərəf) Pəmbək kəndinə sığınıb, at arabası-furqonla yol alan əhali məcbur qalıb ki, dağlarda, meşələrdə yataqlansın.
Oxşar hadisə 1919-cu ildə də olub. Basarkeçər nahiyəsində hay keşişlərinin müsəlman-türk əhalisinə barışıq təklifinin sonluğu yenə də faciəvi, qanlı qurtarıb. Həmin “barışıqda” iştirak edən daşkəndli aşıq Nəcəf Allahverdi oğlu Bayramovun (1876-1919, Aşıq Ələsgərin (1821-1926) şəyirdi, el arasında Nəcəf Daşkəndli adlanıb) kürəyinə “Küllü təpə” deyilən yerdə samovar bağlayıb qaynadıblar və onu oxumağa məcbur ediblər... Aşıq Nəcəf Şəmistan, Şəmiddin, Mikayıl, Astan və Mikayıl adlı oğlanları ilə birlikdə yandırılaraq qətlə yetirilib.
Daşkənd kəndi Basarkeçər nahiyəsindən 7-8 km aralıda cənubda yerləşir. Bu qanlı olayların şahidləri sırasında Şişqaya kənd sakinlərindən aşıq Rəhim Cəfər oğlu (1858-1946), Teymur Hüseynalı oğlu (1865-1948), Savad Məhəmməd qızı (1895-1979)... olub və onların bu barədə söhbətləri həmişə eşidilib.
Yaşlı saknilərin dediyinə görə, 1905-1907-ci illərdə nahiyənin Şişqaya, Gödəkbulaq, Kərkibaşı, Qanlıkənd, Kiçik Məzrə, Böyük Məzrə, Zod (bu kənd Kəlbəcərin Yanşaq kəndi ilə qonşudur)... kəndlərinin əhalisi Kəlbəcər və Gədəbəy nahiyələrinin kəndlərinə (Zod aşırımından) üz tutduqlarından o dövrdə qırğınlardan qurtulmaq mümkün olsa da, 1918-1920-ci illərdə düşmən təcavüzü qansız-qadasız ötüşməyib.
Gödəkbulaq kəndinin adı 1976-cı ildə dəyişdirilərək ermənicə eyni mənanı verən “Qarcaxbur” adlandırılıb. 1918-ci ildə bu kənddə 150 ev olub. Keçən əsrin 30-40-cı illərində bu kənddə ermənilər kütləvi şəkildə məskunlaşdırılıb. Kəndin şərq hissəsində, 100 m aralıda qayalıq yer vardı, hamar daş parçasının üzərində hay dilində yazı cızılmışdı, həmin daş parçası dəmir çərçivəyə alınmışdı, üstünə gül dəstələri qoyulurdu tez-tez. Guya Osmanlı Türk Ordusunun əsgərləri burada 5 sulahlı quldur qardaşı qətlə yetirib və bu yer həmişə məktəblilər tərəfindən yad edilirdi.
Göyçə gölünün ətrafındakı Qanlı (100 ev) və Kərkibaşı (200 ev, bu kənd aşıq Alı Mirzə oğlunun (1801-1911) ustadı Ağ Aşıq Allahverdinin (1754-1860) doğma yurdudur) kəndlərində 1918-1920-ci illərdə dəşhətli qırğınlar baş verib, bu faciəvi hadisələr Göysu kəndinin, nahiyə mərkəzindən 4 km aralıda yerləşən Hüseynqulağı obasının sonu ilə nəticələnib.
Əsrin ilk onilliklərində hay silahlılarının xalqımıza qarşı törətdiyi vəhşiliyi unutmayan yerli sakinlər onları “can-fəda” (“can alan” mənasında) adlandırıb.
Osmanlı Türkiyəsinin IV Ordusunun Musa Qarabəkir paşanın başçılığı ilə Basarkeçər nahiyəsinə daxil olan bölmələri Şişqaya kəndində qərarlaşıb, bu kənddə düşərgə qurub. Ən ağır döyüşlər də məhz bu kənddə baş verib. ...
1976-1977-cı illərdə Basarkeçər rayon Partiya Komitəsinin I katibi Aşot Nurğanyanın gördüyü əsas işlər Şişqaya, Hacı Qərib, Kəsəmən kəndləri ətrafındakı Alban mədəniyyətinə aid tarixi-maddi nümunələri söküb-dağıdıb harayasa daşıtdırmaq olub. Daha sonra,1979-cu ildə Basarkeçər rayon xəstəxanasının “travmatologiya şöbəsi”nin müdiri Ağvan Nersesyan öz dindaşlarına söhbət edib ki, 1918-1920-ci illərdə öldürülən ermənilərin qisasını Böyük Məzrə, Kiçik Məzrə, Şişqaya, Zod, Kəsəmən...kəndlərinin əhalisi (xəstələnənləri) hesabına alıb, ən azı 80 müsəlman-türk öldürüb... O illərdə bu “cərrah daşnakın” 50 yaşı vardı.
Acı həqiqət olsa da, ibrət götürməyin vaxtıdır...
Qismət YUNUSOĞLU Bakı Dövlət Universitetinin müəllimi